İran siyasətinin qorxulu adamı - Mahmud Əhmədinejad...
5-01-2018, 10:57
İran rəsmi qurumları ölkədə baş verən iğtişaşları qızışdıran qüvvələri müəyyən etməyə çalışır. Hökumət hesab edir ki, vətəndaşların sosial-iqtisadi vəziyyətə etiraz olaraq küçələrə çıxmasından istifadə edən bəzi qüvvələr aksiyaların axarını dəyişməyə çalışıb. Maraqlıdır ki, şübhəlilər arasında keçmiş prezident Mahmud Əhmədinejadın da adı keçir. SEPAH komandiri Məhəmməd Əli Cəfəri də aksiyaları qızışdıran “Amadnews” kanalının Əhmədinejada yaxın dairələrə məxsus olması ilə bağlı şübhələrin olduğunu bildirib.
Məsələ ondadır ki, Mahmud Əhmədinejadın hazırkı komanda ilə ciddi problemləri var və xüsusən də Amerikanın tətbiq etdiyi embarqonu yararaq gizli neft-qaz ticarəti aparan Babək Zəncaninin işində də onun adı hallanırdı. İddialara görə, Zəncani məhz Əhmədinejad vasitəsilə bu işə cəlb olunub və dövlətin böyük miqdarda vəsaitinin oğurlanması baş verib.
Əhmədinejadın qudası və hakimiyyəti illərində administrasiyasına rəhbərlik edən Rəhim Məşainin bəzi açıqlamaları dövlət rəhbərliyini qəzəbləndirib. Əhmədinejadın isə bütün təpkilərə baxmayaraq, qudasını müdafiə etməsi ona qarşı qəzəbi artırıb. Bu səbəbdən də ötən il keçirilən seçkilərdə Mahmud Əhmədinejad namizədliyini verəcəyini elan edib və bu hadisə İranda ciddi səs-küyə səbəb olub. Sonda ali dini rəhbər işə qarışaraq Əhmədinejadın seçkilərə qatılmasının “məsləhət olmadığını” açıqladıqdan sonra o, geri çəkilməyə məcbur olub.
Əhmədinejadın əsas dəstəkçilərindən biri İranda siyasi İslamın əsas fikir sahiblərindən Ayətullah Misbah Yəzdidi olub. 2005-ci ildə məhz Misbah Yəzdininin ruhanilər arasında fəaliyyəti və davamlı dəstəyi nəticəsində Əhmədinejad keçmiş prezidenti Haşimi Rəfsəncanini ikinci turda məğlub edərək prezident seçildi.
Mahmud Əhmədinejadın ikinci əsas dayağı isə heç şübhəsiz ki, İran silahlı qüvvələrinin əsas gücü hesab olunan SEPAH olub. Məhəmməd Xatəminin 8 illik “islahatçı” dönəmindən sonra mühafizəkar kəsim və onun əsas dayaqlarından olan SEPAH generalları sərt xətt tərəfdarı Əhmədinejada dəstək verdilər. Bunu həm də bölgədə - İraq və Əfqanıstanda davam edən müharibələr, yüksələn anti-Amerika ab-havası da tələb edirdi. Ancaq sonralar SEPAH və Əhmədinejad arasında yollar ayrıldı və son seçkilərdən sonra isə Misbah Yəzdi də Əhmədinejaddan dəstəyini kəsdi. Ancaq Əhmədinejad hələ də ambisiyalıdır və siyasi iddiasını gizlətmir.
Mahmud Əhmədinejad 1956-cı il oktyabrın 28-də İranın şimalında yerləşən Simnan ostanında Qarmsar rayonun Aradan kəndində anadan olub. Bəzi məlumatlara görə, atası dəmirçi olub. Orta təhsilində əlaçı olub və 1976-cı ildə yüksək nəticə ilə Tehran Elm və Texnologiya Universitetinin inşaat mühəndisliyi fakültəsinə qəbul olub. Universiteti bitirdikdən sonra fakültədə qalaraq dərs deyib. Həmin universitetdə nəqliyyat və rabitə ixtisası üzrə doktorluq müdafiə edib.
İslam İnqilabı zamanı tələbə hərəkatında iştirak edib. 1979-cu il noyabrın 4-də Tehrandakı ABŞ səfirliyinin ələ keçirilməsində fəallıq edən şəxslərdən biri olub. İran-İraq müharibəsinə qatılan Əhmədinejad SEPAH-ın 6-cı ordusunda xidmət edib, ordu istehkam komandiri olub. Bundan başqa, Əhmədinejadın adı hökumət əleyhdarlarına işgəncə verilməsi, həmçinin “ölüm manqası” adlandırılan qrupun üzvü kimi hallansa da, İran rəsmiləri bu məlumatları təsdiqləməyib.
Müharibədən sonra 1993-97-ci illərdə isə Ərdəbil əyalətinin ostandarı vəzifəsini tutub. 2003-cü ildə isə İran paytaxtının bələdiyyə sədri seçilib. Tehranda çalışdığı zaman aktiv siyasətdə olub. İranın məşhur siyasi qəzetlərindən olan “Həmşəhri”ni ələ keçirib və qəzet vasitəsilə siyasi təbliğat aparıb.
2005-ci il iyunun 24-də keçirilən prezident seçkisinin ikinci turunda o, İran siyasətinin nəhəngi hesab olunan Rəfzəncanini məğlub edərək prezident seçilib. Əhmədinejadın prezidentliyi dönəmi nisbətən yaxın tarix hesab olunur və İran xarici siyasətinin sərt xəttə kökləndiyini çoxları xatırlayır. Onun zamanında ABŞ və İran müharibənin astanasında olub.
Əhmədinejad zamanında İran-Azərbaycan münasibətləri də xeyli soyuq olub. İki dövlət arasında münasibətlər qarşılıqlı ittihamlar və hətta səfirlərin geri çağırılmasına qədər uzanıb. 2009-cu ildə keçirilən növbəti seçkilərdə rəsmi rəqəmlərə əsasən Əhmədinejad 63 faiz səs toplasa da, İranda seçkilərin nəticələrinə qarşı ciddi etirazlar baş qaldırıb. Hökumət qüvvələri ilə toqquşmalarda onlarla etirazçı öldürülüb.
2013-cü ildə səlahiyyət müddəti başa çatan Əhmədinejad yenidən universitetə qayıdıb dərs deyəcəyini bildirib. Ali Məhkəmənin sədri Ayətullah Sadiq Laricaniyə ünvanladığı məktubda Əhmədinejad 8 il prezidentlik dövründə şəxsi əmlakında baş vermiş dəyişikliklər barədə hesabat verib. Hesabatda Mahmud Əhmədinejad prezident seçilməmişdən əvvəlki dövrlə müqayisədə şəxsi əmlakında müəyyən artımlar olduğunu qeyd edib. Eyni zamanda ailəsinin həyat şəraitini yaxşılaşdırmaq üçün evini genişləndirdiyini yazıb.
Ancaq siyasətdən çəkiləcəyini desə də, eks-prezident bu vədinə əməl etməyib, tez-tez siyasi iddiasını ortaya qoymağa və siyasi proseslərdə görünməyə çalışıb. Bəlkə də nə vaxtsa yenidən qayıdacağına inamını itirmədiyi üçün...
"Yeni Müsavat"