Sevda Sultanova yazır:“Səni deyirlər” – intellektual görünmək kompleksi…

11-09-2018, 07:39           
Sevda Sultanova yazır:“Səni deyirlər” – intellektual görünmək kompleksi…
Sevda SULTANOVA

Mübahisələr səngimişkən, emosiyalar öləzimişkən «Səni deyirlər» mövzusunda bir necə məqamı qeyd edim.

Mahnının, ona rəqs edən güneylilərin sosial şəbəkələrdə aşağılanması bir qism quzeylinin natamamlıq kompleksini bir daha üzə çıxardı.

İntellektual görünmək kimi natamamlıq kompleksini nəzərdə tuturam.

Misalçün, sosial şəbəkələrdə istifadəçi hansısa kitabı oxuması və ya filmə baxması haqda paylaşım edəndə, mütləq sarkastik tərzdə irad bildirən kimsə tapılır: “Bıyy, sən, bu kitabı indi oxuyursan, ya filan filmi indi izləyirsən?”

Yaxud kiminsə yanlışını görəndə bütün bilgilərini ortaya tökdürməyi fürsət bilirlər.

İntellekti, bilgini sərgiləməyin məğzində əksər hallarda eqonun özünü təsdiqə susaması dayanır. Erkin Qədirlinin fikrinə kiçik bir dəyişiklik etsəm, öyrənmək üçün yox, öyünmək üçün oxumaq epidemiyası yayılıb.

Psevdointellektuallıq duyğusu üstələdiyindəndir ki, bizim elmi ədəbiyyatda analitik, ideyalı mətnlər azdır.

“Səni deyirlər”i aşağılayan psevdointellktuallar, adətən, məsələn, klassik musiqini sevməsələr də, özlərini onu sevmiş kimi göstərməyə zorlayırlar. Psevdointellektualların həyatının görünməyən tərəflərini araşdırsan, məlum olar ki, mənəvi dünyalarında əyalət təfəkkürü ağır basır.

Ona görə də Vudi Allen əksər filmlərində çeşidli baxış bucaqlarından, fərqli nəqli texnikalarında intellektə sarkazm, ironik yanaşmalar edir, intellektualların sosial maskasını yırtır, intim kimliyini araşdırır, dəyərlərinin tənəzzül prosesini göstərir.

…Başqa bir məsələ daha var. Dünyada trend olmuş “Gangnam Style” rahatlıqla qəbul olunursa, “Səni deyirlər”i niyə aşağılayırsınız? Zəhmət çəkib onun tərcüməsini tapın, müqayisə edin. Ki, hansının sözləri daha anlamlıdır. Yoxsa, düşünürsünüz ki, “Gangnam Style” sənət meyarlarına cavab verir? Bəlkə “Harlem Shake” yüksək plankanın göstəricisidir və nəsə dərin məna ehtiva edir?

Sadəcə, bizdən fərqli olaraq, başqa ölkələrdə insanlar daha rahatdır, onlar həyatlarına dərin fəlsəfə, anlam yükləmək kompleksindən uzaqdılar. Həyata daha sadə yanaşır, nəhəng şəhərlərin xroniki yorğunluğundan, qayğılarından dincəlmək üçün vasitə kimi baxırlar buna. Və intellektual, Motsartın “Sehirli fleyta”sını sevirik kimi görüntü yapmaq qayğıları yoxdur.

“Səni deyirlər”lə sübut olundu ki, güneylilər bu mənada bizdən rahatdılar, səmimidilər, açıqdılar, azaddırlar. Rəqs aksiyasının motivindən asılı olmayaraq…

…Rəqs aksiyasını geniş, dərin kontekstə soxmaq istəyən, onu xalqın təfəkkür probleminə, düşüncə azadlığının lokallığına bağlayan adamlar da tapıldı. Fikirlərinin təsdiqi üçün, qərb düşüncə məktəbinin simalarını, əsərlərini ortaya tökdülər.

Təfəkkür problemi, düşüncə azadlığının darlığı xalqda yox, məhz, xalqı günahlandıran intellektuallardadır. Qərb filosofları zamanında da, indi də cəmiyyətə əsərləri ilə öz faydasını verir. Siz nə etmisiniz cəmiyyəti irəli apramaq üçün? Hansı əhəmiyyətli fikri, ideyanı, konsepsiyanı irəli sürmüsünüz cəmiyyəti dəyişmək üçün? Traktatı boş verin, barı, Kamyunun “Sizif haqda mif”, Ekonun “Əbədi faşizm”, Rolan Bartın “Müəllifin ölümü” səviyyəsində bir esse yazmısızmı?

Sual budur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.