Banklardan qadınlara qarşı cinsi diskriminasiya: - “Ərinizin xəbəri varmı?”

4-10-2018, 17:46           
Banklardan qadınlara qarşı cinsi diskriminasiya: - “Ərinizin xəbəri varmı?”
Məlum olduğu kimi, son dövrlər banklar kredit verilişini yenidən bərpa etməyə başlayıblar. Buna paralel olaraq, həm biznes , həm də istehlak kreditlərinə tələbat çoxalıb. Lakin əvvəlki illərdə fərqli olaraq, şərtlər daha da sərtləşdirilib və faizlər 23-30 faiz aralığında dəyişir. Yəni, kreditləri heç də sərfəli hesab etmək olmaz. Bununla yanaşı, banklar bugünədək təcrübədə görünməmiş qeyri-adi şərtlər də irəli sürürlər.

Bunlardan biri də, bəzi banklarda kredit götürməyə gələn qadınlara “ərinizin xəbəri varmı”, “ərinizdən razılıq almısınızmı” kimi sualların verilməsidir. Banklar bunu sadəcə bir sual kimi yox, şərt kimi irəli sürürlər. Qadın müştəriyə bildirilir ki, kreditin verilməsi ilə bağlı bankın baş idarəsində onun haqqında araşdırma aparılacaq və bu zaman ərinə zəng edilərək xəbərdar olub-olmadığı, razılıq verib-vermədiyi öyrəniləcək. Əgər qadın ərindən icazəsiz kredit üçün müraciət edibsə, bu zaman bank müştəriyə borc pul verməkdən imtina edəcək. Qeyd edək ki, bu qeyri-rəsmi prosedur bank sektorunda müşahidə edilməkdədir və sosial şəbəkələrdə bu məsələ qadınlar tərəfindən ciddi müzakirə və tənqid hədəfinə çevrilib.
Bəs görəsən, qanun nə deyir? Bankların qadınlara qarşı bu cür cinsi diskriminasiyaya yol verməsi hüquqi baxımdan nə dərəcədə doğrudur?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bu halları kreditin verilməsi qaydalarına zidd hesab edtdi: “Əvvəla, onu qeyd edim ki, banklarda kreditlərin verilməsi qaydaları var. Bu qaydalar vaxtilə Mərkəzi Bank tərəfindən təsdiq olunub. Həmin qaydalarım 4.1.17-ci bəndində deyilir ki, kreditin verilməsi barədə qərar qəbul edərkən bank sifarişin iqtisadi faydasına və onun bankın strateji məqsədlərinə uyğun olmasına əsaslanmalıdır. Bu zaman borcalanların irqi, dini, milliyyəti, dili, cinsi, əqidəsi, siyasi və sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə yol verməməlidir. Buradan görünür ki, banklar qeyd etdiyiniz cinsi ayrı-seçkiliyə yol verə bilməz və prinsipcə, bu, Azərbaycan Konstitusiyasında da qeyd olunub. Həyat yoldaşının razılığına gəlincə, bu da doğru deyil. Hər bir şəxsin bankdan götürdüyü kredit, apardığı bank əməliyyatları və sair bank sirridir, heç kimə verilə bilməz. O cümlədən, əgər qadın banka gəlib kredit almaq istəyirsə, onun razılığı olmadan heç kimdən soruşula bilməz ki, razısan, ya yox”.

Ə.Həsənovun sözlərinə görə, ABŞ-da bu problem 1974 –cü ildə həllini tapıb: “Demokratiya, insan haqları, qadın haqlarına görə öndə gedən ölkə olan ABŞ-da 1974-cü ilə qədər qadın ərinin razılığı olmadan bankdan kredit götürə bilməzdi. Məhz 1974-cü ildə ABŞ-da qanun qəbul edildi və bildirildi ki, ərin imzası olmadan da qadın bankdan kredit götürə bilər. Bu məhz cinsi diskriminasiyaya qarşı idi və gender bərabərliyinin təmin olunması üçün atılan addım sayılırdı. Azərbaycanda isə heç zaman hətta SSRİ vaxtında da belə bir qadağa olmayıb. Bu baxımdan biz Amerikadan daha öncə bu qaydanı tətbiq etmişik ki, qadın ərinin icazəsi olmadan kredit götürə bilər. Buna görə də, bankların atdığı bu addım qanunsuzdur”.

Hüquqşünas vurğuladı ki, bu hərəkət həm də bankların nə qədər savadsız olduğunu göstərir: “ Savadlı bank bunu bir qədərə başqa cür edə bilər, deyə bilər ki, ərinizin zaminliyinə ehtiyac var, əks halda kredit vermirik. Həyat yoldaşı yoxdusa, ata və ya qardaşı zaminə götürə bilər. Təbii ki, bu cür zamin tələbi bankın haqqıdır, burada qanunsuz heç nə yoxdur. Bank belə bir təminat tələb edə bilər. Eyni şəkildə kişi də kredit götürərkən deyilə bilər ki, həyat yoldaşın gəlib sənə zamin dursun. Ancaq həyat yoldaşından icazə al, biz ona zəng edəcəyik - kimi yanaşma qanunsuzdur”.

Ekspert onu da diqqətə çatdırdı ki, bu kimi halla üzləşən qadın bankı ona vurduğu mənəvi zərər görə məhkəməyə verə bilər: “Vətəndaş hətta həmin bankı məhkəməyə verib, ona bu yolla vurulan mənəvi zərərin əvəzini tələb edə bilər. Qadının həmin an keçirdiyi sarsıntı belə mənəvi zərərin tələb edilməsi üçün əsasdır. Bank nə haqla ayrı-seçkilik edir? Məgər kişilər kredit götürərkən, həyat yoldaşının razılığını tələb edirsənmi, arvadına zəng vuracam deyirsənmi? Etmirsənsə, qadınlara qarşı diskriminasiyanın səbəbi nədir? Banklarda kredit götürərkən bu halla qarşılaşan qadınlar məhkəməyə, o cümlədən Maliyyə Bazarlarına Nəzarət Palatasına şikayət edə bilər

Digər tərəfdən, əgər belə bir hal mümkün olsaydı və məndən soruşsaydılar ki, kimi kimdən soruşmaq lazımdır, deyərdim ki, Azərbaycan şəraitində kişilər kredit götürərkən həyat yoldaşına zəng vurmaq lazımdır. Çünki Azərbaycanda qadınlar daha qənaətcil və ailəsində yığımcıldır. Kişilər daha bədxərc olurlar, götürdükləri krediti də bədxərclik edib sonra qaytara bilmirlər. Əlbəttə, bu halda da kredit sirrini pozmaq qanunsuzdur. Lakin əgər bu mümkün olsaydı, kişinin götürdüyü krediti soruşmaq lazım gələrdi”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.