Torpaq alveri, pul mənimsəmə və saxta seçkilər — Əfqanıstan Veteranlar İctimai Birliyində baş verən çirkin oyunlar
12-07-2017, 21:31
Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyi 30.12.1992-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış Azərbaycan Əfqanıstan Veteranlar İttifaqının hüquqi varisidir. Hazırda birliyin sədri Məhəmməd Vəliyevdir.
"Ölkə.Az" xəbər verir ki, Məhəmməd Vəliyev 13.08.2005-ci ildə Məhəmməd İsgəndərovun həbsindən sonra Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyinə sədr seçilib. Konfransın necə keçirilməsi də sual altındadır. Çünki birlik üzvləri bildirir ki, onların böyük əksəriyyəti konfransda iştirak etməyiblər, əvəzində isə Əfqanıstan veteranı olmayan şəxslər konfransa gətirilib və saxta səsvermə keçirilib.
2008-ci ildə MDB ölkələrinin Əfqanıstan veteranlarının konfransından sonra isə Məhəmməd Vəliyev barəsində cinayət işi açılıb. Buna səbəb isə konfransın keçirilməsi üçün dövlət tərəfindən ayrılan 73 min manatın 10 min manatını Məhəmməd Vəliyevin mənimsəməsi olub. Bununla əlaqədar Azərbaycan Respubilkası Baş prokurorunun birinci müavini Rüstəm Usubov tərəfindən cinayət məcəlləsinin 308.1-ci maddəsi ilə Məhəmməd Vəliyevə, Əbilfət Hüseynova və Cavan Əhmədova cinayət işi açılmışdı. Həmin şəxslər dövlətin ayırdığı pulu mənimsəmə və Əfqanıstan veteranlarına ayrılan torpaqları satmaqda ittiham ediliblər. O zaman birlik üzləri verdiyi izahatlarda onlardan pul alınmadığını bildiriblər. 2009-cu ildə cinayət işinə xitam veriləndən sonra 2010-cu ildə Əfqanısan veteranlarına torpaq paylayıblar.
Ancaq veteranların verdiyi məlumata görə, Məhəmməd Vəliyev torpaqları yenidən pulla satıb, özü də təkcə Əfqanıstan veteranlarına yox, Qarabağ veteranlarına da. Bu isə birliyin nizamnaməsinə ziddir. Bununla bağlı bir qrup veteran Məhəmməd Vəliyevə narazıılığını bildirib. Birlik sədri isə açıq şəkildə deyib ki, "kim pul verəcək torpaq alacaq, kim pul verməyəcək torpaq almayacaq". 188 nəfərə torpaq verilib, ancaq onların böyük əksəriyyəti Əfqanıstan veteranları yox, Qarabağ veteranlarıdır və torpaqlar pul ilə alınıb. Artıq bununla bağlı Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iş aparılır. Torpaqların hamısını rayonda olan Əfqanıstan veteranlarının adına keçirib başqa şəxslərə satıblar.
2014-2015-ci ildə Əfqanıstan veteranları dövlət qurumlarına, Ədliyyə Nazirliyinə şikayət ərizəsi ilə müraciət edirlər ki, Məhəmməd Vəliyev 2005-ci ildən konfrans keçirməməsinə baxmayaraq hələ də birliyə sədrlik edir. Qeyd edək ki, Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyinin nizamnaməsinə görə sədr hər 5 ildən bir seçilir və birlik hər 5 ildən bir Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirilir.
Birlik üzvlərinin şikayətindən sonra 2016-cı il 22 oktyabrda Məhəmməd Vəliyev konfrans keçirdi. Ancaq 19 oktyabr 2016-cı ildə Bakı şəhər, Sabunçu rayon məhkəməsi Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyinin konfrans keçirməsini qadağan edib. Qeyd edək ki, həmin konfransda millət vəkili Siyavuş Novruzov da iştirak edib. Siyavuş Novruzov da birliyin idarə heyətinin üzvü seçilib. Maraqlıdır ki, Siyavuş Novruzoun adı birlik üzvlərinin siyahısında yoxdur.
Maraqlı məsələ ondadır ki, hər 5 ildən bir yığıncaq keçirib sədr seçib, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməli olan birlik 2010-cu ildə belə bir konfrans keçirməyib. Buna baxmayaraq Ədliyyə Nazirliyi 2015-ci ildə keçirilməli olan konfransın 2016-cı ildə keçirilməsinə baxmayaraq qeydiyyata alıb.
Azərbaycan Əfqanıstan Veteranlar İctimai Birliyinin fəaliyyəti, torpaq satma, saxta sənədlərlə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi barədə daha geniş məlumatı "Ölkə.Az"-ın yayımlayacağı növbəti yazıda oxuya bilərsiniz.