"Pedofiliya nadir hallarda qadınlarda da rast gəlinən xəstəlikdir"

16-08-2017, 08:15           

Səbinə Bayramova: "Pedofiliyaya meyli olan bir şəxsin fərqinə varmaq olduqca çətindir, səbəb..."
"Bu hadisələrə göz yummaq gələcəyin uşaq istismarçılarının yetişməsinə səbəb olmaq deməkdir"

Son vaxtlar azyaşlı uşaqlarla bağlı yaşanan seksual xarakterli zorakılıq hallarının artması cəmiyyətdə ciddi narahatlığa səbəb olmaqdadır. Maraqlıdır, getdikcə artmaqda olan bu tendensiyanın arxasında hansısa psixoloji amil, psixoloji problem dayanırmı? Uşaqları hədəf seçən bu insanlar cinyətkarlar, yoxsa psixoloji çatışmazlığı, qüsuru olan şəxslər kimi xarakterizə edilməlidir?
Moderator.az-a açıqlama verən Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü psixoloq Səbinə Bayramova məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
"Yetkin bir şəxsin yeniyetməlik öncəsi, yəni 4-11 yaş arası uşaqlara qarşı cinsi istək duyması "pedofiliya" adlanır. Pedofiliya daha çox kişilərdə rast gəlinən psixoloji xəstəlik olmaqla yanaşı, həm də bir cinayət kimi qəbul edilməkdədir. Nadir hallarda qadınlarda da rast gəlinir. Pedofillər ümumiyyətlə, zorakılıq etmədən toxunar, cinsi məzmunlu müzakirələr etdikdən, şəkillər və ya filmlər göstərmək kimi yollara baş vurduqdan sonra təcavüz işini reallaşdırarlar. Yəni öncədən planlamış olurlar. Bu şəxslərin əksəriyyəti özü də uşaq ikən cinsi istismara ya da təcavüzə uğramış olurlar. Üstəlik bu şəxslər çevrəsiylə uyğunluq təşkil edən, şübhə oyandırmayan peşə və status sahibi olurlar və çox təəssüf ki, müəllimlər, qohumlar, qonşular kimi uşağın tanıdığı və güvəndiyi şəxslərdir. Bu səbəbdən pedofiliyaya meyli olan bir şəxsin fərqinə varmaq olduqca çətindir. Lakin pedofillərin ailə içində və kənarda sosial münasibətləri daha çox içə qapalı, yoldaşı və ya ailəsi ilə isti münasibət qura bilməyən psixopatik, psixoseksual və sosial baxımdan yetkinləşməmiş şəxsiyyət xüsusiyyətlərinə sahib olduğunu bilməmizdə fayda var.
Pedofiliya diaqnozu qoymaq üçün şəxsin ən az 16 yaşı olmalıdır və törətdiyi cinsi hadisədə uşaqlardan ən az 5 yaş böyük olması lazımdır. Ümumiyyətlə, pedofiliyanın müalicəsi olduqca çətindir. Çünki pedofillərin böyük bir qismi müalicəni çox təəssüf ki, rədd edirlər. Könüllü şəkildə mütəxəssisə müraciət etmələri müalicə üçün önəmlidir. Bu xəstələrdə psixoterapiya və koqnitiv terapiyalar işə yaraya bilər. Nəticə etibarı ilə uşaq istismarı və etinasızlığı xalq sağlamlığı problemidir. İstismar və etinasızlıq təhsil səviyyəsi azaldıqca, artan bir qavram olduğu üçün ciddi şəkildə maariflənmə aparılmalıdır. Unutmayaq ki, bu hadisələrə göz yummaq gələcəyin ruhi sağlamlığı pozuq fərdlərinin və hətta gələcəyin uşaq istismarçılarının yetişməsinə səbəb olmaq deməkdir".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.