Yazarların “da”, “də”li dartışması...
22-02-2017, 09:25
İlhamiyyə Rza: “Unutmayın, Azərbaycan dilində “da, də” bir neçə funksiyanı yerinə yetirir”; Zamin Hacı: “Azad adamın yazısında “da” ayrı olanda da gözəldir, bitişik olanda da”; Azər Ayxan: “Ölkədə siyasi-iqtisadi problem varsa, bu, o demək deyil ki, danışığımızı, yazımızı qaydaya salmamalıyıq”
Sosial şəbəkə bəzən insanların dil bilgilərini, qrammatik savadını üzə çıxarır. Yazılan statuslarda, şərhlərdə insanların yol verdiyi qrammatik xətalar əslində onlar üçün ciddi qüsur sayılır. Sözlərin düzgün yazılışını bilməyən, habelə bağlayıcı və şəkilçi arasındakı fərqdən anlayışı olmayan, durğu işarələri ilə “arası yaxşı olmayan” şəxslərin bu məsələdə vahid mövqeyi, daha dəqiq desək, təsəllisi olur.
Onlar hesab edirlər ki, sosial şəbəkə onların şəxsi sahəsi, necə deyərlər, dost məclisidir və burada rəsmiyyətdən uzaq olmaq lazımdır. “Mən niyə sosial şəbəkədə imla yazar kimi yazmalıyam” sualı isə çox vaxt belə səhvlərə yol verənlərin arqumenti olur.
Amma bugünlərdə sözügedən mövzu iki yazarımız arasında fikir ayrılığı yaradıb. Onlardan biri tanınmış teleaparıcı-yazar İlhamiyyə Rzadır. İ.Rza bu mövzu ilə bağlı aşağıdakıları yazıb: “Diqqət!!! Dost listəmdə olan bütün istifadəçilərə! Hamıya! Uğurlu iş adamlarına, tələbələrə, cavan və orta yaşlılara, mənəm-mənəm deyib də bu sadə qaydaları bilməyənlərə. Bilib də eyninə almayanlara, bilməyib kobud səhvlər buraxanlara və özlərini gözdən salanlara, əlahəzrət sözü(dilimizi) it gününə qoyub mənaya xələl gətirənlərə!
Azərbaycan dilində “da, də” bir neçə funksiyanı yerinə yetirir:
İsmin yerlik hal şəkilçisi ola bilər. Bu vaxt sözə bitişik yazılır. Məs: vətəndə, anamda və s.
2. Zərf düzəldən leksik şəkilçi ola bilər.Sözə bitişik yazılır. Məs: gündə, yayda, qışda və s.
3. Bağlayıcı kimi işlənir və ayrı yazılır. Məs: Mən də vuruşmağa hazıram. Səni də, məni də tədbirə dəvət ediblər.
4. Ədat kimi də işlənə bilər. Ayrı yazılır. Məs: Qulaq asın da. Məni gözləyin də. Yaz da, qızım, niyə dayanmısan?
Hamınıza (ilk növbədə özümə və əsəblərimə) dərin sevgi və sayğılarımla".
Sözügedən status ölkənin tanınmış qələm adamları, redaktorlar və ziyalılar tərəfindən paylaşılıb. Məlum olub ki, mövzu bir çoxları üçün “yaralı yer” mahiyyətini daşıyır. Bir gün sonra isə “Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı “Yol qəzasına çarpayıda düşməzlər” başlıqlı köşə yazısında bu mövzuya toxunub. Yazarımız aşağıdakıları yazıb: “Hazırda cəmiyyətimizdə bir xeyli adam da var ki, bunların əsas dərdi ”da ayrı yazılır", “vergülü hara qoyaq” tipindədir. (Hikmət Hacızadənin 1990-cı illərdə yazdığı “Vergül” absurd pyesi təxminən bu temaya həsr edilib). Yoldaşlar, millətin ağzı tamam yumulub, danışmağına imkan verilmir, hətta qırıq səslər çıxardanları da zindana salırlar, burda orfoqrafiya qaydalarından, düzgün yazılışdan dəm vurmaq yüngül yazsam, gülməli deyilmi? “Da, də”ni yazmaq hüququ əldə edək, sonra ayrıdır, bitişikdir, buna gələrik. Əslində heç o zaman buna ehtiyac qalmır. Azad adamın yazısında “da” ayrı olanda da gözəldir, bitişik olanda da".
Baxmayaraq ki, Z.Hacı öz köşə və sosial şəbəkədəki statuslarında dilin qrammatika qanunlarına riayət edir, onun məsələyə daha konseptual, bir qədərsə fəlsəfi baxışı İ.Rzanınkından fərqlənir. Amma bu məsələdən daha çox narazı olanlar heç şübhəsiz ki, redaktorlardır. Onlar üçün bu məsələ hər zaman prioritet olub.
“Yeni Müsavat” qəzeti baş redaktorunun birinci müavini Azər Ayxan yazı dilinin qaydalarına hətta sosial şəbəkələrdə riyaət olunmasının birmənalı qaydada tərəfdarı olduğunu dedi: “Həmkarlarımızın mübahisəsini anlayışla qarşılayıram. Bu cür fikir dartışmalarının xeyri var. Bunun özü də intellektual potensialı ortaya qoyur. Həqiqət mübahisələr zamanı ortaya çıxır. Danışığımız necə səlis olmalıdırsa, yazımız da o cür savadlı olmalıdır. Hesab edək ki, kimsə qüsurlu danışır. O adamla danışanda necə əziyyət çəkiriksə, savadsız yazını oxuyanda da eyni cür əziyyət çəkirik”.
A.Ayxan dedi ki, bu qaydalara riayət olunmalıdır. Müsahibimizin sözlərinə görə, bunu təkcə sosial şəbəkələrdəki yazışmalara, statuslara aid etmək lazım deyil: “Bəzən mətbuat xidmətlərinin bülletenlərində, rəsmi xəbərlərdə o qədər qüsurlu cümlələr, ”mışdır-müşdür" sonluqları olur. 5 cümləlik xəbərin üzərində dəqiqələrlə çalışırıq. Hər kəs zəhmət çəksin, danışığını da, yazısını da nizama salsın. Ölkədə siyasi-iqtisadi problem varsa, bu, o demək deyil ki, danışığımızı, yazımızı qaydaya salmamalıyıq. İqtisadi-siyasi problemlərin həlli bu qaydalara riayət etməkdən keçmir, doğrudur. Amma “necə istəyirəm, o cür yazıram” yanaşması da doğru deyil. Hər sahədə olan çatışmazlığı demək lazımdır. Yazı məsələləri ilə bağlı ortaya çıxan problemləri demək lazımdır. Deyə bilmərik ki, ölkədə demokratik mühit pisdir deyə, qüsurlu yazmaq normadır. Hər bir sahəyə özünün tələb etdiyi həssaslığı göstərməliyik".