ABŞ-da Qarabağ DANIŞIQLARI: Nələr gözləmək olar
12-08-2015, 21:39
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın sentyabrda Nyu-Yorkda BMT Baş Məclisi sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə dair növbəti danışıqlar raunduna başlayacağı gözlənilir.
Prezidentlərin görüşünün təşəbbüskarı ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi Amerikadır. Dünya siyasi və iqtisadi konyukturasının sürətlə dəyişilməsi fonunda Azərbaycan və Ermənistan başçılarının görüşündə hansı yeni təkliflərin müzakirəyə çıxarılacağını söyləmək çətindir.
Onsuz bu vaxta qədər təşkil olunan yüksək səviyyəli danışıqlarda da Qarabağ probleminin yeni formatda sülh modeli ilə həllinə dair bir nəticə əldə olunmayıb.
Qarabağ münaqişəsinin tənzimlənməsinin düyünə düşməsinin təqsirkarı, təbii ki, ilk növbədə Ermənistandır. Çünki işğalçı tərəf danışıqların bütün mərhələlərində qeyri-konstruktiv mövqe nümayiş etdirir.
Bununla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin birbaşa və ya dolayı yolla Ermənistana dəstək olmaları da danışıqlar prosesinə mənfi təsir göstərir.
Ona görə də illərdir formatında dəyişiklik edilməyən Minsk qrupu və Ermənistanın ənənəvi işğalçı ritorikası fonunda Nyu-Yorkdakı görüşdən sonra sensasion nəticənin olacağını gözləmək rasionallıqdan uzaq bir versiyadır. Çünki ABŞ, Rusiya və Fransa heç bir zaman Ermənistanın Azərbaycan ərazilərinə soxulduğunu rəsmi şəkildə bəyan etməyib. Bu azmış kimi hələ Ermənistanın xeyrinə müəyyən addımlar da atıblar.
Məlumdur ki, ABŞ Konqresi hər il Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı edir, Rusiya isə Ermənistanı sürətlə silahlandırır. Konfliktin nizamlanması məsələsində Minsk qrupunun digər həmsədr dövləti Fransanın mövqeyi də Azərbaycanın xeyrinə deyil.
Rəsmi Paris sadəcə ABŞ və Rusiyanın monoton bəyanatlarına dəstək verir və praktiki olaraq hər hansı addım atmaqdan çəkinir.
Çünki Cənubi Qafqaz uğrunda mübarizədə Fransadan çox Moskva ilə Vaşinqton əsas söz sahibidir. Üstəgəl, indi Qərb və Rusiyanın başı Yaxın Şərqdə baş verən qanlı hadisələrə qarışıb.Hazırda Amerikanın aşkar üstünlüyü ilə Qərb siyasi dairələri Şərq dünyasının enerji ehtiyatlarını ələ keçirməyə çalışır, Rusiya isə bunu öz maraqlarına ziddi görərək Yaxın Şərqdə öz təsir rıçaqlarını möhkəmləndirməyə can atır.
Buna paralel olaraq Kreml üçün strateji ölkə olan Ukrayna münaqişəsinə görə də Qərblə Rusiyanın aşkar qarşıdurması gündən-günə dərinləşir. Vəziyyət o yerə çatıb ki, ümumi düşmən İŞİD-ə qarşı mübarizədə də Rusiya ilə Amerika yaxınlıq etmək istəmir.
İŞİD, Suriya, Ukrayna hazırda beynəlxalq siyasi kuluarların diqqət mərkəzində olan birinci məsələdir. Buna görə də deyə bilərik ki, indiki siyasi, iqtisadi şərtlər Qərb və Moskva üçün Qarabağ probleminin üçüncü, dördüncü dərəcəli məsələyə çevirir.
Bu mənzərə əsasında söyləmək olar ki, Azərbaycan və Ermənistan prezidentlərinin Nyu-York görüşü də Ermənistanın təqsiri ucbatından yalnız formal xarakterli olacaq və Minsk qrupunun “biz Dağlıq Qarabağ münaqişəsini də unutmamışıq” tezisi kimi yadda qalacaq.
Belə bir siyasi atmosferdə Qarabağ mövzusu arxa planlı məsələ kimi gündəmdə olsa belə, prezidentlərin proqramında, danışıqlar prosesinin tərkib hissəsində bir yeniliyin olmasını demək real səslənmir. Lakin siyasi ekspertlər hesab edir ki, danışıqların Nyu-York mərhələsi cəbhə xəttində müşahidə edilən mövcud neqativ hadisələrin eskalasiyaya gətirib çıxarması ehtimallarını minimuma endirəcək.
Bununla belə qoşunların təmas xəttində isə erməni qoşunlarının diversiya-təxribat hərəkətləri səngimək bilmir. Düzdür, Azərbaycan ordusu tam haqlı olaraq düşmənə layiqli caqvablar verir, amma bu, cəbhədə atəşkəs rejiminin tam bərqərar olmasına zəmin yaratmır.
Çünki Ermənistan danışıqlar prosesi ərəfəsində cəbhə xəttində atəşkəsi pozmaqda maraqlı olur. Əsas məsələdən diqqəti yayındırmaq üçün Ermənistanın təmas xəttində gərginliyi artırması danışıqlara heç də müsbət təsir etmir. Məsələ isə aydındır: Ermənistan belə etməklə “günahı” Azərbaycanın üzərinə yıxmağa və öz zorakı siyasətini pərdələməyə çalışır.
Bu isə Ermənistanın danışıqlarda ədalətsiz mövqeyinin “ədalətli” şəkildə “tədimatı” üçün bir vasitədir. Bəs, Azərbaycan tərəfi Nyu-Yorkda keçirilməsi planlaşdırılan görüşə hansı yeni təkliflə gedə bilər? Məsələnin ən maraqlı tərəfi də bu suala cavabın tapılmasıdır.
Xarici işlər naziri Elmar Məmmədyarov açıqlamalarında dəfələrlə bildirib ki, Azərbaycan böyük sülh sazişi üzərində işə başlamağa hazırdır.
Azərbaycanın yeni görüşdə böyük sülh sazişi bazası əsasında ərazi bütövlüyü çərçivəsində yeni təkliflər irəli sürəcəyini proqnozlaşdırmaq olar. Lakin onun konkret olaraq detalları barədə birmənalı fikir söyləmək çətindir. Azərbaycanın sülh təkliflərinə baxmayaraq bu günə qədər Ermənistan öz mövqeyində zərrəcə dəyişiklik etməyib. Sülh üçün ilkin şərtlərdən biri Azərbaycanın işğal altındakı torpaqlarında qeyri-qanuni məskunlaşdırmanı dayandırmaqdır.
Ermənistan hələ də süni şəkildə Dağlıq Qarabağa və ona bitişik rayonlara Suriyadan, Livandan gələn erməniləri yerləşdirməkdə davam edir. Bu isə işğalçılığın başqa formada təzahürüdür.
Azərbaycan tərəfi bununla bağlı dəfələrlə etiraz bəyanatları səsləndirsə də, Ermənistan öz məkrli niyyətlərindən əl çəkmir. Ona görə də Azərbaycan yəqin ki, Qarabağda qanunsuz məskunlaşdırmağın qarşısını almaqdan ötrü Nyu-Yorkda yüksək səviyyədə məsələ qaldıracaq.
Danışıqlara mənfi aura gətirən digər bir faktor isə öz dədə-baba yurdlarını ziyarətə getmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevin bu vaxta qədər Ermənistanın girovluğunda olmasıdır.
Serj Sərkisyan hakimiyyəti soydaşlarımızın “kəşfiyyatçı” olmasını göstərməkdən ötrü onların üzərinə hərbi epitetlər yapışdırmağa çalışır. Bununla da dünya ictimaiyyətinin gözündə mənfi obrazını yaratmaq istəyir. Lakin Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz qohumlarının məzarını ziyarət etmək üçün Kəlbəcərə getdikləri bəllidir.
Bu baxımdan heç şübhəsiz ki, Nyu-Yorkda əsas müzakirə predmetlərindən biri də məhz azərbaycanlı girovların taleyi olacaq. Azərbaycan danışıqlarda eyni prinsipial tempi saxlamaqla işğala məruz qalan tərəf olduğunu dünyanın nəzərinə çatdırır və heç bir halda Ermənistana güzəştə getmək niyyətində deyil.