Dünyaya nümunə olan əməkdaşlıq münasibətləri
26-09-2023, 16:35
Sentyabrın 25-də Azərbaycan və Türkiyə Prezidentlərinin Naxçıvan şəhərində keçiriən görüşü, imzalanan sənədlər və mətbuata birgə bəyanatları iki dost və qardaş öılə arasında münasibətlərdə yeni səhifə açmışdır. Azərbaycan və Türkiyənin birgə atdığı addımlar bu birliyin, həmrəyliyin əbədi və sarsılmazlığını, iki dost ölkənin daim bir yerdə olduğunu və bundan sonra da olacağını dünyaya çatdırır. Zəngin tarixə malik, biri-biri ilə qırılmaz tellərlə bağlı olan iki dost ölkənin yüksələn xətlə inkişaf edir.
Naxçıvanda keçirilən görüşdə mətbuata bəyanatı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu əlaqələri belə xarakterizə edib: “Prezident seçkilərindən sonra ilk səfərimi iyun ayında Şimali Kipr Türk Respublikası ilə birlikdə Bakıya etmişdim. Bu dəfə sizinlə Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda birlikdə olmaqdan böyük məmnunluq duyuram…Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir”.
Dünya daim bu birliyin fonunda qardaşlığın, dostluğun nümunəsini görür. Tarixi Zəfərimiz əlaqələrimizin daha da möhkəmlənməsində stimulverici amil oldu. Dövlət başçısı İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, qardaş ölkənin 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycana dəstəyindən bəhs etməsin. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan tək deyil” mesajı qardaşlığımızın dünyaya nümayişi oldu. Qardaş ölkə sonadək ölkəmizə mənəvi və siyasi dəstəyini göstərdi, eyni zamanda, tarixi Zəfərimizdən sonra sahibinə qovuşmuş torpaqlarımızda atılan hər bir addımda Azərbaycanın yanındadır.
Türkiyə Prezidentinin yalnız paytaxt Bakımıza deyil, bölgələrimizə səfər etməsi, orada görülən işlərlə yaxından tanış olması, gördüyü inkişafdan, tərəqqidən keçirdiyi xoşbəxtik hissini xüsusi vurğulaması iki qardaş ölkənin Prezidentlərinin şəxsi münasibətlərinin əlaqələrimizin inkişafında oynadığı rola aydınlıq gətirir. Səfər çərçivəsində Prezidentlər Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında və İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Azərbaycan-Türkiyə birliyini daha da möhkəmləndirəcək sənədlər imzalandı. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında yaxın günlərdə Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəyini də bildirdi.
Qeyd edilməlidir ki, Azərbaycan və Türkiyənin birgə həyata keçirdikləri enerji layihələri dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə beynəlxalq miqyas aldı. Bugünün əsas çağırışları sırasında yer alan bərpa olunan enerji mənbələrinə investisiyaların yatırılması məsələsini nəzərə alsaq əminliklə deyə bilərik ki, bu forumun nəticələri uğurlu olacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanın qazı, nefti olmasa da, günəşi var. Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Azərbaycanın sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərindən bəhs etdi və qardaş ölkənin dəstəyini xüsusi vurğuladı: “Əziz qardaşım, bu hadisə baş verəndə Siz Amerikada, Nyu-Yorkda idiniz, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmişdiniz və orada dünyanın ən ali kürsüsündən Azərbaycan dövlətinin maraqlarını ifadə edən bəyanatlar vermişdiniz, ədalətli bəyanatlar vermişdiniz, tamamilə beynəlxalq hüquqa əsaslanmış bəyanatlar vermişdiniz: Qarabağ Azərbaycan torpağıdır. Bu, həm həqiqətdir, eyni zamanda, beynəlxalq hüquqa tam uyğundur. Eyni zamanda, Türkiyə tərəfindən göstərilən növbəti qardaşlıq addımıdır”.
Azərbaycan və Türkiyə daim ədalətin və beynəlxalq hüququn yanındadır. Bütün məsələlərin bu prinsiplər əsasında həllinə səy göstərirlər. Onların müştərək maraqları ondan ibarətdir ki, bölgədə sülh, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Cənab Prezident bu məqamı xüsusi qeyd etdi ki, qardaş ölkənin Azərbaycana həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra göstərdiyi dəstək məhz bu məqsədə çatmaq üçün önəmli amildir.
Azərbaycan və Türkiyə bütün sahələrdə əlaqələrinin yükələn xətlə inkişafında maraqlıdırlar və imzalanan sənədlər də bunu təsdiqləyir. Münasibətlərdə yeni səhifə açan Şuşa Bəyannaməsinin bugünkü əlaqələrimizdə rolu böyükdür. Həmçinin Türkiyədən Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verilməsi, Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması özündə bütün məqamları ehtiva edir.
Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası