Gürcüstana nəyə görə getməməli... - Oxucumuz yazır...

13-08-2018, 15:34           
Gürcüstana nəyə görə getməməli... - Oxucumuz yazır...
Yay istirahətini qonşu Gürcüstanda keçirən həmvətənlərimizin sayı, həmin ölkənin statistika göstəricilərində qeyd edildiyi kimi, ildən-ilə artır və Azərbaycandan oraya yollanan turistlər müvafiq göstərici üzrə ən yüksək pillədə yer tuturlar. Məlumdur ki, vətəndaşlarımızın bu seçimlərinin başlıca səbəbi bizim yerli istirahət mərkəzlərimizdə qiymətlərin qonşu ölkədəki oxşar məkanlardakından kifayət qədər yüksək olmasıdır və bu acı fakt olaraq qalmaqdadır.

Artıq bir neçə ildir ki, bu səbəbdən yay istirahətini ölkəmizdən kənarda keçirənlərdən biri də mən və həyat yoldaşımdır. Həmin məqsədlə dördüncü dəfə idi ki, dincəlmə yolumuzu Gürcüstana yönləndirmişdik. Haqq naminə deyim ki, əvvəlki üç səfərimdə (bir dəfə Batumi şəhərinə və iki dəfə Sairmə müalicə-istirahət mərkəzinə) oradakı hər cür xidmətdən çox razı qalmışdıq. Ancaq, çox təəssüf ki, Sairmeyə sonuncu səfərimizdə (bu il iyulun 24-dən avqustun 3-dək) əvvəlki illərdə rastlaşdığımız istirahət və müalicə şəraitindən əsər-əlamət görə bilmədik. Məhz, bu barədə bir qədər təfərrüatlı söz açmaq istəyirəm.

Əvvəllər də olduğu kimi, hələ mart ayından Sairme istirahət-müalicə mərkəzi ilə telefon əlaqəsi qurub iki nəfərlik otaq bron etmişdim. Oradan mənə bildirdilər ki, əvvəlki illərdə olduğu kimi bir günlük yataq və yoxlama-müalicə prosedürləri də daxil olmaqla qiymətlər artıq 89 dollar deyil, istirahət mərkəzində aparılmış təmir-rekonstruksiya əməliyyatları ilə əlaqədar olaraq yeni qiymət 150 dolları təşkil edəcəkdir. Necə deyərlər, əlacsızlıqdan bununla razılaşmalı olduq.

Sözləşdiyimi kimi, həyat yoldaşımla birgə iyulun 24-də Sairmeyə vardıq və sonrakı peşmançılığımız da elə həmin andan başladı. Belə ki, yerləşdiyimiz mehmanxana dörd ulduzlu göstərilsə də, heç iki ulduzluya çatacaq səviyyədə deyildi. İkinəfərlik, vur-tut 12 kv. m. –lik otağın 2 kv. m. – sində tək bir nəfərin belə sərbəst davrana bilməyəcəyi vanna-tualet yerləşirdi; internet xidməti olduğu elan olunsa da, əslində yox dərəcəsində idi; yeməkxana ən adi restoran səviyyəsindən də çoz aşağı, yəni, sovet dönəminin ən pis vəziyyətdə olan fəhlə yeməkxanasını xatırladırdı – süfrədəki çörəklər boyat, elan olunmuş məşhur gürcü mətbəxindən əsər-əlamət olmayan menyulardan ibarət! Bundan başqa, həkim müayinəsi qeyd edildiyi kimi, pulsuz olduğu halda, müalicə prosedürlərinə görə əlavə olaraq bizdən bir nəfər üçün 30-40 lari (təxminən 21-30 manat) alırdılar...

Müqayisə üçün qeyd edim ki, bizimlə eyni mehmanxada yerləşdirilmiş qazaxıstanlı turistlərdən öyrəndim ki, onlar 10 günlük müvafiq müayinə-müalicə kursuna görə, nəqliyyat xərcləri də daxil olmaqla, turizm şirkətinə cəmi 1300 dollar ödəmişdilər.Bu məbləğə bütün müainə prosedur xərcləri daxil olmaqla Bizim isə öz vəsaitimiz hesabına oraya gəlməyimizə rəğmən, eyni zaman kəsiyinə 1500 dollar + müainələrə əlavə xərcimiz çıxdı...

Bir faktı da nəzərinizə çatdırım ki, bütün bu iradlarımı Sairme istirahət-müalicə mərkəzinin səlahiyyətli nümayəndələrinə üzbəüz söyləsəm də, hər şeyi qulaqardına ötürdülər...

Əlbəttə, qulaqardına vuracaqdılar sözlərimi, çünki, görünür, sayəmizdə onları həddən ziyadə çox nahaq reklam etmişikmiş...

Nurəddin Yolçiyev,
DİA.AZ-ın oxucus












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.