Güneyli qaçqınların pulunu kim mənimsəyib? - Açıqlama

9-02-2018, 10:04           
Güneyli qaçqınların pulunu kim mənimsəyib? - Açıqlama
“Həyat” Humanitar Dəstək İctimai Birliyi Norveç dövləti tərəfindən güneyli qaçqınlara ayrılan vəsaiti onlara ödəmir.

Bu barədə Axar.az-a güneyli mühacirlər məlumat veriblər. Şikayətçilər bildirib ki, 2017-ci ilin noyabr ayının birinci yarısında Dövlət Miqrasiya Xidmətinin dəstəyi ilə "Həyat" təşkilatı tərəfindən Azərbaycanda sığınacaq almış güneyli qaçınlara zəng edərək onlara vəsait ayrıldığı bildirilib. Bildirilib ki, vəsait güneyli qaçqınlara onların məişət problemlərinin həlli üçün ayrılıb.

Şikayətçilər bildirib ki, onlara bu vəsiti əldə etmək üçün Dövlət Miqrasi Xidmətinə müraciət etmələri məsləhət görülüb.

Bundan sonra “Həyat” təşkilatı rəhbərliyi və əməkdaşları güneyli qaçqınlarla görüşərək geniş müsahibələr alıb, lazımı sənədlər və anketlər doldurulub. Həmçinin müraciət edənlərdən bir neçəsinə Norveç dövləti tərəfindən 50 min Avro ayrıldığı və vəsaitin dekabr ayında əvəzsiz yardım kimi güneyli qaçqınlara veriləcəyi bildirilib.

Lakin artıq 3 aydan çox vaxt keçməsinə baxmayaraq, ayrılmış vəsait qaçqınlara ödənilməyib. Şikayətçilər deyib ki, Dövlət Miqrasiya Xidməti onları “Həyat” təşkilatına göndərərək bu məsələnin onlara aidiyyəti olmadığını bildirib.

Saytımız vasitəsilə problemlərinin işıqlandırılmasını istəyən güneylilər bildirib ki, "Həyat" rəhbərliyi bu məsələyə aydınlıq gətirməsə və onlar üçün ayrılmış vəsaiti ödəməsə, bununla bağlı BMT İnsan Haqları Ali Komisarlığı Baş Qərargahına və başqa əlaqədar beynəlxalq təşkilatlara müraciet edəcəklər.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən “Həyat” Humanitar Dəstək İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, noyabr-oktyabr aylarında güneyli qaçqınlarla görüşüb və onların Azərbaycan cəmiyyətinə inteqrasiyasının dərəcəsini öyrənməyə çalşıblar:

“Güneyli qaçqınların bu gün üzləşdiyi problemlər nədən ibarətdir” kimi məsələlərin öyrənilməsi üçün görüş keçirdik. Onlar arasında işə düzələ bilməyəni, hansısa sənəd problemi olanı da var. Biz onların bu tip problemlərini öyrənmək üçün görüşdük. Həmin sorğunu keçirməkdə məqsədimiz problemlərinin nədər ibarət olduğunu öyrənmək, bu barədə müəyyən təəssürat yaratmaq, fikir formalaşdırmaq və ayrı-ayrılıqda onların problemlərinin həllində köməklik göstərməkdir. Kömək dedikdə, burada maddi dəstək nəzərdə tutulmur. Məsələn, bəzi güneyli qaçqınların mənzil problemi var ki, bununla bağlı biz lazımi qurumlara müraciət edirik. Bəzilərinin səhiyyə ilə bağlı problem olur ki, biz buna görə də aidiyyəti yerlərə müraciət edirik. Güneyli qaçqınların bəziləri sahibkarlıqla məşğul olmaq istəyir, ancaq VÖEN ala bilmirlər. Biz Vergilər Nazirliyi ilə danışıqlar apardıq, artıq bəzilərinin VÖEN almasına nail ola bilmişik. Burada söhbət maddi dəstəkdən getmir. Biz onların problemlərinin, üzləşdikləri çətinliklərin həll edilməsi üçün vasitəçi oluruq.

Məsələn, bəzi qaçqınlar var ki, onlar Azərbaycan dilini bilmir və biz onlar üçün kurs təşkil etmək istəyirik. İşsiz olanlar var ki, onların hər hansısa işə yiyələnməsi üçün peşə kursları təşkil etməyə çalışırıq. Bizim dəstəyimiz bundan ibarətdir”.

A.Allahverənov bildirib ki, ümumiyyətlə, qaçqınlara pulun verilməsi və ya xaricdən hansısa formada yardımların göstərilməsi, onlara pul ödənməsi nə Dövlət Miqrasiya Xidmətinin gördüyü işdir, nə də “Həyat” təşkilatının.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.