Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
Bu gün, 10:47

Qış yaxınlaşır, amma təhsildə problemlər elə isti-isti qarşılayır ki, istiliyin olmaması belə unudulur. Kənd məktəblərində işıq yoxdur, istilik yoxdur, yollar palçıq içindədir. Siniflər birləşdirilir, azsaylı şagirdi olan məktəblər bağlanır. Uşaq dərsə getmək üçün kilometrlərlə yol qət edir. Amma şəhərdə avtobuslar işə düşür, paytaxtda görüntü naminə “müasir” layihələr təqdim olunur.
Bu nədir? Təhsil siyasətində açıq-aşkar ayrı-seçkilik! Bir tərəfdə uşaqlar palçıq içində dərsə gedir, kitab dəftərini qorumaq üçün sellofan torbalara bükür, digər tərəfdə isə rəqəmsal jurnal şousu, gözəgörünən vitrin tədbirləri…
Emin Əmrullayev və komandasının siyasəti sanki yalnız Bakı üçün qurulub. Guya təhsildə İKT inqilabı edirlər, amma kənd müəllimi internet tapa bilmir, şagirdin evində planşet yox, telefon yox, bəzən hətta elektrik də yoxdur. Bu necə “bərabər imkanlı təhsil”dir?!
Ən pisi isə, kənd məktəblərinin bağlanmasıdır. Məktəb bağlananda kəndin nəfəsi kəsilir. Amma rəsmi şəxslər üçün vacib deyil — onların uşaqları isti kabinetlərdə, müasir texnologiyalar içində oxuyur. Başqalarının övladları isə palçıqda, qar-qışda dərsə getməyə məhkumdur.
Əslində, təhsil siyasəti bir güzgüdür. Bu gün göstərilən mənzərə isə “altı bəzək, üstü təzək”dən başqa bir şey deyil. Təhsili yalnız reklam çarxlarında göstərmək, sosial şəbəkədə gözəgörünən paylaşımlar etmək – problemləri ört-basdır etmək deməkdir.
Cənab Əmrullayev, Bakı sizin üçün bəsdir, amma Azərbaycan yalnız Bakı deyil! Təhsil regionda nəfəs almadıqca, paytaxtda süni parıltı yaratmaq millətin gələcəyini xilas etməyəcək.