İranın əmmaməli rəsmiləri dünyəvi ölkədə başıaçıq görünsə…

19-02-2017, 10:29           
İranın əmmaməli rəsmiləri dünyəvi ölkədə başıaçıq görünsə…
Yaxud mömin müsəlmanın Avropada nə işi?

Bu yaxınlarda İsveçin qadın deputatlarının İrana səfər zamanı məcburi hicab qaydasına əməl etməsi adamı çoxdan düşündürən bir sualla yenə baş-başa qoydu: “İslam ölkəsinə səfər edən avropalılar şəriət qaydalarına əməl etməyə borcludursa, bəs, Avropaya ayaq basan mömin müsəlman niyə dünyəvi qanunlarla hesablaşmır?”.

Avropalı xanımların İran və ya Səudiyyə Ərəbistanı kimi ölkələrdə başlarını bağlaması bu dövlətlərin qaydalarına hörmətlə izah edilirsə, o zaman müsəlman qadınların da Avropada hicabla, çadra ilə gəzib-dolaşması yerli mədəniyyətə sayğısızlıq kimi qəbul olunmalıdır.

Söhbət təkcə qadınlardan getmir, eyni zamanda avropalı kişilərin islam ölkəsində maykada, şortikdə gözə görünməsi yolverilməzdirsə, gərək, uzunsaqqallı və ya məzhəbini-təriqətini geyimilə nümayiş etdirən müsəlman kişilər də bu “vid-fason”la Avropaya buraxılmasın. Bir də ki, müsəlman qadın naməhrəm kişidən yaşınmalı olduğu halda, müsəlman kişilər niyə Avropada açıq-saçıq geyimli qadınlarla üz-üzə gəlməlidir?

Bu mövzu əslində dərindir, uzun-uzadı mübahisə və müzakirə etmək olar. Biz isə söhbətimizi qısa edək.

Əvvəla, əmmaməli İran prezidentinin qarşısından başıbağlı isveçli qadın rəsmilərinin sıra ilə keçib getməsini seyr etmək xoş deyil. Elə bil mühafizəkar cəmiyyət qarşısında azad cəmiyyətin əzilməsinə tamaşa edirsən. Yox, əgər bu hərəkət islam cəmiyyətinə hörmətdirsə, o zaman, dediyimiz kimi, qarşılıqlı olmalıdır. Yəni, İranın əmmaməli və ya cadralı rəsmiləri də Avropaya başıaçıq səfər etməli, dünyəvi cəmiyyətə sayğılarını sərgiləməlidirlər.

Əgər, Avropada müsəlman qadının hicab və ya çadradan istifadə edə bilməsi vicdan azadlığıdırsa, bəs, İran kimi ölkələrdə avropalı xanımlara məcburən başlarını bağlatdırmağın adı nədir, vicdansızlıq?!

Ümumiyyətlə, İslam dünyasında o qədər təzadlar var ki… Şəriət qanunlarıyla yaşamağın vacib olduğunu deyən müsəlmanın azad və firavan həyatını Avropada axtarması da, Qərbin yolunu azdığını iddia edən teokratik rejimlərin “yolunu azmışdan” inkişafca qat-qat geridə qalması da həmçinin.

Şövkət Məmməd












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.