Monteneqroda təhlükədə olan milyonlarımız

9-06-2017, 10:26           
Monteneqroda təhlükədə olan milyonlarımız
Fikrət Yusifov: “Yatırım etmiş tərəfin rahatsızlıq keçirməsi üçün heç bir əsas ola bilməz”

Monteneqronun NATO-ya üzv olması, gözlənildiyi kimi, Rusiya tərəfindən ciddi narahatlıqla qarşılanıb. Artıq məsələ ilə bağlı Kreml rəhbəri Vladimir Putin də mövqeyini bildirib. O, üstüörtülü şəkildə Monteneqronun NATO-ya üzvlüyünün heç nəyi dəyişməyəcəyinə, yəni başının üzərindəki mümkün təhlükədən sığortalanmadığına işarə edib.


Rusiya rəhbərinin əslində bununla Qərbə meydan oxuduğu, Monteneqro hökumətinə mesaj ünvanladığı vurğulanır. Azərbaycan acısından da məsələni müxtəlif cür dəyərləndirirlər. Monteneqroya külli miqdarda yatırım yatıran hökumətin bu vəsaitləri necə qoruyacağı, onların taleyinin necə olacağı suallar doğurur. Heç şübhəsiz ki, rəsmi Moskva Monteneqronun Qərb yolçuluğunu sükutla qarşılamayacaq. Bu zaman isə Azərbaycanın oradakı biznes bazarına da zərbə dəymə ehtimalları yaranır. Nəticədə rəsmi Bakının seçim qarşısında qalacağı indidən görünür. Hökumət biznesini qoruyarsa, Rusiyaya arxa çevirməli olacaq. Bunun əksini isə edərsə, o zaman bu ölkədəki biznesi təhlükə altına düşə bilər.


Politoloq Elçin Mirzəbəyli Monteneqronun NATO-ya üzv olmasının heç nəyi dəyişmədiyini düşünür: “Putindən daha öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan etmişdi ki, Moskva NATO-nun genişlənməsinin əleyhinə deyil. Təbii ki, bu, faktiki olaraq NATO ilə işbirliyi içərisində olan ölkələrə aid olan yanaşmadır. Monteneqronun NATO-ya üzvlüyü onsuz da Rusiya üçün heç nəyi dəyişmir. Bu ölkə ABŞ-ın Şərqi Avropadakı ən yaxın müttəfiqlərindən biridir. Monteneqro Avropa İttifaqı üzvlüyünə namizəd olsa da, vahid Avrozonaya daxildir. NATO-ya üzvlük isə bu ölkənin Avropa İttifaqına tamhüquqlu üzv olmasını daha da tezləşdirə bilər. Bu baxımdan, Rusiya üçün Monteneqro məsələsində yenilik baş verməyib. Əslində Rusiyanı NATO ilə bağlı narahat etməli olan amillərin sayı kifayət qədərdir. Bunların arasında ən önəmlisi NATO ölkələrinin Rusiya təcavüzü qarşısında fikir ayrılıqlarına son qoyması və bu təcavüzün qarşısının alınması üçün alyansın vahid büdcəsinə əlavə olaraq 370 milyard dollar vəsait ayırmaq barədə razılığa gəlmələridir. Bu vəsait isə təkcə silahlanma üçün nəzərdə tutulmayıb. Bu baxımdan, Rusiyanın NATO-ya meydan oxuması inandırıcı görünmür.

Putinin açıqlaması daha çox Rusiyanın Monteneqro məsələsində NATO ilə qarşıdurmaya getməyəcəyi təəssüratını yaradır. Monteneqronun NATO-ya üzvlüyü Azərbaycan üçün də heç nəyi dəyişmir. Ona qalarsa, Azərbaycana ən çox investisiya yatıran ölkələr elə NATO üzvü olan ölkələrdir. Rusiyanın özü də NATO üzvü olan Türkiyə ilə iqtisadi əməkdaşlığı genişləndirir. NATO üzvü olan ölkələrdə Rusiyanın da sərmayələri var, yaxud əksinə... Bu baxımdan, Rusiyanın məhz Monteneqro ilə bağlı məsələdə Azərbaycana təzyiq edəcəyi inandırıcı deyil. Rusiya onsuz da təzyiqlərinə ara vermir. Əgər Rusiyanın arzu və istəklərinə görə hərəkət etsək, o zaman bizim üçün həyati əhəmiyyət kəsb edən bütün layihələrdə iştirakımızı dayandırmalıyıq. Rusiya demokratikləşməyənə qədər Azərbaycanın bu ölkə ilə sivil tərəfdaşlıq münasibətləri qurması mümkün olmayacaq. Rusiyanın yanında olmaq dünyadan təcrid olunmaq, perspektivi olmayan bir yola baş vurmaqdır. Dünyanın gələcək siyasi sistemində Rusiyanın iddialarına yer yoxdur. İndiki mərhələdə isə biz yalnız özümüzü qorumalıyıq”.


Sabiq maliyyə naziri, iqtisadçı alim Fikrət Yusifov Azərbaycan tərəfin biznesinin təhlükə altına düşdüyünü düşünmür: “Əgər Azərbaycan tərəf hər hansı bir ölkənin ərazisində yatırımlar edibsə, həmin ölkədə siyasi hakimiyyətin və ya siyasi baxışların dəyişməsi ora yatırılmış vəsaitlərin dərhal geri çəkilməsi anlamına gəlməməlidir. Bir ölkədə siyasi hakimiyyətin və ya siyasi vəziyyətin dəyişməsi, həmin ölkədəki biznes mühitinə hər hansı bir təhlükə yaratmırsa, bu halda yatırım etmiş tərəfin rahatsızlıq keçirməsi üçün heç bir əsas ola bilməz. Bu səbəbdən də bizim iş adamlarımızın və ya dövlətin özünün yatırım etdiyi hər hansı bir ölkənin müəyyən bir hərbi alyansa üzv olmasının nəyisə dəyişəcəyi inandırıcı görünmür”.musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.