Təmas xəttində kritik eskalasiya: düşmən qüvvələri niyə cəmləşir?
23-02-2017, 22:39
Xəbər verildiyi kimi bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənov, Baş qərargah rəisi Nəcməddin Sadıqov və silahlı qüvvələrin komandanlığına daxil olan digər şəxslər təmas xəttində yaranmış əməliyyat şəraiti ilə bağlı təcili ön xəttə yola düşüb. Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Zakir Həsənova cəbhədə yaranmış vəziyyət barədə kəşfiyyat məlumatları təqdim olunub.
Bildirilib ki, düşmən təmas xəttinə əlavə qüvvələr, artilleriya sistemləri və texnika cəmləşdirir, qoşunların yenidən qruplaşdırılması aparılır. Zakir Həsənov düşmənə qarşı müvafiq cavab tədbirlərinin görülməsini əmr edib. Bu, təmas xəttində vəziyyətin dramatik ölçülərdə gərginləşməsindən xəbər verir.
Qeyd etmək lazımdır ki, təmas xəttində ağır silahlardan istifadə olunmaqla yeni eskalasiya təqribən 2 həftə əvvəldən başlayıb. Və bu, Ermənistanda aprelə təyin olunmuş parlament seçkilərinin həlledici mərhələsinin, seçki bloklarının formalaşmasının yekunlaşması dövrünə təsadüf etmişdi.
Virtualaz.org qeyd edir ki, bu seçkilərdə Serj Sərkisyanın “Lifik Samo, “Rufo” və digər bu kimi kriminal mənşəli ayamalara malik oliqarxların yer aldığı, müdafiə naziri Vigen Sərkisyanın başçılığı ilə tərtib olunmuş seçki siyahısına qarşı həm ənənəvi müxalifət, həm Sərkisyanın komandasından bu yaxınlarda ayrılmış iri məmurlar-Seyran Ohanyan, Ovik Abramyan, Vardan Oskanyan və digərləri çıxış edəcək. Bu seçkilərin Sərkisyanın zəifləmiş siyasi mövqeləri fonunda, onun üçün heç də asan keçməyəcəyini təxmin etmək olar. Deməli təmas xəttində eskalasiya indi Serj Sərkisyana hava-su kimi gərəkli hesab edilməlidir.
Təmas xəttində yeni eskalasiya başlatmaqla Sərkisyan nəyə nail olmaq istəyərdi? Belə görünür ki, onun məqsədi ötən ilin aprel döyüşlərində itirilmiş mövqelərin ən azı bir qisminin geri qaytarılmasına cəhd etmək, yaxud təmas xəttinin digər istiqamətlərində yeni mövqelər ələ keçirmək ola bilər. Hansı ki, erməni generalları və səhra komandirləri ötən ilin aprelindən bu yana vaxtaşırı olaraq itirilmiş ərazilərin geri qaytarılmasının “tezliklə baş verəcəyi” haqda bəyanatlar səsləndirirlər.
Məsələn, bu günlərdə Qarabağdakı qondarma rejimin “təhlükəsizlik şurasının katibi” (həmin vəzifəyə ötən il təyin olunub), general Vitali Balasanyan Talış kəndində olarkən apreldə itirilmiş ərazilərin “tezliklə azad ediləcəyi” haqda danışıb. Yaxud Ermənistan ordusunun Baş qərargah rəisi, general Movses Akopyan bir neçə gün əvvəl Azərbaycanla sərhəd Tavuş vilayətindən olan gənclərlə görüşü zamanı həmin regionun Movses kəndinin sakinlərinə “tezliklə təhlükəsiz şəraitdə yaşamaq” vədi verib.
General Movses deyib ki, onun adını daşıyan kəndin Azərbaycan mövqelərindən atəşə tutulmasının qarşısı “birdəfəlik alınacaq”. “Biz həmin istiqamətdə onlara qarşı cəza tədbiri həyata keçirəcəyik”-Movses Akopyan Azərbaycan ordusunun strateji yüksəklikdə yerləşən mövqeyinə hücumun olacağını anons edib.
Ermənistan ordusunun apreldə itirilmiş əraziləri geri almaq cəhdinin baş tutması mümkün olmasa belə (Azərbaycan ordusunun düşmənin ilk belə cəhdinə qarşı necə dağıdıcı zərbə vuracağını təxmin etmək çətin deyil-müəl.) təmas xəttində eskalasiya Sərkisyanın hakimiyyəti üçün seçkilərdə çox lazımdır. Bir qayda olaraq Ermənistandakı bütün seçkilərdə əsas “kozır” Qarabağ məsələsi olur və indi belə eskalasiya Sərkisyana xalqı öz hakimiyyəti ətrafında birləşdirməyə nail olmaq üçün işə yaraya bilər. Bu baxımdan təmas xəttində yaranmış son vəziyyət kifayət qədər ciddidir və Azərbaycan ordusunun komandanlığının təcili ön xəttə yollanması yaranmış vəziyyətin sıradan eskalasiya olmadığını deməyə əsas verir.
Belə vəziyyətdə nə gözlənilir və Azərbaycan ordusu hansı cavab tədbirləri görə bilər, yaxud görməlidir?
Birinci növbədə silahlı qüvvələrimiz düşmənin cəmləşmə rayonlarını dəqiq müəyyən edərək həmin qüvvələrin hərəkətə keçmə məqamında ləngimədən güclü əks-zərbələr endirməlidir. Bu, təmas xəttindən nisbətən aralıda mövqe tutmuş uzaqvuran artilleriya və zenit-raket sistemlərimiz vasitəsilə edilə bilər. Digər addım zirehli texnikanın ön xəttə yaxınlaşdırılması və düşmənin zirehli-piyada bölmələrinin mümkün həmləsini dəf etmək üçün hazırlıqların aparılması, təmas xəttinə sürətlə əlavə canlı qüvvə yerləşdirilməsi, o cümlədən xüsusi təyinatlıların qəfil əməliyyatlar üçün hazırlıq vəziyyətinə gətirilməsi ola bilərdi. Habelə düşməni cəmləşmə rayonlarından geriyə oturtmaq üçün başqa preventiv tədbirlərin görülməsi də heç şübhəsiz ki, komandanlıq tərəfindən nəzərdən keçirilir. Heç bir halda yol vermək olmaz ki, düşmən ötən ilin aprelində aldığı zərbələrdən sonra lovğalanmaq üçün hansısa üstünlüklər əldə etsin.