Prezidentlərin oxşarları – gizli əməliyyatın təfərrüatı
18-02-2017, 10:36
Ölkə başçılarının, transmilli korporasiya rəhbərlərinin, müxalifət liderlərinin bənzərlərinin tapılıb hazırlanması barədə sensasion bilgilər
14 fevral 2017-ci il tarixində əksər dünya informasiya mərkəzləri eyni xəbəri öz mənşetlərinə çıxarırlar:
“Avstriyada Adolf Hitlərə bənzər 25 yaşlı naməlum bir şəxs həbs edilib. Özünü Harold Hitler kimi təqdim edən bu şəxs, Braunau-am-İnn şəhərinə gələrək burdakı yerli sakinləri xeyli diksindirib. Hitlerin doğulduğu qədim evin qarşısında xəyala dalmağı, şəkil çəkdirməyi yerli polislərin diqqətindən yayınmayıb. Daha əvvəl Vyana, Qrats küçələrində görünən bu əcaib şəxsi bəziləri Hitlerin reinkarnasiyası, yəni dünyaya təkrar qayıdışı kimi qəbul edirlər.
Tədqiqat gedir. Polis, bu əcaib olaya məntiq çərçivəsində cavab verə bilmir".
***
Keçək mövzu ilə əlaqəli bir başqa hadisəyə. Sözü verək əvvəlcə dünyanın ən aparıcı informasiya qurumlarının yaydığı bu əcaib xəbərə:
“ABŞ prezidenti Donald Tramp, Şimali Koreya lideri Kim Çen Irla təsadüfən Honhonk metropolitenində görüşüblər. Görüş, aktyor-imitatorlar sayəsində baş tutub. Hər iki ölkə lideri metro vaqonunda mehribancasına salamlaşaraq, sonra qatardan düşüb eşiyə çıxıblar. Saysız videokameraların müşayiəti altında öz aralarında bir xeyli söhbətləşiblər.
AFR agentliyinin yaydığı videogörüntülərdə Donald Tramp deyəsən bir azcana kökdü. Koreya lideri isə əksinə - yüzdə-yüz elə özünə bənzəyir. Şimali Koreya ilə ABŞ arasındakı soyuq münasibətlərə baxmayaraq, hər iki ölkə “lideri” öz şirin zarafatlarıyla yadda qalıb. Trampın oxşarı, videokameralar qarşısında CNN telekanalını qondarma xəbərlər yaymaqda ittiham etdiyi vaxt, Kim İr Çın da mövzuya biganə qalmayıb. Trampa olan simpatiyasını ətrafdakılarına sərgiləyib.
Sosial şəbəkələrdə özünə xeyli tamaşaçı toplayan bu səhnəciyə ciddi yanaşanlar da az deyil. İddia olunur ki, həmin bu səhnəciyi guya qətiyyən təsadüfi saymaq olmaz. Guya bunun arxasında böyük sirlər gizlənir. Guya bu, Tramp oxşarının cəmiyyətə ilk təqdimatıdır. Saf-çürükdən sonra bu oxşarın gələcək taleyi Ağ Evdə həll olunacaq.
Amerikada dövlət başçısının təhlükəsizliyini təmin edən məxfi qurum “United States Secret Service”, qısaca “USSS” adlanır. Ölkə prezidentinin oxşarlarına da məhz bu qurum cavabdehdir. “USSS” adətən bu cür oxşarları aşkarlayıb, əvvəlcə nəzarətə götürür gizlincə.
Trampla Şimali Koreya liderinin görüş səhnəcəyini də məhz bu qurum təşkil edib, biləsiz.
***
Gətirdiyim misalda təəccüblü heç nə yoxdur. Əksər prezidentlərin, ölkə başçılarının oxşarı mövcuddur. TV ekranlarında gördüyümüz siyasi xadimlərə azca diqqətlə baxsanız, aradakı təkzibolunmaz fərqləri anında hiss edərsiz. Oxşarların tapılıb aşkarlanması, hazırlanması prosesi “Tam məxfi!” qrifi altında keçirilir. Soruşsanız, bəs, icraçısı kimdi, deyəcəm, necə yəni kim? Prezidentlərin təhlükəsizliyini təmin edən xüsusi məxfi qurumlar, vəssalam. Deyəcəksiz niyə, hansı səbəbə dünyadakı əksər prezidentlərin oxşarı mövcuddu? Aradakı fərqləri necə duymaq olar? Cavab verəcəyəm sizə - bu cür gizlinlərin əsas sirrini yalnız kinorejissorlar bilər.
***
Postsovet məkanında elə tanınmış kinorejissor qalmayıb ki, öz prezidenti barədə pis-yaxşı ortabab, necə deyərlər, “pivəylə gedən” bir film çəkməsin. O cür alaçiy filmlər çəkilməyinə çəkilir indi. Ancaq əksər hallarda ekranlara buraxılmır nədənsə. Mövzunu diqqətlə araşdırdıqdan sonra bu müəmmanın əsl səbəbi bizə bəlli oldu bir azacıq.
Bəlli oldu ki, həmin filmlərin ana hədəfi heç də sənət-filan deyil. Səbəb bu filmlərdə ölkə prezidentinin oxşarını yaradıb onu diqqətlə nəzərdən keçirməkdi. Yəni burda film mövzusu sadəcə bəhanədir. Rejissor, sifariş aldıqdan sonra ilk növbədə müvafiq bir aktyor axtarıb tapmalıdır. Prezidentin bütün tanış ədaları, nitq qüsurları, üz ifadələri, gizli-açıq cəhətləri ilə tanış etməlidir həmin aktyoru. Baxıb görməlidir bu aktyor girə bilirmi prezidentin cildinə? Danışıq tempini təkrarlaya bilirmi heç? Ətrafındakı insanlarda şəkk-şübhə yaratmayırmı özü barəsində?
Bilirsinizmi, kimin, hansı dövlət başçısının ən çox oxşarı olub bu fani dünyada? Görürəm sizdən səs çıxmır, məcbur qalıram bu suala özüm cavab verəm. Həəəə, mənim əziz bacı-qardaşlarım, dünyada ən çox oxşarı olan rəhbər Leonid Brejnev deyil, Barak Obama deyil, Boris Yeltsin deyil, bilirsiz kim idi? İrağın asılaraq qətlə yetirilən prezidenti Səddam Hüseyn.
Rəhmətliyin öz oxşarlarına bəstələdiyi sevgiyə tezliklə oğlu Udey Hüseyn də yoluxur. O da özünə bir oxşar tapıb, başlayır atası kimi onu müxtəlif dövlət tədbirlərinə göndərməyə. Lətif Yəhya adlı bu oxşar sonralar öz xatirələrini ayrıca kitab şəklində çap edərək dünyanı qatır bir-birinə. Xatirələr Hollivud kinorejissoru Li Timaxorinin diqqətini də özünə cəlb edir. Roman əsasında 2011-ci ildə çəkilmiş “The Devil’s Double” (Şeytanın oxşarı) kinofilmi öz kinomanlarına indi də dinclik vermir.
Filmin məzmunu ilə yaxından tanış olsanız, oxşarlar məktəbinin nə olduğunu dərindən dərk edib, mənə bu barədə artıq suallar verməzsiniz.
***
İran-İraq müharibəsinin iştirakçısı sıravi əsgər Lətif Yəhyaya elə səngərdəykən qəribə təklif gəlir - ona deyirlər ki, gərək Səddamın oğlu Udeyi əvəzləyəsən. Oxşarına çevrilib müxtəlif tədbirlərdə iştirak edəsən. Bəzən, necə deyərlər “atəşi öz üzərinə götürərək” Udeyi labüd ölümdən, müxtəlif digər təhlükələrdən xilas edəsən.
Zadəgan əsilli Lətif, demə ki, Udeylə eyni elitar məktəbi bitirib. Hələ o vaxtlar Udeyə oxşarlığı, şagirdlər arasında əməlli-başlı xof yaratmışdı bu cütlük qarşısında. Uşaqlar çox vaxt onları səhv salır, bilmirdilər qarşılarındakı Udeydi, yoxsa Lətif. Xoşbəxt uşaqlıq zamanı min cür xoş zarafatlara şərait yaradan bu cəhət sonradan Lətifin əsl bəlasına çevrilir. Təklifə qəti və birmənalı yox deyən Lətif, zindana atılıb işgəncələrə məruz qalır əvvəlcə. Ailə üzvlərinin həyatı bu tərəzinin gözü üzərinə qoyulduğu an, Lətifin əsəbləri dözmür. O, əlacsız qalıb, təklifə razılıq verir. Nəticədə Udeyin şahanə şəxsi həyatına, əşyalarına, avtomobil parkına maneəsiz çıxış əldə edib əvvəlcə bir azacıq ağlını itirir. Sonra özünə gəlib başlayır bu həyatın necə deyərlər ləzzətini dadmağa. Aradakı bəzi zahiri fərqlərə son qoymağa xatir Lətif kosmetik əməliyyata məruz qalma təklifinə də yox demir.
Bir dəfə, iki dəfə sui-qəsdə məruz qalan Lətif, günlərin birində lap zibilə düşür az qala. Növbəti sui-qəsd zamanı bir barmağı yamanca zədələnir. Həkim deyir bəs barmağı kəsmək lazımdı. Ancaq məsələ bununla bitmir. Əksinə daha da ciddiləşir.
***
Bəlli olur ki, barmaq, işdi, əgər, kəsilsə, demək, Udeyin də həmin barmağı kökündən kəsilməlidir.
Gərginlik, qalxıb çıxır lap kəlləçarxa. Həkimlər axır işə qarışıb problemi birtəhər sona çatdırmağı bacarırlar. Udeyin növbəti sevgilisi, daha düzünü desək, növbəti qurbanı Sarrab adlı gözəl qızcığaz bu zaman ilk fürsət tapınca Lətifin boğazına sarılır. Udeylə Lətifin məxfi sirrini açıb bunu Lətifin qulağına pıçıldayır. Xaricə qaçmış sevgi cütlüyünü təqib edən səddamçılar onları çətin seçim qarşısında qoyurlar. Deyirlər İraqa qayıtmayacağınız halda valideynlərinizdən biri mütləq öldürüləcək.
İraqa dönən Lətif axır öz oxşarı Udeylə təkbətək döyüşə girib onu öldürməyə cəhd göstərir. Bilir ki, daha vaxt çatıb, oxşarlardan biri mütləq səhnəni tərk etməlidir.
Rejissor Li Timaxori filmin bu dramatik kadrlarında yüksək peşəkarlıq nümunələri sərgiləyir. Ekranda canlandırdığı psixoloji qarşıdurma səhnələrini elə çəkir ki, tamaşaçı özünü itirir bir an. Hər iki oxşar arasındakı fərqləri bir an itirib xəyala dalır öz-özünə. Deyir, bəlkə bu oxşarlar həqiqətən Siam əkizləridir? Bəlkə Allah onları bilə-bilə bu cür yaradaraq İraqa göndərib?
Udey yaralansa da döyüş, nəticəsiz qurtarır. Filmin axırında deyilir ki, Lətif indi İrlandiyada yaşayır. Evlənib. Oğul-qız sahibidir. Udey isə 2003-cü ildə qətlə yetirilib.
Udeyin yerində Lətif olmalıydı. Ancaq yaxşı ki, o, bu taleyindən bir vaxt özü imtina etdi.
***
Oxşarlar mövzusu yada düşərkən amerikalılar həmişə Hillari Klintonu xatırlayırlar. İddia edirlər ki, Hillarinin oxşarı Tereza Barnell, bəzən hətta Bill Klintonla birgə dövlət tədbirlərində görünür. Mövzunun ardını amerikalılar cürət edib, açıqca davam etdirə bilmirlər. Başlarını əyirlər böyürlərindəki dinləyicilərinin qulağına...
2015-ci ildəki bir diplomatik sammit zamanı Venesuela prezidenti Nikolas Moduranın oxşarı, səhv edərək eyni anda əsl Modura ilə birgə salona daxil olur. Yazıq jurnalistlər qarşılarında iki Moduranı görüb lap çaşbaş qalırlar. Əllərini telekameraların düyməsinə gedərkən görürlər ki, Moduranın biri cəld tərpənərək qapıya tərəf qaçır...
Ancaq Stalinin oxşarı SSRİ xalq artisti Feliks Dadayev heç vaxt heç yerdə Stalini bu cür pərt vəziyyətə salmayıb. Həmişə ətrafdakılarını aldadıb; guya qarşılarındakı əsl Stalindir. O, təkcə filmlərdə Stalin rolu ifaçısı deyildi, biləsiz. Həyatda da çox vaxtlar Stalini əvəzləyirdi.
Bu dövlət sirri üzərindən tozlu pərdəni o, çox-çox sonralar, elə lap bu yaxın günlərdə qaldıraraq əsl həqiqəti Rusiya ictimaiyyətinə açıqlayıb.
Sabiq NKVD işçisi Vikor Malevannının iddialarına görə Stalin öz oxşarlarından hələ cavan vaxtlarından istifadə edərək çar xəfiyyələrini dəfələrlə azdırıb. Sui-qəsd zamanı onlarca Stalin oxşarı həlak olsa da, Allah özü sanki onu güllələrdən, zəhərli içkilərdən xilas edib.
Bəziləri bu söhbəti eşidərkən ağızlarını büzürlər. Deyirlər Stalini güllələrdən, zəhərlərdən qurtaran Allah deyil, cangüdənlər deyil, Stalinin saysız oxşarlarıdır, vallah.
***
Mixail Qorbaçovun “Jenya” adlı oxşarı demək olar əksər tədbirlərdə öz həqiqi sahibini əvəz edib. Aralarındakı yeganə fərq Qorbaçovun alnındakı xal ləkəsiymiş. Mixail Sergeyeviçin sadə insanlarla görüş səhnələrinə dırnaqucu qədər belə inanmayın. Qorbaçovun özü yox... oxşarı Jenya çox mehriban, istiqanlı bir insanmış. Qarbaçova deyirmiş sən get bağa dincəl. Fəhlə-kəndli sinfi ilə özüm görüşərəm...
İddialara görə çar 1-ci Pyotr Hollandiya səfərindən sonra öz oxşarı ilə əvəzlənib. Bu mövzuda akademik N.B.Levaşovun maraqlı bir məqaləsi mövcuddu. Onu oxumaq hamınıza məsləhətdi.
Oxşarlar mövzusuna son nöqtə qoya biləcək fakt isə “Bittlz” musiqi kvarteti ilə əlaqədardı. Qrupun təbilçisi Rinqo Star iddia edir ki, müğənni-bəstəkar Pol Makkartni hələ 9 noyabr 1966-cı ildəki bir yol qəzası zamanı həlak olub. Sonradan başqasıyla əvəzlənib.
Özü də bu etirafını Rinqo Star, yeni il axşamı - 30 dekabr 1999-cu il tarixində lentə alıb.
Həəə, bu mövzu, bu xəmir deyəsən hələ çox su aparacaq...
Təkcə dövlət başçıları, siyasi liderlər bənzərlərdən istifadə etməyiblər. Bu təcrübədən nüfuzlu iş adamları, milyarderlər, transmilli korporasiya rəhbərləri də zaman-zaman yararlanıb. Hətta Azərbaycanın müxalifət liderlərindən biri də seçki kampaniyalarında oxşarını bəzi epizodlarda kütlə qarşısına çıxarırmış...
Həmid HERİSÇİ