Aprel döyüşlərində yaralanan Yaşar Ağayev müalicə olunmaqdadır.
4-04-2017, 20:06
teref.az - Aprel döyüşlərində yaralanmış, müalicəsi davam etdirilən Yaşar Ağayevlə bu günlərdə İsmayıllı şəhərində görüşüb və ondan kiçik müsahibə almışıq. Yaşar Ağayev deyib:
- 2005-ci ildə şəhər 6 saylı tam orta məktəbi bitirmişəm. Həmin ildə də Bakıdakı Olimpiya İdman litseyinə daxil olmuş, boks üzrə yarışlarda müxtəlif mükafatlara layiq görülmüşəm.İdmana həvəsim və meyilim məni həmişəlik Azərbaycan Ordusuna bağlayıb. 2007-ci ildə hərbi xidmətə çağrılmış 2008-ci ildə istəyimlə gizirlik kursuna getmiş, kiçik miçman rütbəsi almış, müxtəlif illərdə ABŞ-da,Pakistanda, Ruminiyada təlim kurslarında olmuşam. 2016-cı il 2-6 aprel döyüşlərində -Böyük qələbəyə gedən hücumda iştirak etmişəm. Fəxr edirəm ki,Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinin icrasında iştirakım olub.
Müharibə qansız-qadasız, şəhidsiz olmur. Neçə-neçə vətən övladı aprel döyüşlərində şəhid olub, ölümə aparan yaralar alıb. Lakin qələbənin başlanğıc yoluna çıxmışıq. Mən də başımdan ağır yara almışam. Minnətdaram dövlətimə,Prezidentimə ki, onların qayğısı sayəsində ölümdən qayıtmışam. 2016-cı il iyul ayında Gülhanə Tibb Akademiyasına müalicəyə göndərilmiş, oktyabr ayında müalicəni davam etdirmək üçün candan artıq sevdiyim Azərbaycana qayıtmışam. İndi İsmayıllıdayam. Hər kəsdən diqqət görürəm. İmkan daxilində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin formalaşmasında iştirak edirəm. Özüm İsmayıllıda fikrim döyüş bölgəsində, ön cəbhədədir. Ümid edirəm ki, sağlacam və yenidən döyüşkən ordumuzun ön sırasında olacağam.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Vətən sağ olsun!
Böyük Qələbə uğrunda uca xalqımıza səfərbərlik arzulayıram.
teref.az
İsmayıllı