İŞİD İranda nə edir?

8-06-2017, 09:38           

İranda baş verən hücumlar nəticəsində 12 nəfər həlak olub. Təhlükəsizlik qüvvələri basqınların baş verdiyi parlament binası və məqbərə ətrafındakı rayonları nəzarət altında saxlayırlar. Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

İranın həm İraqda, həm də Suriyada İŞİD-lə mübarizədə fəal iştirakına baxmayaraq, bu sünni qruplaşma indiyədə qədər İran daxilində heç bir hücum həyata keçirməmişdi. Bəs İŞİD İranda nə edir? BBC Farscadan Əmir Paivar suallara cavab verir.

İŞİD İranda nə edir?


Belə düşünülür ki, sünni yaraqlı qruplaşma olan İŞİD şiə qruplarını dəstəklədiyinə görə İranı özünün ən qatı düşməni sayır. Buna görə də onlar İrana hücum etməyi hər zaman istəyirdilər. Lakin İranın kəşfiyyat qüvvələri belə hücumların qarşısını ala biləcək qədər güclü idi. Belə başa düşmək olar ki, İran kəşfiyyatının torundan sürüşüb keçən bu hücum çox ciddi bir cəhd olub. Üstəıik bu, İslam İnqilabının banisi ayətullah Xomeyninin ölümünün ildönümünün ertəsi günü baş verib. Üç hücum planlaşdırılıbmış. Onlardan biri İranın kəşfiyyat və təhlükəslzik qüvvələri tərəfindən önlənib. İki hücum – biri parlament, digəri isə Xomeyninin məqbərəsinə olmaqla baş tutub. Hər üç hücumda iştirak edən komanda bu və ya digər dərəcədə eyni tərkibli olub. Məqbərəyə hücum edən komanda iki intiharçıdan, parlamentə hücum edən dəstə isə bir intiharçıdan ibarət olub. Ümumilikdə isə hər bir komandada pulemyotlar və partlayıcı kəmərlərlə silahlı 3-4 iştirakçı olub.

Niyə indi?

Belə görünür ki, İŞİD bu işi həmişə görmək istəyirmiş, lakin indi bu onun qlobal kampaniyasının bir hissəsinə çevrilib. Əgər xatırlayırsınızsa İŞİD-in başçısı öz davamçılarını hədəflər üzərinə müqəddəs Ramazan ayında hücumlar etməyə çağırmışdı. Buna görə də biz Londonda hücumların artmasını müşahidə edirik. Parisdə və İranda da hücumlar olur.

Bu, İran prezidenti üçün sınaqdırmı?

Əlbəttə, bu onun üçün sınaq olacaq, lakin onun tabeçiliyində yalnız kəşfiyyat var. Təhlükəsizlik və kəşfiyyat xidmətlərinin daha böyük hissəsi onun səlahiyyətləri xaricindədəir. Bu qüvvələr İnqilab Keşikçilərinə aiddir və hava limanları, məhkəmələr və parlamentin mühafizəsi kimi təhlükəszilik prioritetləri onların nəzarətindədir. Bütün əsas infrastrukturlar İnqilab Keşikçiləri tərəfindən qorunur və onlar Ruhaninin komandanlığı altında deyil. Heç polis qüvvəsi də prezidentə tabe deyil. Bütün polis və hərbi qüvvələrinə ali lider komandanlıq edir. Lakin ümümilikdə bu, bütün ölkə, o cümlədən prezident üçün imtahan olacaq.

İranın “təlatümlü regionda təhlükəsiz yer” statusu sarsıldımı?

İranda hərbi təhlükəsizlik həmişə çox güclü olub və yenə də güclüdür. Bu qüvvələr hakimiyyət tərəfindən ciddi dəstəklənir və elə buna görə də hücumların qarşısını ala bilir. Onlar iddia edirlər ki, bu vaxtadək edilmiş bütün hücum cəhdlərinin qarşısını ala biliblər. İraqdakı İŞİD-in yaxınlıqda olmasına görə İranda sərhəd mühafizəsi və ölkə boyunca təhlükəsizlik çox güclüdür. Lakin bu insident – ilk insident! – indi bu qüvvələrin nə dərəcədə effektiv olması barədə suallar yaradacaq. Buna baxmayaraq, indi diqqət yetirmək lazım gələcək ki, bu insidentlər davam edəcək, yoxsa sözü gedən hücumlar ayrıca bir hal olub? Buna görə də indi biz bunun belə davam etməyəcəyini göstərmək istəyən təhlükəsizlik və hərbi qüvvələrin daha sərt davranışının şahidi olacağıq.

İctimaiyyətin bu hadisəyə reaksiyası necə olub?

İctimaiyyət təəccüblənib. Cəmiyyət necə bir təhlükəsiz və sabit ölkədə yaşaması ilə fəxr edirdi. Lakin burada başqa bir aspekt də var. Eyni zamanda sünni ölkələrində yaradılmış bəzi sosial medialarla tanış olanlar gərginliyin qalxmaqda olduğunu bilirdilər. İran cəmiyyəti baş vermiş insidenti Səudiyyənin xarici işlər naziri və başqa rəsmilərinin düşmən bəyanatları ilə əlaqələndirir. İranda ümumi qənaət belədir ki, İŞİD terrorçu qruplaşmaları dolayısı ilə regionin sünni və vəhabi dövlətləri tərəfindən maliyyələşdirilir. Üçüncü aspekt budur ki, adamlar İranın belə bir vəziyyətə çox arxayın yanaşmasından təəccübləniblər. Hücumların baş verdiyi vaxtda parlamentin sessiyası davam edirdi, xəbər kanalları kəsilməmişdi və televiziyalar adi qaydada proqram və sənədli filmlərini yayınlayırdılar. İctimaiyyət narazılıq edir ki, dünyanın başqa yerlərində media belə xəbərlərə dərhal cumur. Ona görə də adamlarda belə bir təsəvvür yaranır ki, situasiyaya həddindən artıq arxayın yanaşılır. Bu da ola bilər ki, arxayın yanaşma bilərəkdən nümayiş etdirilir. Yəni “baxın və narahat olmayın. Hər şey normaldır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.