“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO

9-06-2017, 18:06           
“Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal...” - VİDEO
Bu günün əsas mövzusu Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbulda yerləşən "Florence Nightingale” klinikasında dünyasını dəyişməsidir.

Sosial şəbəkə istifadəçiləri, hətta hökumətə tənqidçi mövqedə dayananlar da mərhum naziri səmimi insan və şəffaf fəaliyyəti ilə seçilən nazir kimi xatırlayırlar. Jurnalistlər müxtəlif vaxtlarda nazirdən müsahibə aldıqları zaman yaşanan maraqlı hadisələri xatırladırlar.

BakuPost.az xəbər verir ki, mərhum nazirin maraqlı müsahibələrindən biri də bir neçə il əvvəl ANS-də yayımlanıb. N.Əliyev sözügedən müsahibəsində "Əsrin müqaviləsi”nin bağlanmasının gizlinlərindən danışıb.

O bildirib ki, 1994-cü il xalqın həyatında məsuliyyətli bir dövr idi: "Bu il gərgin danışıqlarla keçirdi. Türkiyədə 15-20 gün bütün şirkətlərlə kontraktlar hazırlayırdıq.

İyul ayında isə Amerikaya getdik və Hyuston şəhərində danışıqlar davam elədi. Bizim çox böyük komandamız var idi. O dönəmdə danışıqlara indiki prezidentimiz İlham Əliyev rəhbərlik edirdi, özü proseslərdə iştirak edirdi və müqavilələr hazırlanırdı.

Ordan qayıdandan sonra Heydər Əliyev demişdi ki, Natiq Əliyevi dərhal qəbul etdim, o mənə məlumatlar verdi. Doğurdan da belə olmuşdu. Mən ona əsas prinsipləri, nəyi müdafiə etdiyimizi ətraflı məruzə elədim”.

N.Əliyev bildirib ki, həmin dövrdə "Əsrin müqaviləsi” ilə bağlı Rusiyanın müəyyən etirazı var idi: "Rusiya deyirdi ki, Xəzərin statusu müəyyən olmadan biz xarici şirkətləri gətirməyək.

Amma buna baxmayaraq, Heydər Əliyev qəti fikrini bəyan eləmişdi. Biz müstəqil qərarımızı verdik və məsələ həll olundu. İnanmıram ki, hansısa dövlət həmin vaxt belə müstəqil addım ata bilərdi.

Üstəlik, daxildə də vəziyyət yaxşı deyildi, xoşagəlməz hadisələr baş verirdi. Sui-qəsdlər olurdu, təcridxanadan bəzi cinayətkarlar qaçmışdılar. Heydər Əliyev bilirdi ki, belə hadisələr baş verə bilər, bu cür qüvvələr kontraktın qarşısını almaq üçün təxribatlar törədə bilər.

Mənə dedi ki, siz bu kontraktı çox yaymayın, amma hazırlaşın. Ona görə 17 sentyabr ərəfəsində hazırlıqlar, qonaqların qarşılanması, müqavilənin tərcümə olunması və bu kimi işlərlə məşğul idik”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.