Gömrük rüsumları innovasiyanı boğur: Azərbaycan bu indeks üzrə 6 pillə geriləyib
Bu gün, 09:14

Azərbaycan Qlobal İnnovasiya İndeksində 139 ölkə arasında xeyli aşağılarda, 94-cü yerdədir. Reytinqdə potensial imkanı aşağı olan, dünyada tanınmayan ölkələrlə bir sıradadır.
Əslində bu il 1 pillə irəliləsək də, oturuşduğumuz yer təəssüfləndiricidir..
Bu hesabat 80 indeks üzrə hazırlanıb. İnnovasiya ilə əlaqəli müxtəlif səhələrdəki vəziyyəti əks etdirir.
Yəni adında İNNOVASİYA olsa da, əslində, Azərbaycanla bağlı götürsək, bu hesabatda qeyd olunanlara cavabdeh qurumlar yalnız RİNN və İRİA deyil, həm də İN, Mədəniyyət Nazirliyi, ETN, KOBİA, DGK, Əqli Mülkiyyət Agentliyi, AZCON, müxtəlif dövlət şirkətləri və s. qurumlardır.
Məsələn, bu İndeksdə istifadə edilən göstəricilərdən biri də “Market sophistication” (Bazarın vəziyyəti ) blokunda olan “Applied tariff rate, weighted avg %” indeksi – yəni idxal mallarına tətbiq olunan gömrük rüsumlarının orta dərəcəsidir.
Yəni sektor İNNOVASİYA olsa da, bu indeksə cavabdeh qurum Dövlət Gömrük Komitəsidir.
Bu indeks ölkənin bazar açıqlığını və innovasiyaların, yeni texnologiyaların ölkəyə gətirilməsinin nə qədər asan olduğunu göstərən bir parametdir.
Yeri gəlmişkən, Beynəlxalq Reytinqlər Komissiyasının toplantılarında iştirak edən DGK rəsmisi də adətən bu sahədə vəziyyətin yaxşı olmasını həmişə vurğulayırdı.
Amma bu il dərc olunan hesabat Azərbaycanda bu sahədə vəziyyətin pis olduğunu, 139 ölkə arasında 103-cü yerdə olduğunu göstərib. Ötən illə müqayisədə isə 6 pillə geriləyib.
Bu il Azərbaycanda bu göstərici 5.8 % təşkil edir və bunun da nəticəsində biz dünyada 103-cü yerdəyik. Bunun sadə dildə izahı odur ki, bizim bazar yeni texnologiyalar üçün münbit deyil.
Düşünüərm ki, hesabat reallığı əks etdirir.
Bir xeyli bundan öncə mən adi bir nümunə ilə bunu diqqətə çatdrımışdım.
Paradoks ondadır ki, məsələn, Azərbaycan gömrüyü köhnəlmiş HDD diskləri üçün 5 %, daha müasir olan SSD diskləri üçün 15 % gömrük rüsumu alır.
Yəni dövlət siyasəti köhnə texnologiyanı ucuzlaşdırır, yeni texnologiyanı isə bahalaşdırır. Bu, isə dolayısıyla innovasiya mühitinin inkişafını ləngidir.
Dünyada isə tam əksinədir: inkişaf etmiş ölkələrdə müasir texnologiyaların idxalına hədsiz aşağı rüsumlar tətbiq olunur ki, şirkətlər və istehlakçılar rahat əldə etsin, innovasiya sürətlə yayılsın.
Bizdə isə nəticə göz qabağındadır: istehlakçı baha ödəyir, startaplar, biznes müasir avadanlıq gətirməkdə çətinlik çəkirlər, ölkənin innovasiya ekosistemi isə geriyə düşür.
Çıxış yolu aydındır: gömrük siyasəti innovasiyanı dəstəkləməli, müasir texnologiyalara “yaşıl dəhliz” açmalı, köhnəni isə tədricən bazardan çıxarmalıdır.
Əks halda biz rəqəmlərdə də, real həyatda da innovasiyanın son sıralarında qalacağıq.
Osman Gunduz
TEREF
