“Bakını vurmağa İrəvanın cürəti çatmaz” – işğalçıya “soyuq duş” xəbərdarlığı
25-02-2017, 12:49
4 günlük aprel müharibəsinin ildönümü yaxınlaşdıqca işğalçı Ermənistanın narahatlığı da artır. Bunu həm İrəvan rəsmilərinin, konkret olaraq, prezident Serj Sərkisyanın seçki təbliğatı kampaniyası çərçivəsində verdikləri ürkək bəyanatlarından, həm də ötən ilin aprelindən sonra onların Rusiyadan aldıqları bəzi silahları tez-tez dilə gətirib, ara-sıra Azərbaycana ünvanlı hədələyici açıqlamalar vermələrindən görmək olar.
Bu kimi bəyanatlarda müharibə xofu da aydın sezilir. Necə deyərlər, işğalçı ölkənin siyasi-hərbi rəhbərliyi bir yandan Azərbaycana “xox” gəlməyə çalışırsa, digər yandan özü də möhkəm qorxur, təlaş keçirir. Serj Sərkisyan çıxışlarının birində boşuna “dünyada qorxmayan adam yoxdur”, deməmişdi ki...
***
Son olaraq Ermənistanım müdafiə naziri Vigen Sərksiyan “RİA-Novosti”yə müsahibəsində özündənrazı şəkildə “İsgəndər” raket komplekslərini üstünlüklərindən danışaraq, onu gözümüzə soxmağa çalışmış, guya bu raketlərin Bakıya qarşı çəkindirici qarant rolunda olduğunu iddia eləmişdi. Lakin erməni müdafiə nazirinin, digər İrəvan rəsmilərinin analoji, bir az da reallıqdan uzaq eyforik bəyanatını şərh edən rusiyalı tanınmış şərhçi, xarici siyasət, müdafiə və təhlükəsizlik sahəsində ekspert Qriqori Trofimçuk fərqli düşünür.
“Erməni tərəfi bu yaxınlarda məxsusən dəqiqləşdirdi ki, Moskva yox, onun özü ”İsgəndər"lərin idarə pultunda “əyləşib”. Məhz bu kimi bəyanatlar çəkindirici sayıla bilər, nəinki həmin raket kompleksinin özü. Çünki bu sistemi praktikada, döyüş şəraitində tətbiq etmək lazım gəlsə belə, istənilən halda Moskvanın razılığı alınmalıdır. O sadə səbəbə ki, Rusiya və Ermənistan eyni hərbi blokun üzvləridir". Musavat.com-un məlumatına görə, bu sözləri politoloq rusdilli Vesti.az saytına açıqlamasında deyib.
Bununla belə, politoloq aşağıdakı məqamları vurğulamağı da zəruri sayıb: “Ancaq tarix göstərir ki, eyni silahın münaqişə tərəflərində olması onların bir-birinə hücum etməsini əngəlləməyib. Adi tüfənglər olan vaxtda da belə olub, eyni şeyi həm Azərbaycanın, həm də Ermənistanlın malik olduğu raket kompleksləri haqda söyləmək olar. Bu mənada ”İsgəndər"lərə möcüzə və yüz faizli zəmanət kimi baxmaq əlbəttə ki, olmaz. Ona görə ki, əgər Bakı ötən ilin apreli ilə müqayisədə cari təmas xəttinin daha dərinliyinə girmək qərarı versə, o zaman keçən ilki kimi bir müharibə olacaq. Yəni, onun davamı olacaq. Əgər Ermənistan “İsgəndər” vasitəsilə Azərbaycan ərazisinə və ya birbaşa Bakıya asimmetrik zərbə endirmək fikrinə düşsə, o zaman bu, avtomatik şəkildə bütün Güney Qafqazda müharibəyə gətirəcək".
***
Bu, doğrudan da artıq böyük savaş demək olardı. Belə bir müharibəni aparmağa isə Ermənistanın nə yetərli iqtisadi, nə də insani resursu var - “İsgəndər”lə öyünməyə nə var? Belə bir müharibə yüzdə yüz Ermənistanın simvolik dövlətçiliyinin də üstündən xətt çəkəcək.
Düşmən gərək unutmasın ki, Azərbaycan indi artıq Türkiyə, nüvə Pakistanı, Güney Azərbaycan, İsrail kimi əlavə və mühüm dəstəkçilərə, strateji tərəfdaşlara da malikdir. Onu da gərək yaddan çıxarmasın ki, Azərbaycan yerində dayanmayıb və “İsgəndər”lərlə bağlı da gərəkəni edir. Lazım olarsa, bu kompleksi o, Rusiyadan ala da bilər. Hər necə olmasa, Moskvanın imtina üçün heç bir hüquqi əsası yoxdur. Əks halda, Bakı İrəvandan fərqli olaraq, Rusiya ilə silah ticarətini dondura, onu başqa dövlətlə əvəzləyə bilər. Düşünmürük ki, bu, Kremlin maraqlarına cavab verərdi...
Müxtəsəri budur ki, İrəvanın Bakını vurmağa cürəti çatmaz. Həm də o səbəbə ki, Naxçıvandan İrəvan və Metsamor AES-ini daha tez vurula bilər, çünki aradakı məsafə İrəvandan, Xankəndindən Bakıya olan məsafədən dəfələrlə yaxındır. Odur ki, belə ağılsız qərardan öncə erməni rəhbərləri 10 dəfə düşünməlidir. Axı, söhbət faktiki surətdə işğalçıya “soyuq duş” effekti vəd edən reallıqdan gedir.
***
Yerli siyasi təhlilçilər də vəziyyətin partlayış xarakterli olmasına diqqət yönəldirlər. O sırada politoloq Arzu Nağıyevə görə (Axar.az), son zamanlar istər təmas xəttində, istərsə də Ermənistan-Azərbaycan sərhədində baş verən hadisələr birbaşa Ermənistanda keçiriləcək seçkilərlə bağlıdır. Onun qənaətincə, Qarabağ münaqişəsi hər zaman bütün siyasi proseslərdə ermənilər tərəfindən bir kart kimi istifadə olunub.
“Bu azmış kimi, qondarma rejim ”referendum" keçirir, üstəlik, Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz olaraq gəlmiş xarici “müşahidəçilər” həmin saxta tədbirə qatılırlar. Ermənilər müxtəlif təxribatlara əl atmaqla guya atəşkəsin Azərbaycan tərəfindən pozulmasını göstərmək istəyirlər. Bu, hər iki tərəfdən itkilərlə nəticələnir. Təəssüf ki, Minsk Qrupunun həmsədrləri də ciddi bəyanatlarla çıxış etmirlər. Təbii ki, hərbi yolla münaqişənin həllinə qadir olan ölkənin başçısı - prezident İlham Əliyev çox ciddi bəyanatla çıxış etdi və bildirdi ki, separatçı və işğalçı rejim Azərbaycanın hər bir əsgərinə, zabitinə görə cavab verəcək", - deyə ekspert diqqətə çatdırıb.
Politoloq vurğulayıb ki, erməni tərəfi istər BMT, istərsə də digər beynəlxalq qurumların qərarlarına məhəl qoymur, öz siyasi məqsədlərinə çatmaq üçün hər gün təxribatlara əl atır: “Deməzdim ki, bu, genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. Lakin artıq ağır artilleriya və digər silahlardan istifadə edilməyə başlanıbsa, bu proses aprel hadisələrinə bənzər bir sonluqla nəticələnə bilər”.
***
Beləcə, konstruktiv danışıqlardan, ədalətli sülhdən israrla boyun qaçıran işğalçı ölkə Azərbaycanın səbrini az qala, hər gün sınağa çəkməkdədir. Bu səbir isə sonsuz deyil... \\musavat.com\\