Bakıda yeni layihənin icrasına başlandı

6-07-2019, 19:36           
Bakıda yeni layihənin icrasına başlandı
Xəbər verildiyi ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda yeni layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi Konsepsiyası həyata keçirilir. Bu işlər bu sahədə böyük təcrübəyə malik Böyük Britaniyanın tanınmış Mott MacDonald şirkəti ilə birgə görülür və ilkin olaraq işlərə sinaq kimi Nərimanov rayonunda başlanmışdır.
Artıq iyul ayının 10-dan etibarən Konsepsiyanın əsas mərhələsinin həyata keçirilməsinə start veriləcək. Bununla əlaqədar hazırlıq işləri görülür.
Xarici mütəxəssislərin hazırladıqları layihədə sakinlərlə maarifləndirmə-izahetmə işlərinə böyük yer ayrılıb. Nərimanov rayonunun bütün məhəllə və həyətlərində sakinlərlə maarifləndirici-izahedici görüşlərin keçirilməsinə başlanılıb.
Görüşlərdə Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirak edirlər.
Bildirilib ki, Avropanın əksər dövlətlərində tullantıların çeşidlənməsi işləri aparılır, bu həm təmizlik, ekoloji şəraitin yaxşılaşdırılması və iqtisadi səmərə əldə olunmasına köməklik göstərir. Düzdür bəzi ölkələrdə, o cümlədən Rusiya, Türkiyə, Gürcüstanda buna nail oluna bilinmədi. Lakin sürətlə inkişaf edən ölkəmizdə biz bi işlərə də nail olacağıq və sakinlərimizi fəal olmağa çağırırıq.
Görüşlərdə qeyd olunub ki, rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara yeni, müasir tipli konteynerlər quraşdırılır.
Bu konteynerlər 2 rəngdə - yaşıl və narıncı rəngdədir. Narıncı konteynerə kağız, karton, şüşə, metal və plastik tullantılar, yaşıl konteynerə isə digər tullantılar atılmalıdır. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər paylanılır. Bütün prosses sakinlərə əyani şəkildə izah olunur. Görüşlərdə sakinlərə broşyuralar paylanılır, bloklara, həyətlərə, binalara izahedici reklamlar yapışdırılır, həmçinin mənzillərə də bukletlər çatdırılır. Təbliğat və izahetmə işlərinin KİV-lərdə də aparılmasına başlanılır.
Bu işin görülməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığınızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.
Gələcəkdə bu işlər digər rayonlarda da aparılacaqdır.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.