Bu dəfə KİMLƏR ƏFVƏ DÜŞƏCƏK... - AKTUAL

Bu gün, 12:29           
Bu dəfə KİMLƏR ƏFVƏ DÜŞƏCƏK... - AKTUAL
28 May – Respublika Günü ərəfəsində növbəti əfv sərəncamının imzalanacağıyla bağlı gözləntilər var. Həm 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, həm də bir neçə aydır mütəmadi olaraq, Əfv Komissiyasının iclaslarının keçirilməsi bu gözləntilərə əsas yaradıb.

Əfv Komissiyasının üzvlərindən “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Bizimyol.info xəbər portalına bildirib ki, fevralın 12-dən bu yana komissiyanın 6 iclası keçirilib. Bu iclaslarda ümumilikdə 700-ə yaxın əfv ərizəsinə baxılıb. İclaslar və müzakirələr davam edir.

Əliməmməd Nuriyevin sözlərinə görə, indiyə qədər iclaslarda 18 saatdan artıq müzakirələr aparılıb: “Ərizələrin hər biri diqqətlə araşdırılır, həssas yanaşılır. Bu ərizələrin hər birinin arxasında insan taleyi dayanır”.

Lakin Əfv Komissiyasının üzvü baxılan ərizələrin nə qədər hissəsilə bağlı müsbət rəy verdiklərini açıqlamayıb. O bildirib ki, kimlərin əfv olunmasıyla bağlı müstəsna səlahiyyət Prezidentə məxsusdur. Bu səbəbdən Əfv Komissiyasının müsbət rəy verdiyi şəxslərin adları, sayı ilə bağlı əvvəldən açıqlama vermək doğru deyil: “Əfv Komissiyası ərizələri araşdırır, rəy verir, siyahını cənab Prezidentə göndərir. Yekun qərarı vermək Prezidentin müstəsna səlahiyyətindədir. Bu səbəbdən hazırlanan siyahıda da konfidensial olmalıdır. Elə adamlar ola bilər ki, siyahıya adı daxil edilər, amma əfv olunmaz və yaxud da əksinə”.

İmzalanan hər bir əfv sərəncamının cəmiyyətə müəyyən bir mesaj olduğunu vurğulayan Əliməmməd Nuriyev qeyd edib ki, müzakirələr zamanı vacib olan həm də əfv olunmaq üçün müraciət edən şəxsin islah olunmaq imkanıdır. O, cəmiyyət üçün təhlükə yaratmamalıdır. Çünki şəxsin cəmiyyət tərəfindən normal qarşılanması vacibdir.

Müzakirələrin nə vaxt yekunlaşacağı və növbəti əfv sərəncamının imzalanacağı tarixə gəlincə, Əliməmməd Nuriyev bildirib ki, bu məsələ də prezidentin səlahiyyətinə daxildir. Komissiya üzvü əlavə edib ki, “Konstitusiya və Suverenlik ili” olması nəzərə alınaraq, növbəti əfv sərəncamının 28 May – Respublika Günü ərəfəsində imzalanacağı ehtimalları səslənir: “Amma bunu heç kim dəqiq deyə bilməz. Çünki əfv sərəncamını nə vaxt imzalamaq da cənab prezidentin müstəsna sərəncamında olan məsələdir”.

1995-ci ildən indiyədək 70 dəfə əfv sərəncamı imzalanıb. Bunlardan 33-nü mərhum Prezident Heydər Əliyev, 37-ni isə hazırkı dövlət başçısı İlham Əliyev imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.