Monopolistlər iqtidarın siyasətinə qarşı: niyə dollar ucuzlaşdı, qiymətlər yox?

13-02-2017, 11:16           

Ekspert: “Oliqarx-məmurların nəzarətində olan topdansatış qiyməti ucuzlaşmayıbsa, pərakəndə satış qiyməti heç vaxt düşməyəcək”


Dollar bahalaşanda kəskin şəkildə artan qiymətlər, dollar ucuzlaşan zaman niyə düşmür? Hazırda cəmiyyəti narahat edən ən önəmli suallardan biri də budur. İqtisadçıların fikrincə, hazırda dolların Azərbaycan manatına nisbətdə ucuzlaşması üçün iqtisadi şərtlər yoxdur.


Hökumət valyuta ehtiyatlarından istifadə edərək manatı gücləndirməyə, bununla da inflyasiyanı aşağı salmağa, qiymətləri yumşaltmağa çalışır. Lakin göründüyü kimi, bazarlara hökm edən monopolistlər iqtidarın siyasətinə qarşı çıxaraq qiymətlərin ucuzlaşmasına imkan vermirlər. Bazarda mövcud olan barter sövdələşmələri hesabına, demək olar ki, bütün bazar və supermarketlərdə qiymətlər eyni səviyyədədir və ucuzlaşma yoxdur. Nəticədə dolların ucuzlaşması son günlər yumurta istisna olmaqla heç bir məhsulda qiymətin enməsinə səbəb olmayıb. Üstəlik, apteklərdə də dərmanların qiymətində kəskin artım müşahidə olunur. Qeyri-ərzaq məhsullarından isə mobil telefonlar, elektronika mallarının qiyməti kəskin artıb.
Bəs, görəsən hökumət onun siyasətini sabotaj edən monopolistlərə qarşı hər hansı addım atacaqmı? Hazırki dövrdə qiymətlərin enməsini necə təmin etmək mümkündür?


İqtisadçı ekspert Qubad İbadoğlu “Yeni Müsavat”ın sualını cavablandırarkən bildirdi ki, dolların ucuzlaşması hələ hökumətin qiymətlərin ucuzlaşmasında maraqlı olması demək deyil: “Hökumət deyəndə biz eyni zamanda ölkəyə idxalla məşğul olan oliqarx-məmurları nəzərdə tuturuq. Onların hazırkı dövrdə qiymətlərə təsiretmə imkanı azad sahibkarların qiymətlərə təsiretmə imkanlarından daha çoxdur. Çünki bazar daha çox onların nəzarətindədir. Onların bazarda payı daha yüksəkdir. Bəzi məhsulların ölkəyə gətirilməsini oliqarx məmurlar inhisara alıblar və qiymətləri müəyyənləşdirməkdə hökmran mövqeyə malikdirlər. Ola bilər ki, dolların ucuzlaşmasında kimlərinsə marağı var ki, həm də qiymətlər ucuzlaşsın, inflyasiya aşağı düşsün. Qiymətlərin ucuzlaşmasına gətirən bir məzənnə siyasəti həyata keçirilir. Digər tərəfdən isə oliqarx-məmurlar bunu sabotaj edirlər, qiymətləri aşağı düşməyə qoymurlar”.


İqtisadçının sözlərinə görə, əslində iqtisadi qanunlara görə idxal mallarının qiymətləri dolların məzənnəsinə uyğun olaraq aşağı düşməlidir: “Eyni zamanda tərkibində idxal olunmuş xammal olan, idxal avadanlığı tətbiq olunan yerli məhsulların da satış qiymətində ucuzlaşma olmalıdır. Ancaq hazırda biz ticarət mərkəzlərində qiymətlərin ucuzlaşması ilə bağlı heç bir şüar görmürük. Burada iki əsas səbəb var. Bunlardan biri oliqarx məmurların yaratdıqları problemlərdir. Çünki topdansatışla onlar məşğul olurlar. Topdansatış qiyməti ucuzlaşmayıbsa, pərakəndə satış qiyməti heç vaxt ucuzlaşmayacaq. İkinci problem odur ki, bazar rəqabətli deyil. Əgər paytaxtdakı iri supermarketlərin bir neçəsində qiymət ucuzlaşması baş verərsə, o zaman digərləri də qiymət rəqabətinə girərlər. Bu da qiymətlərlə bağlı bazardaki ümumi səviyyəni aşağı sala bilər. Bizdə bu iki səbəbin hər ikisi aktualdır. Əksinə qiymətlər bahalaşıb. Hətta idxal mallarının da qiyməti bahalaşıb. Bunu gömrük rüsumları ilə də əlaqələndirə bilərlər. Həmçinin son zamanlar kommunal xidmətlərin bahalaşması, elektrik enerjisinin və qazın qiymətinin iki dəfəyə yaxın artması da bazarlardakı bahalaşmanı şərtləndirir”.


Məsələyə münasibət bildirən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov isə bildirdi ki, Azərbaycanda qiymət siyasəti ilə bağlı çox ciddi problem var: “Yanacağın, qazın, işığın qiyməti qalxanda, dollar bahalaşanda bazarda bütün istehlak mallarının qiymətinə təsir edir. İstər ərzaq, istərsə də qeyri-ərzaq məhsulları bahalaşır. İndi dolların kəskin ucuzlaşmasının bazara müəyyən təsiri olmalıdır. Lakin hələ ki, bu hiss olunmur. Bunun isə iki səbəbi var. Hələ ki, dolların ucuzlaşması qısa bir müddəti əhatə edir. Təxminən 10 gündür ki, dollar ucuzlaşıb. Bu müddətdə xaricdə, o qədər də ciddi həcmdə mal alınıb ölkəyə gətirilməyib. Hazırda satışda olanlar anbarlarda olan mallardır, hansı ki, baha qiymətə alıb gətiriblər. İndi onu ucuz qiymətə sata bilməzlər. İkinci variant isə odur ki, ölkə üzrə qiymət siyasətində problem var. Hazırda dollar-manat məzənnəsi ilə bağlı ajiotaj yaranıb. Bu mənada qiymətlərin müəyyən hissəsinin tənzimlənməsinə ehtiyac var. Bu mənim subyektiv fikrimdir. Obyektiv qiymətlər deyil, subyektiv qiymətlər çox ciddi şəkildə artırılır. Qarşıdan Novruz bayramı gəlir. Mən gözləyirəm ki, bayram ərəfəsində qiymətlər bir daha artacaq. İqtisadi İnkişaf Nazirliyinin xüsusi antiinhisar departamenti var. O departament bu işlə çox ciddi məşğul olmalıdır”.


Dolların manata nisbətdə kəskin şəkildə dəyərdən düşməsinə gəlincə, Vahid Əhmədov bildirdi ki, Mərkəzi Bankın əvvəl tutduğu siyasət - dolların bahalaşaraq real bazar dəyərinə yaxınlaşması daha doğru idi: “Bu düzgün siyasət idi, yumşaq devalvasiya gedirdi. Amma birdən-bir dolları ucuzlaşdırıb, manatı bahalaşdırmaq qiymətlərə ciddi şəkildə təsir etdi. Ancaq qiymətlərə heç bir təsir etmədi. Ona görə də qiymətlərlə əlaqədar hökumət özünün bir konsensusunu hazırlamalıdır. Elə etməlidir ki, insanlar bundan əziyyət çəkməsin. Qiymətlər bu dərəcədə artan xətlə gedə bilməz. Bunun bir həddi olmalıdır. Apteklərdə dərmanların qiymətlərində də çox ciddi artımlar var. Hətta apteklər arasında da ciddi qiymət fərqi var. Cənab prezidentin bu məsələ ilə bağlı ciddi tapşırığı olub və buna uyğun da qiymətlər tənzimlənir. Ancaq biz onu görmürük. Burada inhisarçılıq faktoru da rol oynayır. Azərbaycanın daxili bazarında rəqabət ciddi şəkildə təmin olunmadığı üçün inhisarçılıq davam edir. Rəqabət məcəlləsi hələ də qəbul olunmayıb. Müəyyən inhisarçılar da bundan istifadə edib bazara hökm edirlər”.musavat.com/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.