Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır
19-10-2021, 15:16

Oktyabr ayının 15-də Prezident İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasındakı çıxışı zamanı bildirib ki, “Azərbaycan qalib ölkə kimi münasibətləri normallaşdırmağa hazırdır, ümidvarıq ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməyəcək”.
Ölkə başçısı öz çıxışında vurğuladı ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu.
Prezident İlham Əliyev hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin xüsusi rolunu qeyd edib.
Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır. Müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Təəssüf ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini təqdim etməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.
Azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Bu ərazilərdəki 67 məsciddən 65-i, Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb ki, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Işğal altındakı ərazilərimizdəki evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb.
Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.
Müharibə və münaqişə tarixdə qalmışdır Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa və Ermənistan ilə sülh sazişinə dair danışıqlara başlamağa hazırdır. Ermənistan rəhbərliyi bu tarixi şansı əldən verməməlidir.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü