Brakonyerlər Şirvan Milli Parkının sahə müfəttişini yaralayıblar - ETSN-dən açıqlama

31-03-2018, 13:18           
Brakonyerlər Şirvan Milli Parkının sahə müfəttişini yaralayıblar - ETSN-dən açıqlama
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Şirvan Milli Parkında baş verən silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, Şirvan Milli Parkının ərazisinə brakonyerlərin daxil olması barədə əldə edilmiş məlumat əsasında 30 mart 2018-ci il tarixində saat 22:10 radələrində Milli Parkın əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Keçirilən əməliyyat zamanı Milli Parkın 1 saylı sahəsinin 5 saylı postunun ərazisində, qanunsuz yolla ceyran ovlayan brakonyerlərin olduğu aşkar edilib. Əməliyyat tədbirləri zamanı brakonyerlər parkın əməkdaşlarının qanuni tələblərinə tabe olmayıb və onlardan biri xidməti vəzifəsini yerinə yetirən Şirvan Milli Parkının sahə müfəttişi İltifat Xalıqova bilərəkdən ov tüfəngindən atəş açıb. Nəticədə sahə müfəttişi qarın nahiyəsindən yaralanıb. Həyata keçirilən operativ tədbirlər nəticəsində brakonyerlərdən biri Milli Parkın əməkdaşları tərəfindən saxlanılıb, digəri, sahə müfəttişini yaralayan qanun pozucusu isə gecə saatları olduğundan ərazidən qaçıb.

Hadisə yerinə keçirilən baxış zamanı qanunsuz yolla ovlanmış 1 baş ceyran, 1 ədəd bıçaq, 1 ədəd fanar aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı müvafiq sənədləşmə işləri aparılıb.

Milli Parkın əməkdaşları saxlanılan brakonyeri rayon polis şöbəsinə təhvil verib. Digər qanun pozucusunun saxlanılması və müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə Şirvan Milli Parkı tərəfindən hüquq-mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar nəticəsində saxlanılan qanun pozucusunun Hacıqabul rayonu Atbulaq kənd sakini İsrafilov Elvin Tərxan oğlu olduğu müəyyən edilib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində digər qanun pozucusu Hacıqabul rayonu Atbulaq kənd sakini Ağayev Rahil Heybət oğlu da saxlanılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.