"Mövlam Şıxəliyev niyə gizlənir, dövlətə xəyanət edib, alçaq generaldır." - MTN işi

16-02-2017, 18:41           
"Mövlam Şıxəliyev niyə gizlənir, dövlətə xəyanət edib, alçaq generaldır." - MTN işi
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Musavat.com xəbər verir ki, sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan MTN zabitinin məhkəməsi hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilib.

Prosesdə Vüsal Ələkbərovun daha bir vəkillə müqavilə bağlıdığı məlum olub. Həmçinin cinayət işi üzrə adı şahid qismində keçən “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyevin səhhətində problem olduğu üçünməhkəməyə gəlmədiyi elan olunub.

Məgkəmədə zərərçəkmiş Akif Qurbanovun epizodu üzrə şahidlərin dindirilib.

İttihama görə, Vüsal Ələkbərov MTN-nin digər vəzifəli şəxsləri ilə birləşərək, Akif Qurbanovu həbs etməklə şantaj ediblər və ondan 1 milyon dollar alıblar.

İlk olaraq zərərçəkmişin oğlu Vüqar Qurbanov məhkəmədə ifadə verib. O bildirib ki, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını deyib: “Atam məndən soruşdu ki, MTN-lə bağlı problemin var? Dedim ki, heç bir problemim yoxdur. Sonra atam telefonu söndürdü. Axşam atam yenidən başqa bir nömrə ilə mənə zəng etdi və MTN əməkdaşları tərəfindən saxlanıldığını, sərbəst buraxılması üçün pul istədiklərini bildirdi. Ölkədən çıxışına “Stop” qiyulduğunu bildiriblər, sərbəst buraxıblar”.

Vüqar Qurbanovun sözlərinə görə, sərbəst buraxılandan sonra atası ölkəni tərk edib. Bundan onun özünü MTN-ə çağırıblar.

"Vüsal Ələkbərov MTN-də mənə hədə-qorxu gəlməyə başladı, gün ərzində məni orada saxladı. Atam gəlməsə, məni həbs edəcəyini bildirdi. Soruşdum ki, atamla nə işiniz var, dedi ki, özü bilir nə işimiz var. Bundan sonra 2-3 dəfə məni MTN-ə çağırdılar, orada məndən nə izahatımı, nə də ifadəmi alıblar. Hər dəfə məni axşama kimi NTN-də saxlayıblar”- deyə Vüqar Qurbanov bildirib.

V.Qurbanov hədələrdən sonra 1 milyonu Vüsal Ələkbərova verdiklərini məhkəmədə söyləyib.

O, bildirib ki, həmin pulu əmisi Münasibdən 300 min manat, yeznəsi Emindən 200 min manat alaraq düzəldiblər.

Şahid daha sonra bildirib ki, onların Etibar Əliyevlə hər hansı bir əlaqələri olmayıb: “Biz bankdan iş görmək üçün kredit götürmüşük. Bundan sonra problem yaranıb”.

Vüqar Quliyev qeyd edib ki, uzun illər polisdə işləyib, sonuncu iş yeri 13-cü polis bölməsinin rəisi vəzifəsi olub: “2013-cü ildə öz ərizəmlə polis orqanlarından xaric olunmuşam. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul oluram”.

İstintaqa verdiyi ifadəsini təsdiqləyəndən sonra şahidə həbsdə olan Vüsal Ələkbərovun vəkilləri sual verib.

Bu zaman vəkillərdən biri onun Vüsal Ələkbərova pul verən zaman polisdə işləməsini, ağır cinayəti bilib və bu barədə hüquq-mühafizə orqanlarına müraciət etməməsi ilə maraqlanıb.

Sabiq polis əməkdaşı olan şahid isə qeyd edib ki, Vüsal Ələkbərovun hərəkətlərindən heç yerə şikayət edilməyib: “O vaxtı MTN-dən böyük yer var idi? Oradan da bizi şantaj edirdilər, hədə-qorxu gəlirdilər. Biz hara müraciət etməliydik?”.

Hakim Vüsal Ələkbərovun vəkilinin şahidə belə sual verməsinə etiraz edib: “Bu şəxsi MTN-ə çağırıb, hədə-qorxu gəliblər, günlərlə orada saxlayıblar. Amma iş üzrə zərərçəkmiş şəxs qismində yox, şahid qismində tanınıb. Əslində isə zərərçəkmiş şəxs qismində tanınmalı idi. Biz çox məsələnin üstündən keçirik. Amma Vüsal Ələkbərovun vəkilləri şahidlərə belə suallar verməklə, müdafiə etdikləri şəxsin ittihamını ağırlaşdırılar. Bu şahid zərərçəkmiş şəxs qismində tanınmalı idi, burada da Vüsal Ələkbərova qarşı mülki iddia qaldırmalı idi”.

Hakimin çıxışından sonra şahid Vüqar Qurbanov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin rəis müavini Təhsin Ağayevin tanıdığını, onun xidməti otağında olduğunu bildirib.

V.Qurbanov qeyd edib ki, nazirliyə çağırılan zaman onu MTN-nin İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev qəbul etməli idi: “Amma qəbul etmədi və bunun işlərinin çox olması ilə izah etdi. Buna görə də Vüsal məni Təhsin Ağayevin xidməti otağına apardı. Orada məni Təhsin Ağayev dinləsə də, bir söz demədi. Sonra mənim otaqdan çıxarılmağımı tapşırdı”.

Vüsal Ələkbərov məhkəmədə heç kəsdən pul almadığını deyib.

Zərərçəkmiş iş adamı Hüseyn Səfərov isə Vüsal Ələkbərova belə cavab verib: “Vüsal Ələkbərov pulu bizdən MTN-də, küçədə alıb. Burada etiraf etmir, adamın kişiliyi olar, qüruru olar. Bunlar pulumuzu alıblar, indi deyirlər ki, pul almamışıq. Mövlam Şıxəliyev niyə gizlənir, dövlətə xəyanət edib, alçaq generaldır. Vüsal Ələkbərov hamıdan pul alıb, amma heç nəyi etiraf etmir. Akif Çovdarov bir az abırlıdır, bir neçə epizodu etiraf edir, onun şərəfi var. Amma bunlarda şərəf yoxdur”.

Daha sonra Vüsal Ələkbərov həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət verib. O, iddia edib ki, vəsatətlər versə də, onun heç bir vəsatəti təmin edilməyib və müdafiə hüququ pozulub.

Digər zərərçəkmiş Namil Rzayev bildirib ki, Vüsal Ələkbərov aldığı pulları məhkəmədə etiraf etmir: “Onun pulları qaytarmaq fikri yoxdur. Buna görə də həbs qətimkan tədbirinin dəyişdirilməsinin əleyhinəyəm”.

Məhkəmə prosesi fevralın 23-də davam edəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.