“Qurdlar” toponimi haqqında
12-02-2017, 09:41
Cənubi Qafqaz ölkələri öz müstəqlliklərini qazandıqdan sonra onların tarixlərinə yeni baxış artıq zərurətə çevrilmişdir. Bölgədə 1801-ci ildən XX yüzilliyin sonlarına qədər sürən Rusiya ağalığı nəinki onun etnik mənzərəsəini dəyişmiş,eyni zamanda toponimikasına da ciddi təsir göstərmişdir. Rusiyanın bu bölgəni Türk sülalələri (Qacarlar və Osmanlı) tərəfindən idarə olunan dövlətlərin əlindən almasını nəzərə alsaq, o zaman təkcə türk etnosuna deyil,həm də türkcə olan yer adlarına qarşı Rusiya hakim dairələri tərəfindən daha çox basqılarının olması aydın olur.
İstər çar Rusiyası,istərsə də sovet hakimiyyəti illərində Cənubi Qafqazda toponimikası ən çox dəyişkənliyə məruz qalan bölgələr azərbaycanlıların yaşadıqları kənd və şəhərlər olmuşdur. Bölgədəki yer adları müxtəlif formalarda deformasiyalara məruz qalmışdır :
1.Yer adının birbaşa Azərbaycan dilindən tərcümə edilərək dəyişdirilməsi
2. Adı dəyişdirilən yaşayış məntəqəsinə yaxın olan,Azərbaycan dilində olmayan yer adının verilməsi
3.Daha geniş əraziləri əhatə etmiş coğrafi məkanın nisbətən kiçik yaşayış məskəninə verilməsi
Bütün bunlardan əlavə Azərbaycan dilində olan toponimikanın süni şəkildə “yadlaşdırılması” diqqəti xüsusilə çəkir.
Belə yer adlarımızdan biri də indi Marneuli bələdiyyəsi tərkibindəki “Qurdlar” kəndidir. 2002-ci il siyahıya alınmasına görə 1711 nəfər əhalisi olan kəndin etnik tərkibi 100 % azərbaycanlılardan ibarətdir. Mənbələrdə kəndin adı Qurtlar kimi yazılsa da, indiki gürcü dilində bu yer adı ქურთლარი yumşaq “k” və “t” hərfləri şəklində yazıldığından bu ad təhrifə uyaraq “Kürtlər” kimi işlədilir. Cənubi Qafqazın işğalından sonra tarixi Borçalı mahalının tarixi coğrafiyası ilə bağlı ən mühüm mənbələrdən olan A.D. Eritsovun “Tiflis quberniyasının Borçalı qəzasının dövlət kəndlilərinin iqtisadi durumu” adlı əsərində bölgənin etnik mənzərəsini əks etdirən cədvəllərin heç birində kürd etnosunun burada yaşaması haqqında məlumat verilmir (bax : Материалы для изученiя эконамического быта государственных крестьян Закавказскаго края. Санкт Петербург, 1887. Том VII (Экономическiй бытъ государственных крестьян Борчалинского уезда, Тифлисской губернiи. стр.367 – 535)).
Qurtlar toponiminə oxşar olan Qurd - Qala adında yaşayış məskənlərinin adlarına Dağ Borçalısı – Taşır ərazisində rast gəlinir.
Qurdlar kəndinin adı XIX yüzilliyin əvvəllərindən başlayaraq Qafqaz Arxeologiya Komitəsinin Aktlarında daha tez-tez çəkilməyə başlayır. Məsələn, 1802-ci ildə Baydar, Qurdlar və Bəylərdən bir yerdə 400 pud buğda,200 pud arpa sursat alındığı qeyd olunur ( bax: AKAK II 1868, s.1052). Habelə, Qurdların adı Baydar,Bəylər, Nəcbədinli (Lejbəddin) və Dəmirçi Həsənli kəndləri ilə yanaşı çəkilir. ( bax : AKAK I Tiflis 1866, s.464)
Əslində “Qurdlar” toponimi qədim türklərin totemi sayılan Qurdla bağlıdır. Türk xalqlarındakı adlar, yer adları və ya qonşularının onları qurd adı ilə tanımaları da qurdun türklərdə sitayiş obyekti olmasını söyləməyə imkan verir. İran şairi Firdovsi türklərin yurdunu «Köşvər-e Qorqsər», yəni «qurd başlılar ölkəsi» adlandırır [ bax : Короглы Х.Г. Огузский героический эпос. Москва, 1976]. Türklər üzərinə hərbi yürüş hazırlayan Çin sərkərdəsi öz səfərini belə açıqlayır: «qurdlara hücum çəkib, köçəriləri qovmaq» [bax : Бичурин Н.Я. (Иакинф). Собрание сведений о народах, обитавших в Средней Азии в древние времена. Москва-Ленинград, 1950, тт.1-2 ]. Onu da deyək ki, qurdla bağlı inanışlar türklərin qonşuları arasında da yayılmışdı. Məsələn, «Anası Bərdə hakiminin qızı olan» gürcü çarı «Vaxtanq qızıldan hazırlatdığı başlığının önündə qurd, arxasına isə şir var idi… İranlılarlı döyüş zamanı onu görən düşmən əskərləri çığırırdılar: «Dur öz Qorqasar», yəni «özünü qurdbaşlıdan gözlə» [bax : Джуаншериани Дж. Жизнь Вахтанга Горгасала / Пер. Цулая Г.В. Тбилиси, 1988].
Danılmaz faktlar əsasında qurd zooniminin türklərin yaşadıqları ərazilərdə də geniş yayılmasından S.Əliyarovun «Qurddan törəyiş əfsanəsinin tarixi coğrafiyasına dair» adlı məqaləsində bəhs edilir . Məqalədə diqqəti ən çox çəkən qədimdən türklər tərəfindən məskunlaşdırılan Borçalı mahalının çoxsaylı faktlar əsasında «qurd çalası», yəni «qurdlar diyarı» adlandırılmasıdır. Onu da deyək ki, məqalədə, həmçinin, Dunaya köçmüş bulqarların xanının – Asparuxun da adının qurd zoonimi ilə bağlılığından bəhs edilir [bax : Eliyarov S.S. Kurttan türeyiş efsanesinin tarihi coğrafiyasına dair / Türl Dünyası Araştırmaları. Prof. Dr. Bahaeddin ögele armagan. №65, 1990.]. Qeyd edək ki, hələ II əsrdə «Qurd çalası»nda (Borçalıda) üzərində «Az xalqının qurdu»nun (Asparuxun) adı və rəsmi zərb olunmuş dəmir lövhə olmuşdur [bax : Ломтадзе Г. Очерки по археологии Грузии. Тбилиси. 1965]. İş burasındadır ki. gürcü qaynaqları da Borçalını «Kurtiş xevi», yəni «qurd vadisi» adlandırır. Səlnaməçi Cuanşer Cuanşeriani yazır: «Arçil qardaşının 5-ci qızını Varazmana verərək, Qatmandan Qurd çalasına qədər ərazinin idarəsini ona tapşırdı. Həmin Varazman Vaxtanq Qorqasalın ana babası olman Bərdə hakiminin nəslindən idi [bax : Матиане Картлиса. / Пер. Цулая Г.В. Тбилиси, 1982]. Baş verən hadisə VIII əsrə aiddir. Görünür, Arçil bu tədbiri ilə Qurd çalasına (Borçalıya) edilə biləcək hücum zamanı onun «qədimdən türklər məskəni olan Azərbaycan» tərəfindən də müdafiə ediləcəyinə ümid edirdi. Onu da deyək ki, bu gün də Borçalıda ancaq «qurdun qiyamətə qalacağına» inam vardır. Belə ki, «qiyamət günündə qurdun ayaqları müqəddəs qayaya yapışacaq və Tanrının göndərdiyi yel onun dərisini boğazından çıxaracaq».
İslam dininin qəbulundan sonra qurd artıq öz totemçilik xüsusiyyətini itirərək, artıq mərdlik simvoluna çevrilməyə başlayır . Məsələn, Koroğlu dastanındakı «qurd oğlu qurdam mən» söyləməyi onun özünü qurd kimi mərd olmaq istəyinin ifadəsidir [bax : Каррыев Б.А. Эпические сказания о Кер-оглы у тюркоязычных народов. Москва, 1958]. Lakin qəhrəmanın “Qaxetdə bir bağının olmasını” arzulaması və «yeyib qurdlarınla ulaşım dağlar» deməsi bu inancın hələ XVII yüzilliyə qədər qorunub saxlanmasını sübut edir.
Kərəm Məmmədli
teref.az