Balakəndə narkobaron helikopterin müşayiəti ilə tutuldu - TƏFƏRRÜAT
29-08-2020, 16:04
“Xaş-xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun
olaraq Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiyası ilə
məşğul olan şəxslərin tutularaq, məsuliyyətə cəlb edilmələri istiqamətində bir
neçə uğurlu əməliyyat tədbirləri həyata keçirilib. Bu barədə TEREF.AZ-a
Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.
Belə ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları və Daxili Qoşunların
hərbi qulluqçuları tərəfindən birgə keçirilən tədbirlərlə narkobaron saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata
görə, rayonun Mahamalar kənd sakini Kamal Sultanovun yaşadığı evin
həyətyanı sahəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olması barədə
Polis Şöbəsinə əməliyyat məlumatı daxil olub. Polis əməkdaşları və Daxili
Qoşunların hərbi qulluqçuları tərəfindən birgə keçirilən əməliyyat-axtarış
tədbirləri nəticəsində helikopterlə həmin ərazi havadan müşayiət edilən zaman
orada narkotik tərkibli bitkilərin becərilməsinə dair əsaslı şübhələr müəyyən
edilib. Təxirəsalınmaz tədbirlərlə əməliyyat-istintaq qrupu K.Sultanovun
yaşadığı ünvana cəlb edilib və həmin evin həyətyanı sahəsinə baxış keçirilən
zaman bostan bitkilərinin arasında əkib-becərdiyi, ümumi çəkisi 34 kiloqrama
yaxın olan 587, həmçinin dibçəklərdə kultivasiya yolu ilə yetişdirdiyi 7 ədəd
narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırma zamanı həmin şəxsin narkotik vasitəni bir müddət əvvəl becərdiyi,
onlara xüsusi qulluq göstərdiyi və yetişdirib, qurutduqdan sonra isə satmaq
məqsədində olduğu məlum olub.
Qeyd edək ki, Kamal Sultanov rayon ərazisində narkobaron kimi tanınır
və bir neçə dəfə törətdiyi əməllərə görə, cinayət məsuliyyətindən yayınmağa
cəhd edib.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,
K.Sultanov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Balakən Rayon Polis Şöbəsi, Daxili Qoşunlar, Dövlət Sərhəd Xidməti və
Zaqatala Dövlət Təbiət qoruğunun əməkdaşları tərəfindən birgə keçirilən digər
bir tədbir nəticəsində isə rayonun Gərəkli kəndi ərazisindəki meşə massivində
kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilər aşkar edilib.
Həmin əraziyə baxış keçirilən zaman orada xüsusi qulluq göstərilərək
yetişdirilən, ümumi çəkisi 101 kiloqramdan artıq olan 71 ədəd çətənə kolu və
qurutmaq üçün bir neçə yerə sərdikləri, ümumi çəkisi 47 kq 570 qr narkotik
vasitə qurudulmamış marixuana aşkarlanıb. Həmin narkotik vasitəni becərən
şəxslərin aşkar edilərək, cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində
əməliyyat-istintaq tədbirləri davam etdirilir.