Bakıda 1 milyonluq dələduzluq edən universitet müəlliminin apellyasiya şikayəti təmin edilməyib
11-08-2018, 11:51
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Vəfa Osmanlının barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, V.Osmanlı və zərərçəkmişlərin apellyasiya şikayətləri təmin edilməyib.
Qeyd edək ki, V.Osmanlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur.
O, vətəndaşlar - Cəlalə Cəbrayılova, Kəminə Cəbrayılova, Solmaz Babayeva, Şalə Hüseynova, Asif Orucəliyev və digərlərinin etibarından sui-istifadə edərək onların, ümumilikdə, 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib.
Cinayət işi üzrə 10 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərin bir qismi müəllim vəzifəsində çalışır.
İstintaq və məhkəmə istintaqı dövründə V.Osmanlının barəsində həbs qətimkan tədbiri seçilməmişdi. O, daha sonra məhkəmə iclaslarından yayındığı üçün həbs edilib.
Məhkəmədə V.Osmanlı özünü qismən təqsirli bildiyini deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan zərərçəkmişlər və V.Osmanlı apellyasiya şikayətləri verib. Onlara dəymiş ziyanın ödənilməsini, məhkum qadın isə barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Xatırladaq ki, V.Osmanlı əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetində tyuitor vəzifəsində çalışıb.