“Dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbə”

6-07-2017, 11:07           
“Dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbə”
“Dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbə”
Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları irəli sürməsi nəticəsində başlayıb. Beynəlxalq aləmdəki havadarlarına, o cümlədən ələ aldıqları SSRİ rəhbərliyinə arxalanan erməni ideoloqları bu absurd iddiaları reallığa çevirmək üçün separatçılığı körükləyiblər. Beləliklə də 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla ölkəmiz arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT, həmçinin digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Lakin buna baxmayaraq, işğalçı Ermənistan beynəlxalq hüququn prinsip və tələblərinə məhəl qoymur, təcavüzkar siyasətini bu gün də davam etdirir. Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk qrupu, o cümlədən Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu indiyə qədər münaqişə tərəflərinin də iştirakı təmin olunmaqla xarici işlər nazirləri, prezidentlər səviyyəsində çoxsaylı görüşlər keçirib. Lakin Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesində sərgilədiyi qeyri-konstruktiv mövqe, yaxud da cəbhə xəttində müxtəlif təxribatların törədilməsi, vəziyyətin yenidən gərginləşdirilməsi səbəbi ilə bu vaxta kimi münaqişə həllini tapmayıb.

Danışıqlar prosesini pozmaq üçün ən müxtəlif vasitələrə əl atan Ermənistan tərəfi iyulun 4-də növbəti dəfə təxribat törətməklə işğalçı və terror dövləti olduğunu, beynəlxalq hüquqa əhəmiyyət vermədiyini bir daha ortaya qoyub. Belə ki, Ermənistan silahlı qüvvələrinin həmin gün Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini artilleriya qurğuları, minaatanlar və digər iriçaplı silahlardan intensiv atəşə tutması nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsi həyatını itirib, bir nəfər dinc sakin ağır yaralanıb. Mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrinin dağıdılması və zərər vurulması müvafiq beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, terrorçu Ermənistan rejiminin qaniçən mahiyyətini, şəxsən prezident Serj Sarkisyanın Azərbaycan xalqına qarşı düşmənçilik münasibətini əyani şəkildə nümayiş etdirib.

Bu hadisə Azərbaycanın aidiyyəti qurumları tərəfindən dərhal nəzarətə götürülüb, dövlət səviyyəsində beynəlxalq aləm məlumatlandırılıb, Ermənistan siyasi rəhbərliyinin əsl mahiyyətini ortaya qoyan bəyanatlar səsləndirilib. Azərbaycan cəmiyyətinin nümayəndələri də bu vandalizm aktına etiraz ediblər. Milli Məclisin deputatı, politoloq Elman NəsirovAlxanlı kəndindəki hadisəyə münasibət bildirərkən deyib ki, Ermənistana birbaşa himayədarlıq edən qüvvələrin üzərinə məsuliyyət düşür. Onun fikrincə, son hadisə bir daha onu göstərdi ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək niyyəti yoxdur. O, qeyd edib ki, Ermənistanın belə təxribatları nəticəsində ötən il aprel döyüşləri baş verib və nəticədə Ermənistan böyük itkilərlə üz-üzə qalıb. Deputat bildirib ki, Ermənistan indi də təxribatları davam etdirir, dinc əhalinin yaşadığı əraziləri atəşə tutur: "Ermənistan silahlı qüvvələrinin və Sarkisyan rejiminin bu addımı dalana dirənmiş danışıqlar prosesinə arxadan zərbədir. Ermənistanın bu addımı ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətinin, o cümlədən onların regiona son səfəri zamanı verdiyi bəyanatın üzərindən xətt çəkir. Vyana danışıqlarının nəticələrini heçə endirir”.

Millət vəkilinin fikrincə, bu təxribat prezidentlərin qarşıdan gələn görüşünün baş tutma imkanını da məhdudlaşdırır. Deputat hesab edir ki, təxribatın törədilməsində məqsəd odur ki, danışıqlar baş tutmasın: "Hadisənin azərbaycanlıların Cocuq Mərcanlı kəndinə qayıtmasından, evlərin paylanmasından sonra baş verməsi təsadüfi sayılmamalıdır. Çünki bu gün Ermənistanda siyasi, iqtisadi, hərbi, mənəvi, psixoloji böhran yaşanır. Ermənistandakı rejim çalışır ki, belə təxribatlara əl ataraq daxili auditoriyanın etiraz dalğasını bir az sakitləşdirsin. Yəni hakim rejim xalqa göstərməyə çalışır ki, başı münaqişəyə qarışıb. Xalqa demək istəyir ki, iqtisadi problemləri kənara qoyub münaqişəni düşünün. Ermənistanın bütün bu gedişləri bizə bəllidir”.

Deputat bildirib ki, baş verən hadisələrdə birinci növbədə məsuliyyət Ermənistan dövlətinin üzərinə düşür. Həmçinin Minsk qrupu həmsədrlərinin, Ermənistana birbaşa himayədarlıq edən qüvvələrin, eləcə də beynəlxalq ictimaiyyətin üzərinə məsuliyyət düşür: "Hər dəfə bu cür təxribatlar baş verəndə ən yaxşı halda bəyanat verilir və bundan irəli gələn heç bir əməli addım atılmır. Bu isə Ermənistanda arxayınlıq sindromunu gücləndirir. Hər dəfə Ermənistan görür ki, ona qarşı ciddi təzyiq mexanizmi işə salınmır. Hesab edirəm ki, hadisələrin gedişatı münaqişənin hərbi yolla həllini aktuallaşdırır”.

Sonda bir daha qeyd edək ki, cəbhə xətti boyunca Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan əhalisinin sıx yaşadığı ərazilərin hədəfə alınması sübut edir ki, mütəmadi olaraq törədilən bu kimi qanlı təxribatların məqsədi dinc sakinləri öldürmək, yerli əhali arasında psixoloji gərginlik yaratmaqdır. Məlumat üçün bildirək ki, 2016-cı il aprel ayının əvvəlində də Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdəki mövqelərindən qoşunların təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki əhalini ağır silahlardan hədəfə alıb, nəticə olaraq Azərbaycanın 34 yaşayış məntəqəsi və kəndi artilleriya atəşinə məruz qalıb. Törədilən vandalizm aktı nəticəsində aralarında uşaqlar da olmaqla 6 nəfər həlak olub, 33 nəfər ağır yaralanıb. Eyni zamanda məktəblər, xəstəxanalar, təsərrüfat obyektləri ağır artilleriyanın aramsız hücumlarına məruz qalıb, ciddi zərər görüb. Bu dəfə də Ermənistan silahlı qüvvələrinin ardıcıl və davamlı şəkildə ağır silahlardan açdığı atəş nəticəsində dinc sakinlərin, o cümlədən 2 yaşlı uşağın qətlə yetirilməsi Ermənistan hökumətinin Xocalıda törətdiyi soyqırımının davamı və eyni qaniçən zehniyyətin növbəti məhsuludur. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.