Bill Qeyts açıqladı: Süni intellekt heç vaxt bu peşəni əvəz edə bilməyəcək
Bu gün, 17:54

Süni intellekt sürətlə müxtəlif sahələri dəyişdirir və bu, bir çox insanda narahatlıq yaradır. "Microsoft" şirkətinin qurucusu Bill Qeytsin fikrincə, yüz il sonra belə bir peşə olacaq ki, onu heç bir texnologiya tamamilə əvəz edə bilməyəcək - proqramlaşdırma.
Qeyts etiraf edir ki, süni intellektin artan gücü həm heyrətləndirir, həm də qorxu yaradır.
"Mən də qorxuram", deyə o, dünyanın bir çox mütəxəssisinin hisslərini bölüşüb.
Ümumdünya İqtisadi Forumu proqnozlaşdırır ki, 2030-cu ilə qədər avtomatlaşdırma 85 milyon iş yerinin yoxa çıxmasına səbəb ola bilər. Eyni zamanda, 97 milyon yeni vakansiyanın yaranacağı da gözlənilir. Bu dəyişikliklərin hamı üçün faydalı olması isə düzgün idarəetmədən asılıdır.
Qeytsə görə, süni intellekt sadə kod yaza və ya səhvləri düzəldə bilər. Amma proqramlaşdırma sadəcə əmrlər toplamaq deyil, mürəkkəb problemləri həll etmək, yaradıcı qərarlar vermək və tamamilə yeni bir şey ortaya qoymaqdır. Bu isə intuisiya, məntiq və təxəyyül tələb edir.
Proqramçılar çox vaxt “ilham anları”nı təsvir edir – qəfil ortaya çıxan həllər və ya kreativ yanaşmalar ki, bunu yalnız insan beyninin dərin təfəkkürü təmin edə bilər. Geyts bildirir ki, məhz bu qabiliyyət proqramçıları əvəzolunmaz edir.
O qeyd edir ki, biotexnologiya və enerji də insan qərarverməsini tələb edən mürəkkəb sahələrdir. Bununla belə, idarəçilik, administrasiya və qrafik dizaynın bəzi istiqamətləri artıq süni intellekt vasitəsilə icra olunur.
Bu, mütləq kütləvi işsizlik demək deyil, amma ciddi dəyişikliklərin xəbərçisidir. Gələcəyin iş dünyası süni intellektə qarşı çıxmaqla deyil, onunla uyğunlaşmaqla formalaşacaq – yeni alətləri öyrənmək, bilikləri daim artırmaq və iş bölgüsünü yenidən düşünmək vacib olacaq.
Araşdırmalar göstərir ki, tənqidi düşüncə, mürəkkəb qərarvermə və emosional zəka tələb edən peşələr avtomatizasiyadan ən çox qorunan sahələrdir. Süni intellekt rutin işləri sürətləndirə bilər, amma yaradıcı təfəkkür və strateji yanaşma hələ də insanın əlindədir.