Güləşçi dostunu öldürərək ağır cəzaya məhkum edildi — BİR QƏTLİN TARİXÇƏSİ
25-08-2018, 11:25
Güləşçi dostunu öldürən şəxs yenidən məhkəmə qarşısına çıxacaq.
“Ölkə.Az”ın məlumatına görə, cinayət məcəlləsinin qəsdən adam öldürmə maddəsiylə ağır cəzaya məhkum olunan Alıyev Loğman Əli oğlunun məhkəmə prosesinə Ali Məhkəmənin hakimi Fərhad Kərimov sədrlik edəcək.
Xatırladaq ki, 2018-ci il martın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Alıyev Loğman Əli oğlu 18 il müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Elçin Tapdıqovla yaxın münasibəti olub, amma sonradan münasibətləri pozulub. Hadisə günü Elçin Tapdıqov maşınla kafenin önündə dayanan Loğman Alıyevin yanından keçib:
“Kafedə oturub pivə içirdim. Yanımda iki tanışım da vardı. Elçin kafenin qabağından keçəndə biz tərəfə baxıb söyüş söydü. Daha əvvəl də aramızda söz-söhbət olub. Mən onu çağırıb söyüşü kimə söydüyünü aydınlaşdırmaq istədim. O, əvvəllər dəfələrlə bizim evdə olub, birlikdə çörək kəsmişik. Amma 2 dəqiqə keçməmiş özü qayıtdı. Ondan söyüş söyməsinin səbəbini soruşmaq istədim. Dedi ki, yaxşı edib söyürəm”.
Loğman Alıyev Elçinin söyüş söydüyünü bəhanə edərək onu çağırıb. E.Tapdıqovu geri çağıraraq məsələyə aydınlıq gətirmək istəyib.
E.Tapdıov geri qayıdıb və onlar təklikdə söhbət edəcəkləri yerə gediblər. Bu zaman Alıyev Loğman Elçinə çoxsaylı bıçaqlar vuraraq onu öldürüb. Məlum olub ki, tərəflər arasında daha əvvəl də problemlər olub və mübahisə ediblər.
“Elçin qayıdanda maşınında başqa adamlar da var idi. Söhbətə başlayanda Elçin yenə də söyüş söyürdü. O da içkili idi. Birinci o, məni vurdu. Sonra da yanında olanlar məni vurmağa başladılar. Başıma o qədər vurdular ki. Mən də bıçağı çıxarıb özümü müdafiə etmək üçün sağa-sola hərəkət etdirdim. Onu öldürmək istəmirdim. Əgər bıçağı çıxarmasaydım, məni öldürəcəkdilər”.
İttihama münasibət bildirən Loğman Alıyev özünü qismən təqdirli bildiyini deyib.