Alimlərdən uşaqlarda rast gəlinən beyin şişi ilə bağlı mühüm kəşf

8-05-2025, 16:08           
Alimlərdən uşaqlarda rast gəlinən beyin şişi ilə bağlı mühüm kəşf
Heydelberqdə yerləşən Alman Xərçəng Araşdırmaları Mərkəzinin alimləri uşaqlarda ən təhlükəli beyin şişlərindən biri olan medulloblastomanın mənşəyini daha dərindən anlamağa imkan verən mühüm kəşfə imza atıblar.

Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər gənc pasiyentlərdən götürülmüş şiş nümunələrinin genetik analizini aparıblar. Hüceyrə səviyyəsində ardıcıllıq texnologiyasından istifadə edərək, medulloblastomanın inkişaf tarixçəsini yüksək dəqiqliklə bərpa ediblər.

Tədqiqatın əsas müəllifi Konstantin Okoneçnikovun sözlərinə görə, ən aqressiv şiş alt qrupları hələ döl dövründə – hamiləliyin ilk trimestri ilə uşağın birinci yaşı arasında formalaşmağa başlayır.

Şişin mənbəyi kimi beyincikdəki xüsusi neyronların ilkin hüceyrələri — unipolyar fırçavari hüceyrələr müəyyən olunub.

Alimlər qeyd ediblər ki, xərçəngin ilk mərhələsində təsadüfi xromosom dəyişiklikləri baş verir. Tanınmış MYC və MYCN onkogenləri isə yalnız daha gec mərhələlərdə meydana çıxır və şişin sürətli böyüməsinə və metastazına səbəb olur.

Bu kəşf medulloblastomanın erkən diaqnostikası və müalicəsi üçün yeni üsulların hazırlanmasına böyük töhfə verə bilər. Tədqiqatçılar bu işin bir çox uşağın həyatını xilas edəcəyinə ümid edirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru