Xaçmazda karantin qaydalarını pozaraq dini mərasim keçirənlər saxlanılıb

30-08-2020, 00:54           
Xaçmazda karantin qaydalarını pozaraq dini mərasim keçirənlər saxlanılıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlər, o cümlədən dini ayinlərin keçirilməsi və ictimai və digər yerlərdə şəxslərin 5-10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib, məscidlərin fəaliyyəti dayandırılıb.

Bundan əlavə Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşlara cari ilin avqustun 21-dən başlayan Məhərrəm ayı, o cümlədən "Aşura" günü ilə əlaqədar məscidlərdə, ziyarətgahlarda və digər ibadət yerlərində, eləcə də ayrı-ayrı evlərdə toplaşaraq mərasimlərin keçirilməsinin yolverilməz olduğu və bu məhdudiyyətlərin yalnız əhalinin sağlamlığını qorumaq məqsədi daşıdığı bildirilmişdi.

Buna baxmayaraq təyin olunmuş qaydaları kobud şəkildə pozan vətəndaşlara rast gəlinir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində xidmət aparan zaman dini məclislərin keçirilməməsi ilə əlaqədar edilən xəbərdarlıqlara baxmayaraq rayon ərazisində Eldar Tahirova məxsus fərdi yaşayış evində "Aşura" məclisinin keçirilməsini aşkarlayıblar. Şöbə əməkdaşları tərəfindən məclis dərhal dayandırılıb, ev sahibi və məclisdə olan 14 nəfər şöbəyə gətiriliblər.

Burda onlarla izahedici söhbətlər aparılıb və törətdikləri qayda pozuntusu barədə məlumat verilib.

Karantin qaydalarını pozan ev sahibi Eldar Tahirov və digər 14 nəfər şəxs barəsində qanunauyğun tədbirlər görülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.