Kiçik bizneslər az büdcə ilə necə böyük görünə bilərlər?
Bu gün, 15:14

Böyük şirkətlər milyonlarla manatlıq reklam və PR kampaniyaları ilə gündəmdə qalırsa, kiçik bizneslər üçün bu qədər büdcə ayırmaq real deyil. Amma bu, onların kölgədə qalacağı anlamına gəlmir. Düzgün yanaşma, yaradıcı üsullar və az büdcə ilə effektiv PR strategiyası qurmaq mümkündür.
Bəs kiçik bizneslər az büdcə ilə necə PR apara bilərlər?
PR meneceri Aida Ramiz Valyuta.az-a açıqlamasında bildirir ki, PR-da əsas problem pulla bağlı deyil, sahibkarların PR və marketinq anlayışını qarışdırmasıdır: “Azərbaycan bazarında hər gün yeni sahibkarlar ortaya çıxır. Bir kafe açılır, bir gözəllik salonu və ya bir atelye fəaliyyətə başlayır. Amma onların çoxu ilk gündən eyni dilemmanın içində qalır: “PR üçün büdcəm yoxdur, bəs necə edim?” Burada məsələ pulla bağlı deyil, əsas problem sahibkarların PR və marketinq anlayışını qarışdırmasındadır. Çox vaxt əllərindəki az vəsaiti kortəbii şəkildə, düzgün olmayan istiqamətlərə xərcləyirlər. Sahibkar düşünür ki, elə həmin dəqiqə satış baş verməlidir. Halbuki PR qısa yolda satış düyməsi deyil, etimad, reputasiya və insanlarda doğmalıq yaratmaq prosesidir”.
“Kiçik bizneslər üçün az büdcə böyük risk demək deyil, əksinə, yaradıcı olmaq üçün fürsətdir. Dünyada bunun çoxlu nümunələri var. Kopenhagenin kiçik bir kofeşopu yalnız müştərinin yazdığı əl notlarını sosial şəbəkədə paylaşaraq tanınmağa başladı. Heç bir reklam xərci yox, amma PR güclü: çünki insanlar sadəcə hekayəyə qoşuldu. Azərbaycan bazarında da buna oxşar təcrübələr var. Bir vaxtların məşhur dönəri- “Avtoş dönəri”. Sadəcə taksi sürücüləri tərəfindən tanıdılmışdı. Hekayə sadədir, amma doğmadır. PR məhz buradan başlayır. Təəssüf ki, kiçik bizneslərin çoxu eyni səhvləri təkrar edir. Hər paylaşımı yalnız satış yönümlü edirlər. Az büdcəni yalnız sosial media reklamlarına xərcləyirlər, halbuki bu, davamlı nəticə gətirmir. Media ilə əməkdaşlıqdan qaçırlar, halbuki kiçik bir müsahibə bəzən illərlə edilən sosial şəbəkə paylaşımından daha çox təsir yaradır. Müştəri ilə ünsiyyət qurmağı ikinci plana atırlar, amma əslində PR müştərinin mesajına cavab verməkdən, onun hekayəsini paylaşmaqdan başlayır”- deyə A.Ramiz vurğulayır.
“Böyük şirkətlər milyonlarla büdcə ilə reklam kampaniyaları hazırlayır. Kiçik biznes isə yalnız öz hekayəsi ilə seçilə bilər. “Mən bu işə ata evinin həyətində başladım” deyən sahibkarın hekayəsi insanların yadında qalır. Dünyada tanınan “Ben & Jerry’s” dondurma brendi də iki dostun qarajda başlatdığı sadə hekayədən doğub. Bu gün milyonlarla insan həmin sadəliyi hələ də brendin əsas dəyəri kimi görür”.
PR meneceri bildirir ki, kiçik bloggerlərlə barter, yerli media ilə əməkdaşlıq etmək bunlardan sadəcə bir neçəsidir. Bəzən rayon qəzetində çıxan bir yazı brendi ölkə səviyyəsində tanıda bilir. Ən güclü PR aləti isə hələ də müştərinin öz hekayəsidir. Dünya bazarında bu yanaşma “story-driven marketing” adlanır. Yəni məhsul yox, hekayə satılır. İnsanlar böyük korporasiyaların bahalı reklamından daha çox kiçik sahibkarın səmimi hekayəsinə inanırlar. ABŞ-da bir kənd təsərrüfatı fermeri yalnız TikTok-da çəkdiyi 15 saniyəlik videolarla brendə çevrildi. Çünki o, “mənim gündəlik həyatım” hekayəsini danışırdı”.
“Nəticə budur ki, kiçik biznes üçün PR böyük büdcə tələb etmir. Əsas şərt doğru hekayə, düzgün istiqamət və davamlılıqdır. Sahibkar anlamalıdır ki, PR sabah satış gətirmək üçün deyil, uzunmüddətli etimad və imic yaratmaq üçündür. Əgər bu yanaşma qəbul edilərsə, az büdcə ilə də böyük uğurlar qazanmaq mümkündür”- deyə A.Ramiz qeyd edir.