Saxarov mükafatı Navalnının qızına veriləcək

4-12-2021, 00:02           
Saxarov mükafatı Navalnının qızına veriləcək
Rusiyanın müxalif lideri Aleksey Navalnı həbsdə olduğuna görə onun layiq görüldüyü Andrey Saxarov adına “Azad düşüncə mükafatı” qızına təqdim ediləcək.

Avropa Parlamentinin təsis etdiyi “Azad düşüncə mükafatı” 1988-ci ildən bəri insan hüquqları və fikir azadlığı uğrunda mübarizəyə görə verilir.

SSRİ dövrünün məşhur dissidenti akademik Andrey Saxarovun adını daşıyan mükafatın fondu 50 min avrodur.

“Azad düşüncə mükafatı”nın 2021-ci il üzrə qalibi Aleksey Navalnıdır.

Avropa Parlamentinin oktyabrın 20-də çıxardığı qərara əsasən, Navalnı bu mükafata azadlıq, demokratiya və insan hüquqları uğrunda mübarizədə göstərdiyi şücaətə görə layiq görülüb.

Dekabrın 15-də Avropa Parlamentində mükafatın Navalnıya təqdim olunması üçün mərasim keçiriləcək.

Novator.az saytı Avropa Parlamentinin rəsmi internet səhifəsinə istinadla xəbər verir ki, Navalnı hələ də həbsxanada cəza çəkdiyi üçün mükafat onun qızı Daryaya təqdim olunacaq.

Tədbirdə Navalnının yaxın tərəfdarı Leonid Volkov da iştirak edəcək.

Aleksey Navalnı 2021-ci il yanvarın 17-dən Rusiyada həbsdədir. O, 2013 və 2014-cü illərdə də həbs cəzalarına məhkum edilib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzaları alıb.

2021-ci ildə sınaq müddəti qaydalarını pozmaqda təqsirli bilinərək 2 il yarımdan çox müddətə azadlıqdan məhrum edilən Navalnıya bir neçə ay sonra Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci (ekstremist icmanın yaradılması və ona rəhbərlik) maddəsi ilə yeni cinayət işi də açılıb. Hazırda bu iş üzrə istintaq gedir.

Həbsdə olduğu dövrdə Rusiyada Navalnının başçılıq etdiyi Korrupsiya ilə Mübarizə Fondu ekstremist fəaliyyətlə və ya terrorla məşğul olan təşkilatlar siyahısına daxil edilib, fondun fəaliyyəti rəsmən dayandırılıb.

Hazırda Aleksey Navalnı Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkir.
Europarl.europa.euшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.