Əsrin rekordu: Kainatın hüdudlarından daha böyük PDF fayl yaradıldı
9-04-2025, 17:44

Böyük Britaniyadan olan proqramçı tarixdə ən böyük PDF faylını yaradaraq yeni dünya rekordunu qırıb. Belə ki, faylın sahəsi 37 trilyon işıq ili kvadratdır ki, bu da Kainatın radiusundan (təxminən 46.5 milyard işıq ili) əhəmiyyətli dərəcədə böyükdür.
Bu barədə sibnet.ru məlumat verir.
Nəhəng PDF faylını yaratmaq ideyası britaniyalı tərtibatçıya "X" sosial şəbəkəsində paylaşılan postdan sonra gəlib. Bu postda iddia edilib ki, istənilən PDF faylının maksimum ölçüsü 381 kvadrat kilometrlə məhdudlaşır. Proqramçı bu yanlış fikri təkzib etmək və PDF formatının imkanlarının ümumi qəbul edilmiş təsəvvürlərdən çox daha geniş olduğunu sübut etmək qərarına gəlib.
Postda qeyd olunan en və ya hündürlük üzrə 15 milyon düym (381 kilometr - red.) məhdudiyyəti həqiqətən mövcuddur, lakin bu yalnız "Adobe" şirkətinin "Adobe Acrobat" proqramına aiddir. Lakin PDF faylları ilə işləmək üçün üçüncü tərəf proqramları belə məhdudiyyətlərə malik deyil və daha böyük ölçülü sənədlər yaratmağa imkan verir.
Rekord faylını yaratmaq üçün britaniyalı proqramçı heç bir məhdudiyyət olmadan PDF fayllarının səhifələrini miqyaslamağa imkan verən "Apple Preview" tətbiqindən istifadə edib. Bunun sayəsində o, faktiki olaraq bizə məlum olan Kainatın ölçülərini aşan PDF faylı yaratmağa nail olub.