Rusiya, qırıcılarının əsas problemini həll etməyə cəhd göstərir
13-05-2016, 09:49
Kremlin Suriya səması üzərindəki müharibəsi nümayiş etdirdi ki, nə zamansa bərbad vəziyyətə düşmüş Rusiya silahlı qüvvələri, 1990-cı illərin dağıntılarından sonra bərpa olunub.
Hərçənd ki, Rusiya Hərbi Hava Qüvvələri “SU-30CM”, ”SU-34” və “SU-35C” tipli yeni yüksək dəqiqlikli idarəolunan silah və təyyarələrlə qürrələnsə də, ancaq əslində Moskvanın bəzi texniki imkanlarının yetərli olmaması bəlli idi.
Həmin çatışmazlıqlardan biri ”Northrop Grumman” şirkətinin “Litening G4” və ya “Lockheed Martin” şirkətinin “Sniper” tipli “hədəfə tuşlanan konteyner sistemlərinin” Rusiyanın hərbi arsenalında olmamasıdır. Ancaq görünür ki, ”Rostex” və “Dəqiq sistemli cihazqayırma” şirkətlərinin köməyi ilə Rusiya özünün “hədəfgöstərici sistemli asma konteynerini” işləyib hazırlamaqla bu geriqalmanı tezliklə qapayacaq.
Rusiya Hərbi Hava Qüvvələri yeni yerli sistemləri bu ilin sonlarında real şəraitdə sınaqdan çıxarmağa başlayacaq. Rusiya müdafiə müəssisəsinin nümayəndəsi “İzvestiya” qəzetinə müsahibəsində deyib: ”Biz layihə üzərində işləyənlər və hədəf konteyner sisteminin istehsalçıları ilə müştərək iclas keçirdik və məhsulun hazır olma vaxtını razılaşdırdıq. Təsdiq olunmuş plana uyğun olaraq, biz bu ilin sonuna kimi ilk nümunələri sınaqdan çıxaracağıq”.
Rusiyanın “SU-30CM”, ”SU-35C”, ”SU-34” və “MİG-35” tipli müasir təyyarələrində quraşdırılacaq “hədəfgöstərən yeni asma konteynerlər” Qərb nümunələrinin tipik xarakteristik özəlliklərini daşıyır. Burada “GLONASS” peyk tuşlayıcı sistemi, təsvirin formalaşmasının infraqırmızı/elektrooptik sistemi və lazer hədəfgöstəricisi var. Görünür ki, həmin sistemdə ABŞ konteynerlərində olduğu kimi videorabitə xətti də mövcuddur. Amma hələlik Rusiya konteyner sistemlərinin hansı xüsusiyyətlərə malik olması və onların Qərb nümunələri fonunda necə görünəcəyi bəlli deyil.
Onu deyə bilərik ki, Suriyadakı döyüş fəaliyyətlərinin təcrübəsindən sonra, bu cür texnikanın mütləq vacibliyini anlayan Rusiya, yeni hədəfgöstərən konteynerlərin hazırlanmasını sürətləndirib. Rusları, aviazərbələrin dəqiq olmamasında ittiham edirlər. Müəyyən mənada bu, Rusiya HHQ-lərində “hədəfgöstərən konteyner sistemləri”nin yoxluğu ilə izah olunur.
Bu yaxınlaradək Rusiya özünün yerli asma konteynerini yarada bilməmişdi. 2000-ci illərin əvvəlində Moskva “Thales” firmasından “Damocles” konteynerlərinin alınmasına və hətta, fransızlar tərəfindən hazırlanmış aşkarlama cihazlarının lisenziya yolu ilə istehsalına cəhd göstərmişdi. Lakin bu cəhdlər uğursuzluqla nəticələnmişdi. Göstərilən böyük səylərə baxmayraq, Rusiya sənayesi indiyədək bu konteynerlərin yerli ekvivalentini hazırlaya bilməyib.
“İzvestiya” qəzetinin yazdığına görə, Rusiyanın hərbi sənayesi 100 mikrondan da nazik olan pyezoelektrik keramik təbəqənin istehsalında sıçrayış həyata keçirib. Bu isə öz növbəsində hədəfgöstərən konteynerlərin yaradılmasına yol açıb. İlk əvvəl Zelenoqrad Elmi Tədqiqat İnstitutunun hazırladığı “ELPA” adlı bu cür nazik təbəqələrin istehsalında çətinliklər yaşansa da, amma zamanla problemlərin öhdəsindən gəlindi.
Ümumi yekunda isə ”Dəqiq cihazqayırma sistemi” 2015-ci ilin sonunda, hədəfgöstərici asma konteynerin ilk nümunəsini yaradıb. “İzvestiya”nın məlumatına görə, konteynerlərin istehsalına bu ilin yayında başlanacaq.
Hədəfgöstərən konteynerlərlə təchiz olunduqdan sonra Rusiya HHQ-nin təyyarələrindəki sistemlər, ABŞ–ın dördüncü nəsil – “F-15”, ”F-16” və “F/A-18” qırıcı təyyarələrindəki sistemlərlə az və ya çox bərabərləşmək imkanı əldə edə bilər.
(The National İnterest-ABŞ)