Əfvə beynəlxalq təşkilatlar, yoxsa azərbaycanlı mühacirlər mane ola bilər?

22-02-2017, 09:31           

Səidə Qocamanlı: “Mühacirlər siyasi məhbus məsələsini alverə çeviriblər”


Martda prezident İlham Əliyevin əfv sərəncamı verəcəyi gözlənilir. Adətən əfv sərəncamı veriləcəyi ərəfədə beynəlxalq təşkilatlardan Azərbaycana yönəlik təzyiqlərin sayı getdikcə artmağa başlayır. Ölkə iqtidarı isə daim belə təzyiqlərin nəinki qarşısından çəkilib, əksinə, dirəniş yolunu seçib. Nəticədə gözlənilən əfv ya verilməyib, ya da azadlığa çıxacaqları gözlənilən tanınmış siyasi məhbusların adları siyahıdan kənarda qalıb. İndi də eyni situasiya yaranıb. Artıq bu ilin əvvəllərindən başlayaraq, beynəlxalq hüquq-müdafiə təşkilatlarının Azərbaycanın ünvanına sərt bəyanatlarına, hesabatlarına rast gəlirik. Bu da ölkənin hüquq müdafiəçilərində ciddi narahatlıq yaradıb.


Müsavat Partiyasının Avropada yaşayan mühacirlərinin fevralın 18-də Almaniyanın Köln şəhərində “Siyasi məhbuslara azadlıq!” şüarı ilə təşkil etdiyi aksiya da ciddi narahatlığa səbəb olub. Əksəriyyət bu aksiyanın əfv öncəsi keçirilməsini gərəksiz sayır. Aksiyada əllərdə gəzən siyasi məhbus fotolarının onların azadlığa çıxmasına mane olacağı vurğulanır. Artıq bu aksiya ilə bağlı bir sıra iddialar meydana çıxıb. Belə ki, həmin aksiyanın əksər iştirakçılarının Avropada oturum ala bilmədikləri, buna görə belə aksiyalarda iştirak etməklə, oturum almaq istədikləri qeyd olunur.


İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı Avropadan atılacaq addımlardan ciddi narahat olduqlarını bildirdi: “Ötən müsahibələrimin birində qeyd etmişdim ki, əgər qarşıdakı bir ayda ölkə xarici və daxilindən lazımsız bir addım atılsa, yaxud yanlışlığa yol verilib, lazımsız açıqlamalar verilsə, elə bir şey gözlənilir. Elə qüvvələr var ki, bu əfvin verilməsində maraqlı deyillər. Buna tam əminəm. Artıq siyasi məhbus məsələsini alver predmetinə çeviriblər. Məhz buna görə əfvin verilməməsində maraqlı olan qüvvələr var. Ümid edirəm ki, dövlətimiz, lazımi strukturlar bu provokasiyaya getməyəcək, öz humanist addımını atacaq. Çünki artıq belə təzyiqlər indiyə qədər dəfələrlə olub. Biz gərək onlardan yüksəkdə duraq. Siyahımızda olan şəxslərin azadlığa buraxılması dövlətimiz, millətimiz üçün müsbət imic gətirər. Həmin şəxslərin məhbəsdə saxlanılması ilə biz heç nə qazanmırıq. Elə ki bəlli olur ki, əfv olacaq, həmin an kimsə hesabatlar ortaya çıxarır, yaxud planlı şəkildə müsahibələr verir. İstəyirlər ki, Azərbaycanın adı daim aşağılarda olsun, ölkəmiz beynəlxalq arenada təzyiqlərlə üzləşsin. Əfv Komissiyası hazırda böyük şövqlə əfvə hazırlaşır. İnanıram ki, bizim siyahımız da nəzərə alınacaq. Hamıdan çox maraqlıyıq ki, əfv sərəncamı verilsin”.


Hüquq müdafiəçi Müsavatın Almaniyada keçirdiyi siyasi məhbuslarla bağlı aksiyaya da toxundu: “Şübhə edirəm ki, aksiyaya toplananların çoxu müsavatçılar olsun. Çünki bizə bəllidir ki, belə tədbirlər Avropada keçiriləndə aidiyyəti olmayan şəxslər iştirak edirlər. Oturum marağında olan şəxslər belə aksiyalara gəlirlər, şəkillər çəkdirirlər, ondan sonra da belə fotoları müvafiq orqanlara verirlər. Azərbaycanda ailəsi və özünün vaxtilə təzyiqlərə məruz qaldığını deyirlər. Belə aksiyalar artıq Avropadan oturum almaq üçün məqsədli şəkildə keçirilir. Bu təhlükə indi də var ki, bu cür addımlar işimizə mane olsun. Avropaya gedən mühacirlər artıq siyasi məhbus məsələsini alverə çeviriblər. Hesab edirəm ki, belə hallara son qoymaq üçün Avropadakı miqrasiya xidmətləri ayıq-sayıq olmalıdırlar. Bilməlidirlər ki, belə şəxslər hansı maraqla Avropaya gediblər. Sözsüz ki, belə fikirlərimi bütün mühacirlərə aid etmirəm. Elə Avropaya gedən dostlarımız var ki, getdikləri gündən oranın mədəniyyətinə uyğunlaşmağı daha üstün tutublar. Həmin ölkələrə töhfə verirlər. Amma elələri də var ki, ora gedib dövlətin pulunun hesabına dolanmaq istəyirlər. Pullarını alırlar və hesab edirlər ki, bu daha xoşagələn həyatdır. Sən getmisənsə, demək, o ölkənin adət-ənənəsi ilə hərəkət etməlisən, ən azından susmalısan. Orada oturub Azərbaycanı söymək yolverilməz haldır. O qədər müsavatçılar var ki, dediyim kateqoriyaya aiddirlər. Artıq yaşadıqları ölkənin həyatına uyğunlaşıblar”.


S.Qocamanlı Müsavatın Köln aksiyasının müxtəlif qüvvələr tərəfindən təşkil oluna biləcəyini də vurğuladı: “Müsavat Partiyasının bu aksiyanı özünün təşkil etməsi ilə bağlı bir söz deyə bilmərəm. Çünki belə fikirlərə rast gəlməmişəm. Sizin qəzetiniz vasitəsilə Avropadakı azərbaycanlı mühacirlərə müraciət edirəm. Vətəninizi sevin, xaricdə oturub başqa ölkənin çörəyini yeyə-yeyə öz ölkənizi aşağılamayın, pis duruma salmayın. Sizlər getmisiniz, amma yaxınlarınız bu ölkənin çörəyini yeyirlər. Əgər istəyirsənsə, Azərbaycanda hər şey yaxşı olsun, o zaman qayıt ölkənə və öz işini gör. Uzaqdan-uzağa danışmaq, ölkəni təhqir etmək acizliyin bir nümunəsidir. Elə yaxşı oğlan, yaxud qızsansa, gəl otur ölkəndə, öz mübarizəni apar. Lazım olsa biz də gedərdik, baxmayaraq ki, bir çox çətinliklərlə üzləşirik. İstənilən halda bu ölkə bizim vətənimizdir. Biz bu vətəni seçmişik”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.