«Təmiz» işləyən nazir nə qədər maaş almalıdır? — ARAŞDIRMA
13-07-2017, 20:12
Bir neçə il əvvəl Azərbaycan Mərkəzi Bankında (AMB) maraqlı hadisə baş vermişdi – bankın gənc, amma perspektivli, necə deyərlər «ümidverici» mütəxəssislərindən biri işdən getmək istədiyini bəyən edir. AMB rəhbəri Elman Rüstəmov bunun səbəbi ilə maraqlananda məlum olur ki, kommersiya banklarından birinin sahibi həmin mütəxəssisə öz bankında yüksək vəzifə və AMB-da aldığından az qala 20 dəfə (!) artıq maaş təklif edir. Təbii ki, AMB rəhbərliyi həmin işçinin getməsinə imkan vermir, üstəlik E.Rüstəmovun bir zəngi ilə kommersiya bankının sahibi də bu təklifi birdəfəlik yaddan çıxarır. Amma belə təkliflərin gələcəkdə də təkrarlanacağı nəzərə alınaraq məsələni birdəfəlik həll etmək üçün AMB əməkdaşları dövlət qulluqçuları siyahısından çıxarılır və onlara daha yüksək, maliyyə sektorundakılarla müqayisə olanacaq səviyyədə maaşlar təyin edilir. Nəticədə kənar təkliflərin işçiləri şirnikləndirməsinə son qoyulur. İşdən çıxmaq istəyən gənc isə doğrudan da ümidləri doğrultdu - hazırda o, AMB-nin rəhbərlərindən biridir.
Son günlər Azərbaycanda baş verən hadisələr, daha dəqiqi mətbuatda ayrı-ayrı məmurların gəlirləri barədə yayılan məlumatlar və onlara verilən reaksiya mənə bu hadisəni xatırlatdı. Azərbaycanda dövlət məmurlarının gəlirləri və onların ictimaiyyətə açıqlanması ilə bağlı çağırışlar çoxdan unudulsa da, son vaxtlar baş verən bəzi hadisələr, ictimaiyyətə açıqlanan məlumatlar bu məsələləri yenidən gündəmə gətirib.
Məmurlara verilən böyük məbləğli aylıq paketlər, büdcədən yayındırılan və müxtəlif üsullarla mənimsənilən pullar barədə məlumatlar məmurların rəsmi və qeyri-rəsmi gəlirləri arasında böyük fərqlərin olduğunu aşkarladı.
Nazir çox qazanır, yoxsa sürücüsü?
Gəlin, dövlət məmurlarının rəsmi maaşlarına baxaq. Dövlət orqanlarının rəhbərlərinin aylıq əmək haqqı prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı «Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilməsi haqqında» sərəncamı ilə müəyyən olunub. İndiyədək sərəncama və məbləğlərə bəzi dəyişikliklər edilib, hazırki durum belədir:
Elə həmin sərəncamla adı çəkilən şəxslərə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün vəzifə maaşlarının 25 faizi məbləğində aylıq əlavə pul təminatı verilir. Bu 25%-i də nəzərə alanda baş nazirin “təmiz” aylıq gəliri 2787 manat, nazirlərin maaşları 2187 manat və s. təşkil edir. Rayon icra hakimiyyətlərinin rəhbərlərində isə məbləğlər 1000-2187 manat arasındadır.
Nazirlər bu pulla dolana bilirmi?
Doğrudanmı, bu qədər böyük və məsuliyyətli fəaliyyətlə məşğul olan, çoxsaylı (bəzən bir neçə min nəfərlik) kollektivə rəhbərlik edən, müxtəlif sahələrdə dövlət siyasətini müəyyənləşdirən, onu həyata keçirən, nəzarət edən və bu sahədə baş verən bütün proseslərə görə başı ilə cavabdeh olan şəxslər bu maaşa işləyirlər? Həmin məbləğlərə görə - hətta vəzifənin gətirdiyi digər imtiyazları (xidməti maaş, mükafatlar, ev və s.) da nəzərə alanda, bu qədər böyük məsuliyyəti üzərinə götürməyə dəyərmi?
Açıq etiraf olunmasa da, hazırda Azərbaycanda dövlət məmurlarının maaşlarının müəyyən olunmasında məsuliyyət-maaş bağlılığı pozulub. Hər halda rəsmi maaşlar onların nəzərdə tutulduğu vəzifənin nə məsuliyyətinə, nə də yükünə uyğun gəlmir. Təsəvvür edin, eyni maaşı hansısa şirkətdə təhlükəsizlik əməkdaşı kimi, qat-qat rahat şəkildə almaq olarsa, adam nəyə görə bu qədər məsuliyyət və stressə razılaşmalı, nazirlərdən birinin də etiraf etdiyi kimi, az qala telefon qulağında yatmalıdır? Nə qədər qəribə də olsa, hazırda nazirlər üçün nəzərdə tutulan maaşı onların ailə sürücüləri də asanlıqla qazanırlar, tamamilə rəsmi şəkildə.
Bir imzanın qiyməti nə qədərdir?
Ümumilikdə, dövlət və özəl sektorunun maaşları arasında – əlbəttə ki söhbət rəsmi gəlirlərdən gedir – böyük bir uçurum yaranıb. Nazirlər üçün nəzərdə tutulan rəsmi maaşı banklardakı kredit mütəxəssisləri asanlıqla qazanır, baş nazirin maaşını qazanmaq üçün isə tikinti sahəsində icraçısı və mobil operatorların birində aparıcı sıravi mütəxəssis olaraq bütün gün ərzində bir-iki cümlə yazmaq və ya telefon zənglərini cavablandırmaq kifayətdir.
Təsəvvür edin, 5-10 milyonluq obyektin tikilib-tikilməməsi məsələsini bircə imza ilə həll etmək gücündə olan icra hakimiyyəti başçısı cəmi 1200 manatla dolanarmı? Və ya yenə də hər hansı qərarı ilə böyük biznes strukturuna milyonlarla manat fayda və yə zərər gətirə bilən nazir 1750 manatla razılaşarmı?
Əlbəttə ki, razılaşmırlar, son günlər ictimaiyyətə açıqlanan məlumatlar göstərir ki, məmurlar arasında məsuliyyətin monetizasiyasının fərqli formaları da var. Söhbət onların paket adı ilə tanınan qeyri-rəsmi gəlirlərindən gedir. Və nə qədər qəribə səslənsə də, ikinci sistem daha ədalətli görünür.
Məsələnin, başqa tərəfi var. Xarici ölkənin nüfuzlu universitetdərində bir neçə il təhsil alaraq ən müasir biliklərə yiyələnən, aldığı təhsilə görə xaricdə də işləmək imkanı olan perspektivli gənc, hansısa dövlət qurumunda ayda 400-500 manata aparıcı mütəxəssis işləməyə razılaşarmı? Bu sualın cavabı yoxdur, sadəcə qeyri-ciddi söhbətdir.
Aylıq 300 min manatlıq paket
Ölkə ictimaiyəti dövlət məmurlarının gəlirlərinin əsl miqyasından «Rabitə işi» məhkəməsində xəbər tutdu. İlk dəfə açıq etilarf edildi ki, nazir və onun müavinləri öz rəsmi maaşlarından əlavə hər ay “dolanışıq üçün” fantastik məbləğdə «paketlər» alırmışlar. Nazir müavinləri ayda 30 min manat (məhkəmədə özləri etiraf ediblər və hazırda bu vəzifədə çalışırlar), nazir isə 300 min manatlıq paketlə təmin edilirmişlər. Halbuki, müavinlərin rəsmi maaşları bu məbləğdən 20 dəfə, nazirin maaşı isə az qala 150 dəfə az idi.
Ayda 1 milyon dollarlıq «qara» icarə haqqı
Məmurların real gəlirləri ilə bağlı ikinci «keys» də məhkəmədə ortaya çıxdı. Keçmiş MTN-in generalı Akif Çovdarov və digərlərinin cinayət işi üzrə aparılan məhkəmə prosesində Çovdarov, ölkənin ən tanınmış məmurlarından olan «Bakı metropoliteni»nin sabiq sədri Tağı Əhmədovun gəlirlərini açıqlayıb. Keçmiş MTN-çi bildirib ki, təkcə metronun ətrafındakı ticarət obyektlərindən hər ay yığılan 1 milyon dolların 90%-i gizlədilib. Qatarların təmiri, yeni qatarların alınıb gətirilməsində milyonlarla manat və dollar vəsait mənimsənilib və s. Məhkəmədə keçmiş məmurun əmlakları da sadalanıb və müttəhimə inansaq, onların real dəyəri minimum 30-40 milyon dollar təşkil edib. Tağı Əhmədovun illik 20-22 min manatlıq rəsmi əmək haqqı ilə belə sərvət toplamaq mümkün deyildi. Qeyd edək ki, artıq sonuncunun yaxınları bu məlumatları təkzib ediblər.
Paketsiz həyat mövcuddurmu?
Vaxtilə Mərkəzi Bankda baş verən və yuxarıda xatırlatdığımız hadisə hazırda müxtəlif dövlət təşkilatlarında kütləvi şəkildə təkrarlanmaqdadır. Xüsusilə sahibkarlarla sıx kontaktda olan təşkilatların aparıcı müxətəssisləri qeyri-rəsmi gəlirlərinin azaldığını, rəsmi maaşla işləməyin isə mümkün olmadığını görərək daha böyük gəlirlər müqabilində «cəbhənin o tərəfinə», biznesə xidmət etməyə keçirlər. Necə deyərlər, dövlət təşkilatlarından biznesə «beyin axını» baş verir.
Ölkədə ən sox maaş alan məmur kimdir?
Və son günlərin növbəti sürprizi… Bəzi KİV-lər Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) rəhbərlərinin maaşlarını açıqlayıblar. Həmin məlumatlara görə, Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlının aylıq maaşı 65 min manat, müavinlərinin hər birinin 38 min manat, icraçı direktorun 18 min manat, departament direktorlarının 10 min, sıravi işçilərin isə 800-1500 manatdır. Məlumatda bildirilir ki, Rüfət Aslanlının maaşı prezidentin maaşından 4 dəfə, ölkədəki orta aylıq əməkhaqqıdan 130, orta aylıq pensiyadan isə düz 325 dəfə çoxdur. Palatanın öündə bu xəbərin qeyri-ciddi, rəqəmlərin isə həqiqətə uyğun olmadığını bildirərək şərh etməyiblər.
Bəs əslində vəziyyət necədir?
Bununla yanaşı, fins.az-ın məlumatına görə, Palata rəhbərinin aylıq əmək haqqı doğrudan da, ildə təqribən 400 min dollar və ya 700 min manat, yəni ayda təqribən 58 min manat ətrafındadır. Amma bu, vergiyə qədərki maaşdır. Həmin məbləğdən 38% (35% vergi +3% DSMF-ə ödənişlər) çıxıldan sonra təmiz maaş 36 min manat təşkil edir. İlk baxışdan, ayda hətta 36 min manat da çox yüksək məbləğ sayılır. Onu həvəslə prezidentin, baş nazirin və nazirlərin maaşlarıilə müqayisə edib, uzağa gedən nəticələr çıxarmaq olar. Amma müqayisədən əvvəl maliyyə sektorundakı maaşlarla tanış olaq.
50 min manatlıq maaşlar, 1 milyonluq bonuslar
Maliyyə sektorunda – bank və sığorta şirkətlərində maaşların təyin edilməsi prinsipi tamamilə fərqlidir. Əvvəla burada maaşlar qat-qat yüksəkdir. Bankın sıravi işçilərinin maaşlarını yuxarıda xatırlatdıq – nazirlərin əmək haqqına bərabərdir. Rəhbər işçilərə gəlincə isə, bankların müşahidə şurasının və ya idarə heyətinin sədrinin aylıq əmək haqqı 20-35 min manat arasında dəyişir. Sistem banklarının (yəni aktivlərinin həcmi və digər göstəricilərə görə, ölkənin bank sistemi üçün mühüm əhəmiyyət daşıyan) rəhbərlərinin əmək haqqı isə 50 min manata çatır. Amma bu da hamısı deyil. Bir qayda olaraq bank rəhbərləri maaşla yanaşı, ilin sonunda ödənilən bonuslar da əldə edirlər. Bonusların məbləği bankın fəaliyyətinin nəticələrindən ibarətdir və orta hesabla ildə 100-500 min manat arasında dəyişir. Amma həddən artıq böyük məbləğlərə də rast gəlinir. Məsələn, riteyl banklarından birinin aparıcı rəhbəri Cəlal Qasımov ilin nəticələrinə görə, 5 milyon dollarlıq bonus almışdı. Beynəlxalq Bankın hazırki rəhbəri Xalid Əhədov isə vaxtilə 1 milyon dollarlıq bonus qazana bilib.
İlk baxışdan fantastik məbləğlərdir. Amma nəzərə alanda ki, bu şəxslər bir neçə milyard dollarlıq aktivləri idarə edir və öz banklarına çoxmilyonluq gəlirləri gətirir, onların gəlirlərinin nəyə görə belə yüksək olduğu aydınlaşır. Yeri əlmişkən, hazırda bank sektorunda top menecerlərin həvəsləndirilməsi üçün onların formal səhmdara çevrilməsi praktikasından istifadə edilir. Belə ki, bankın rəhbəri işlədiyi müddətdə bankın müəyyən səhminin sahibi olur və sahib olduğu səhm paketinə uyğun olaraq bankın gəlirlərinə şərik olur. Təsirli, ən əsası, ədalətli üsuldur.
Yuxarıda xatırlatdığımız hadisədən sonra maliyyə sektorundakı yüksək maaşlar nəzarət qurumlarında da tətbiq olunur. Hələ bir neçə il əvvəldən AMB-nin rəhbər işçilərinin aylıq əmək haqqı 10-15 min manat ətrafında dəyişir. Bu mənada Palata rəhbərliyinin əmək haqlarının belə yüksək olması nəinki başa düşüləndir, hətta mühümdür. Amma əsas məsələ başqadır.
Palata kimin pulunu xərcləyir?
Nə qədər maraqlı olsa da, Maliyyə Bazarlarına Nəzarət Palatası öz hüquqi vəziyyəti və tutduğu yerə görə, faktiki olaraq ölkə iqtisadiyyatının iki fərqli qanadını birləşdirir. Bir tərəfdən, maliyyə sektoruna nəzarət və requlyator funksiyaları onu dövlət qurumu kimi göstərir.
Digər tərəfdən, Palata dövlət qurumu deyil, nəzarət orqanı olsa da, publik hüquqi şəxsdir. O dövlət büdcəsindən vəsait almır və özü-özünü maliyyələşdirir. Yəni palatanın bütün xərcləri, o cümlədən əməkdaşlarının əmək haqları da bank, sığorta və maliyyə sektorunun digər nümaynədələrinin ödədiyi xidmət haqlarından formalaşır. Bu mənada onun əmək haqqı müəyyənləşdirmək məsələlərində tam sərbəstliyi var.
Paket, yoxsa leqal maaş?
Yaxşı yadımdadır, ilk dəfə televiziyada işə qəbul ediləndə maaşımın yüksək olması üçün gələcək bosslarımla əməlli-başlı mübahisəyə qalxmışdım, qarşı tərəfin gətirdiyi bütün arqumentlərə bircə cavabım vardı: «Mən rüşvət alan deyiləm, gəlirim yalnız bundan ibarət olacaq, ona görə də yüksək olmalıdır». «Təmiz işləmək» çalışacağım şirkət üçün də az qala müqəddəs səviyyədə vacib olduğuna görə, rəhbərlik mənimlə razılaşmalı oldu.
Bu hadisəni niyə xatırladım? Cəmiyyət, o cümlədən mətbuat daima ölkə rəhbərliyindən, dövlət qurumlarından və məmurlardan şəffaflıq, obyktivlik tələb edir. Bu, digər məsələlərlə yanaşı, məmurların real gəlirlərinin açıqlanması və verilən qərarların obyektivliyi deməkdir.
Hazırda MBNP-da tətiq edilən yüksək maaşlar əslində maliyyə sektorunun reallığı ilə yanaşı, həm də cəmiyətin tələb etdiyi həmin şəffaflığın göstəricisidir. Birdəfəlik qəbul etməliyik ki, bazar iqtisadiyyatında yaşayırıq – əmək haqları görülən işə və məsuliyyətə mütənasib olmaldır.
Bir anlıq fikirləşək, biz nə istəyirik – rəsmi maaşı 1500 manat olan, amma əslində, Allah bilir hansı mənbədən ayda 40-50 min manatlıq paket alan və mümkün olan hər addımda yeyinti və korrupsiyaya həvəslənən məmur, yoxsa, heç bir mənbədən asılılığı olmayan, məsuliyyətli və həddən artıq mürəkkəb mühitdə düzgün və obyektiv qərar verməyə qadir olan idarəçi?
Əslində, dövlət orqanlarında aparılacaq islahatların nəticəsi, məmurlara və onların işinə yanaşmanın necə olacağı, cəmiyyətin və ölkə rəhbərliyinin bu suala verəcəyi düzgün cavabdan asılıdır.