Yeni medianın yaratdığı yeni situasiya - TƏHLİL

6-02-2018, 11:09           
Yeni medianın yaratdığı yeni situasiya - TƏHLİL
Milli Məclisin 2018-ci il yaz sessiyasının ilk iclasında Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov rəhbərlik etdiyi təşkilatın hüquqi statusuna yenidən nəzər salınmasını təklif edib. O, təklifini əsaslandırmaq üçün qeyd edib ki, şura Azərbaycanda medianın özünütənzimləmə orqanı kimi fəaliyyət göstərir. Qurumun əsas missiyası media ilə bağlı şikayətlərin araşdırılmasından ibarətdir. Millət vəkili deyib ki, il ərzində şuraya təxminən 400-450 şikayət daxil olur, bununla bağlı qərarlar çıxarılır. Qərarlar ictimai qınağa əsaslanır. Orada heç bir hüquqi məsuliyyət nəzərdə tutulmur. Şura sədrinin qənaətinə görə, bu, bir tərəfdən çox yaxşıdır ki, media ilə bağlı məsələlər birbaşa media müstəvisində araşdırılır. Çünki MŞ yaranmazdan öncə məhkəmələrdə kütləvi informasiya vasitələrindən çoxsaylı şikayətlərə baxılırdı. Bu, məhkəmələr üzərinə əlavə yük idi. Üstəlik, media orqanları da saysız-hesabsız məhkəmə qərarları ilə yüklənirdilər. Amma MŞ fəaliyyətə başladıqdan sonra bunun qarşısı alınıb.

Bununla yanaşı, hazırda KİV müstəvisində özünü media kimi təqdim etməyə çalışan, ancaq heç bir qanunun, peşə davranışı qaydasının tələblərinə məhəl qoymayan, bir sözlə, "reketçiliklə” məşğul olan media vasitələri az deyil. Onlar internetin verdiyi imkanlardan yararlanaraq saylarını, qazanc yollarını daha da "təkmilləşdirilər”, hətta kimlərdənsə bu və ya digər formada dəstək də alırlar. Millət vəkili Ə.Amaşov vurğulayıb ki, həmin media qurumlarının məqsədi heç bir əsas olmadan ayrı-ayrı vətəndaşlara – ziyalılara, iş adamlarına, məmurlara böhtan atmaq, qorxutmaq, bunların müqabilində maddi baxımdan nələrəsə nail olmaqdır. O, bu halın geniş yayıldığını, üstəlik, hüquq-mühafizə orqanlarının da baş verənlərdən xəbərsiz olmadığını təəssüflə diqqətə çatdırıb. Ə.Amaşov rəhbərlik etdiyi qurumun təşkilati-hüquqi forma baxımından ictimai təşkilat olduğunu xatırladaraq, bir çox hallarda ictimai qınaq müstəvisindəki fəaliyyətin yetərsiz təsir bağışladığını söyləyib. Məhz buna görə də, MŞ-nın hüquqi statusuna yenidən nəzər salınmasını təklif edib.

Ə.Amaşov hesab edir ki, şuranın hüquqi statusu dəyişsə, qurum haqqında ayrıca qanun qəbul edilsə, MŞ həm ictimaiyyətin, həm də medianın maraqlarını daha çox balanslaşdıra, uzlaşdıra bilər. Onun qənaətincə, ictimaiyyət "reket” yönlü mediadan narazıdır və istəyir ki, media məkanında sui-istifadə olmasın. Media özü də maraqlıdır ki, onun adından sui-istifadə hallarına münasibətdə adekvat ölçü tədbiri götürülsün, media nüfüzuna xələl gətirən ünsürlərdən azad olsun. MŞ sədri ümumən media azadlığı məsələsinin mütləq qaydada nəzərə alınmasının da vacibliyini vurğulayıb. Onun sözlərinə görə, məsələyə elə həssas yanaşılmalıdır ki, həm azadlıq məhdudlaşmasın, həm də azadlığın məhdudlaşdırıldığına dair hansısa şübhələr yaranmasın. Ə.Amaşov deyib ki, bunun yolu MŞ-nın fəaliyyət formasında hüquqi təkmilləşdirmə işinin aparılmasından keçir. O, fikrinin sonunda millət vəkillərinə, ümumilikdə isə ictimaiyyətə sualla müraciət edib. Qeyd edib ki, əgər şura media müstəvisindəki problemlərin məhkəməyəqədərki həlli ilə məşğuldursa, qurum nəyə görə tənbeh tədbiri kimi peşə prinsiplərini əməl etməyən hər hansı reket yönlü media orqanının fəaliyyətinin müvəqqəti dayandırılması barədə rəy verə bilməsin?

Hüquqşünas Sahib Məmmədov millət vəkilinin bu təklifini müsbət dəyərləndirib. Qeyd edib ki, gec-tez dünya dövlətləri sözügedən məsələni tənzimləyəcəklər: "Bu tənzimlənmə aparılan zaman söz və mətbuat azadlığına hər hansısa formada xələl gəlməməlidir. Azərbaycanda Mətbuat Şurası ictimai birlik statusu daşıyır. Bu isə onun təsiredici qərarlar qəbul etməsinə mane olur. Hesab edirəm ki, əslində Mətbuat Şurasının fəaliyyəti jurnalistlərin peşə təşkilatı kimi ayrıca bir qanunla tənzimlənməlidir. Jurnalist statusu almaq üçün bu təşkilata üzv olmaq lazımdır. Necə ki, hüquqşünaslar vəkillərin peşə təşkilatına üzv olmadan vəkillik fəaliyyətini həyata keçirə bilmirlər. Eləcə də audit kimi fəaliyyət göstərmək istəyənlər Auditorlar Palatasının üzvü olmalıdır. Həm vəkillər, həm də auditorlarla bağlı qanunvericilik də var. Belədə əlbəttə bu təşkilata üzv olmadan da kimlərsə fəaliyyət göstərəcək. Misal üçün, blogerlər, sosial şəbəkə istifadəçiləri və sair. Amma onlar jurnalistlər kimi müdafiə altında olmayacaqlar. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə millət vəkili Azay Quliyevin rəhbərlik etdiyi işçi qrup "Peşə təşkilatları haqqında” qanun layihəsi hazırlayıb Mİlli Məclisə təqdim edib. Onun daha da təkmilləşdirilməsinə, dəyişdirilməsinə ehtiyac var. Mətbuat Şurası da bu qanuna uyğun olaraq yenidən qeydiyyatdan keçə, yeni status əldə edə bilər”.

Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, Azərbaycanda teleradio sferasını tənzimləyən dövlət qurumu kimi Milli Teleradio Şurası fəaliyyət göstərir. Bununla yanaşı, onlayn medianın bağlanması, onlara qarşı cəza, sanksiya tətbiq edilməsi "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunla 2017-ci ilin mart ayından etibarən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə həvalə edilib. Ekspertin qənaətincə, hazırda ölkədə qəzetlər istisna olmaqla, medianın digər sferaları dövlət qurumlarının nəzarəti altındadır: "Mətbuatın özünütənzimləmə funksiyasın dünyanın hər yerində var. Heç bir azad ölkədə medianın dövlət qurumu tərəfindən tənzimlənməsinə yol verilmir. Çünki media faktiki olaraq dövlət fəaliyyəti ilə məşğul olan hökumətə və digər dövlət qurumlarına həm də ictimai nəzarət funksiyasını həyata keçirir. İctimai nəzarət funksiyası həyata keçirən bir qurumu nəzarətə aldığı qurum idarə və ya "kontrol” edərsə, bunun müstəqilliyi nə dərəcədə olar? Yəni, mediaya dövlət qurumları tərəfindən nəzarət olunarsa, onun ictimai nəzarət funksiyası minimuma enər. Bu baxımdan, qanunla qurulacaq istənilən qurum dövlət qurumu hesab olunacaq, belə status daşıyacaq. Beləliklə də o qurumun dövlət strukturlarına və hökumətə nəzarət etməsi qeyri-mümkün olacaq. Hüquqi baxımdan, guya onlara belə bir səlahiyyət veriləcək. Ancaq reallıqda fərqli mənzərə yaranacaq. Ona görə də əgər söhbət Azərbaycanda medianın özünütənzimləmə qurumunun effektliliyini daha da artırmaqdan gedirsə, orada doğrudan da müstəqil olan şəxslərin təmsilçiliyini artırmaq gərəkdir”.

Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli Mətbuat Şurasının 15 il öncə - 2003-cü ildə medianın özünütənzimləmə mexanizmi kimi yaradıldığını diqqətə çatdırıb. Deyib ki, Azərbaycan mediasının 2003-cü illə 2018-ci ildəki vəziyyətini, durumunu müqayisə etsək, ortaya çox böyük fərqlilik çıxır. Onun sözlərinə görə, bu fərqlilik KİV-lərin kəmiyyətindən, maddi, iqtisadi durumundan, texnoloji imkanlarından başlamış qanunvericilik bazasına qədər bütün aspektləri əhatə edir: "İndi Azərbaycanda özəl və modern ofisləri olan, ən modern texnologiyalara malik, 6-7 dildə xəbər hazırlamaq və yaymaq imkanı olan, dünyanın aparıcı ölkələrində, xəbər mərkəzlərində nümayəndəlik açmaq, müxbir postu yaratmaq gücünə malik 10-larla KİV qurumu fəaliyyət göstərir. Ümumilikdə 5 mindən çox KİV yarandığını və fəaliyyətə başladığını elan edib. 2003-cü ildən sonra "KİV haqqında” qanuna onlarca əlavə və dəyişiklik edilib, həmçinin, "İnformasiya əldə etmək haqqında” yeni, orijinal bir qanun qqvvəyə minib, onlayn medianın fəaliyyətini tənzimləmək üçün "İnformasiya, informasiyalaşdırma və informasiya təhlükəsizliyi haqqında” qanunun məzmunu yeni hala gətirilib. Qeyd etdiyimiz zaman kəsiyində həm də ölkədə internet media formalaşıb, inkişaf edib, media məkanında böyük paya malik olub. Detallara varanda aydın olur ki, 2018-ci ildə, 2003-cü illə bəlkə müqayisə edilməsi mümkün olmayan, yeni bir media mənzərəsi yaranıb. Belə olan halda, məntiqi olaraq yeni tələb yaranır”.

JuHİ sədri bildirib ki, KİV kəmiyyət, maddi-iqtisadi durum, texnoloji imkanlar, qanunvericilik bazası baxımından yenilənibsə, onun özünütənzimləmə mexanizmi də yenilənməli, dövrün tələbinə, şərtlərinə uyğunlaşmalıdır: "Mətbuat Şurasının səlahiyyətləri, statusu, maddi-texniki imkanları yeni dövrün KİV-lərinin durumuna adekvat olmalıdır, balans yaranmalıdır. Əgər balans pozularsa, Mətbuat Şurası üzərinə düşən missiyanı yerinə yetirə bilməz, səmərəsiz, gücsüz, imkansız bir quruma çevrilər. Belə vəziyyət nəinki Mətbuat Şurasının özünə, həm də ümumilikdə KİV-ə, Azərbaycan dövlətinə də əlverişli deyil. Mətbuat Şurası Azərbaycan KİV-lərinin, media məkanının imkanlarına adekvat duruma gəlmək üçün səlahiyyət, status, texniki imkanlar baxımından yenilənməlidir. Bu yenilənmə zaman-zaman baş verib. Şuranın Nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qurultayların keçirilmə vaxtı 2 ildən 4 ilə dəyişdirilib, İdarə Heyəti üzvlərinin sayı 15-dən 17-dək artırılıb, 2013-cü ildə Mətbuat Şurasına, həm də onlayn medianın özünütənzimləmə mexanizmi olmaq statusu verilib, şura nəzdindəki komissiyaların sayı artırılıb. Bununla yanaşı, Azərbaycan media ictimaiyyəti hər dəfə jurnalistlərin qurultayları keçiriləndə, şuranın üzərinə yeni, böyük vəzifələr qoyub. Bəzən bu vəzifələrin icrası şuranın imkanları çərçivəsini aşır, onların icrası yalnız MŞ sədrinin və MŞ İdarə Heyəti üzvlərinin fədakarlığı ilə mümkün olur. Amma media ictimaiyyətinin bütün gözləntiləri şuraya yönəlib. Bu vəzifələrin icrası, missiyanın uğurla yerinə yetirilməsi üçün Mətbuat Şurasının statusuna yenidən baxılmalıdır”.

M.Ələsgərli qeyd edib ki, MŞ medianın özünütənzimləmə mexanizmi kimi yarananda, yəni 2003-cü ildə bu model ilk dəfə tətbiq edilib. Ekspertin sözlərinə görə, Azərbaycan media tarixində bunun örnəyi, nümunəsi olmayıb: "Yalnız bir neçə xarici nümunə öyrənilmişdi. Bu gün artıq medianın özünütənzimləmə mexanizminin 15 yaşı var. Bunun üstünlükləri və işləmə mexanizmləri barədə bir təcrübə formalaşıb. Boşluqların doldurulması üçün əldə nümunə var. Onu da qeyd etmək zəruridir ki, dünyada nəinki özünütənzimləmə modelləri çoxdur, həm də, bu modellərdən biri olan Mətbuat şuralarının özlərinin 10-a yaxın modeli mövcuddur. Ötən 15 il ərzində bunların hər birinin təcrübəsi öyrənilib, örnək ola biləcək müsbət tərəflərinin ölkəmizdə tətbiq edilməsi üçün təkliflər hazırlanıb. Ümid edirik ki, ölkənin media ictimaiyyəti və Milli Məclis üzvləri bu təşəbbüsləri müsbət qiymətləndirəcəklər”.

Ekspertlərin rəylərindən də göründüyü kimi, onlar arasında MŞ-nın hüquqi statusuna yenidən nəzər salınması, əlavə səlahiyyətlər verilməsi ilə bağlı fikir ayrılığı var. MŞ sədrinin parlamentdə irəli sürdüyü təşəbbüsü dəstəkləyənlərdən fərqli olaraq, digər tərəf bunu söz, media azadlığına mənfi təsir edəcək amil kimi qiymətləndirir. Amma mediaya dövlətin yaratdığı sərbəstlikdən sui-istifadə edənlərin olması da bir faktdır və mediaya verilən azadlıq heç bir halda başqa vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxarmamalıdır. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.