İranda etirazçıları dəstəkləyən məşhur aktrisa məhkəmə keçirilənədək sərbəst buraxılıb

5-01-2023, 15:40           
İranda etirazçıları dəstəkləyən məşhur aktrisa məhkəmə keçirilənədək sərbəst buraxılıb
İranın Evin həbsxanasından azad edilən Taraneh Alidoosti-yə gül buketi verilib

İran rəsmiləri hökumətə qarşı keçirilən nümayişlərdə aksiya iştirakçılarını dəstəklədiyi üçün ötən ay həbs edilən məşhur aktrisa Taraneh Alidoosti-ni məhkəmə keçirilənədək sərbəst buraxıb.

Tehranda yerləşən Evin həbsxanasının qarşısında başı açıq şəkildə görüntülənən Alidoosti-ni dostları qarşılayıb.
Sosial media hesabında hicabsız şəkil paylaşaraq ilk dəfə etirazçılardan birinin edam edilməsini qınayan 38 yaşlı aktrisa “təhrikedici məzmun yaydığı” ittihamı ilə həbs edildikdən bir müddət sonra barəsində araşdırma yekunlaşanadək azadlığa buraxılıb.

Bugünədək bir çox iranlı aktyor, musiqiçi və digər məşhur şəxslər etirazçılara dəstək nümayiş etdrib.
Hökumət etirazları xaricdən dəstəklənən “iğtişaşlar” adlandırıb və nümayişçilərə qarşı güc tətbiq edir.

İnsan Haqları Aktivistləri xəbər agentliyinin (HRANA) bildirdiyinə görə bugünədək 70-i uşaq olmaqla, ümumilikdə ən azı 516 aksiya iştirakçısı öldürülüb və 19 mindən çox etirazçı həbs olunub. Agentlik 68 hüquq mühafizə orqanı əməkdaşının da öldüyünü açıqlayıb.

Ötən ay iki etirazçı “Allaha qarşı düşmənlik” ittihamı ilə məhkum edildikdən sonra edam olunub.

İnsan haqları təşkilatları bu qərarları hüquqi baxımdan xəta kimi qiymətləndirib və sərt şəkildə tənqid edib. Onların bildirdiyinə görə, tutulan etirazçılara barələrində səsləndirilən ittihamları etiraf etmələri üçün işgəncələr verilib və öz vəkilləri ilə əlaqə saxlamaqdan məhrum ediliblər.

Alidoosti həbs edilməmişdən bir neçə gün əvvəl, edam olunan ilk etirazçı Mohsen Shekari barəsində verilən edam qərarına qarşı çıxıb və beynəlxalq təşkilatları buna reaksiya verməyə çağırıb.

Milyonlarla izləyicisi olan Instagram hesabı bağlanmamışdan əvvəl Taraneh Alidoosti status paylaşaraq, “bu qətliamı izləyən və insanlıq naminə heç bir tədbir görməyən beynəlxalq təşkilatların səssizliyi utancvericidir” sözlərini yazıb.

Taraneh Alidoosti, İran, etiraz

Noyabrda isə o, sosial media hesabında əlində etirazların əsas şüarı - “Qadın, həyat, azadlıq” yazılmış plakat olan və saçları açıq şəkildə çəkilən fotosunu paylaşıb.

İranın dövlət xəbər agentliyi İRNA Alidoosti-nin “irəli sürdüyü iddialarla bağlı heç bir sübut” təqdim etmədiyi üçün həbs olunduğunu bildirib.

Alidoosti İranın ən uğurlu aktrisalarından biridir. O, 2016-cı ilin Ən Yaxşı Beynəlxalq Uzun Metrajlı film nominasiyası üzrə Akademiya Mükafatına layiq görülən “Satıcı” filmində oynayıb.

Taraneh Alidoosti hüquq mühafizə orqanlarının təzyiqləri nəticəsində öldürülən etirazçıların ailələrinə dəstək vermək məqsədi ilə aktrisa fəaliyyətinə müvəqqəti fasilə verib və nəyin bahasına olursa olsun İranda qalacağını bildirib.

Daha əvvəl də iki iranlı aktrisa Hengameh Ghaziani və Katayoun Riahi noyabrda nümayişləri dəstəklədikləri üçün həbs edilmişdi, lakin bir müddət sonra onlar məhkəməyədək sərbəst buraxılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru