İrana qarşı koalisiya: Azərbaycan qoşulanlar siyahısında olacaq? - GƏLİŞMƏ
1-02-2023, 19:43

Tehrandakı səfirliyimizdə terror aktının törədilməsindən sonra Azərbaycan-İran münasibətlərinin yenidən nəzərdən keçirilməsi müzakirə olunur.
Səfirliyə qarşı terror hücumunun ardından həm dövlət, həm də cəmiyyət tərəfindən İrana sərt təpki göstərildi. Tehrandakı səfirliyin bütün əməkdaşları təxliyyə olundu və səfirlik fəaliyyətini dayandırdı.
Üstəlik, rəsmi Tehranın bütün dünyada terroru maliyyələşdirməsi və nüvə silahı əldə etməyə çalışması da ABŞ və İsrailin cavab tədbirləri görməsinə gətirib çıxarır. Hətta İrana qarşı beynəlxalq koalisiyanın belə yaradıla biləcəyi ehtimalları durmadan artır.
Belə olacağı təqdirdə, Azərbaycanın da bu koalisiyaya qoşulması gündəmə gələ bilər. Lakin burada bir əngəl olduğu iddia olunur. Belə ki, ölkəmizin Qoşulmama Hərəkatının üzvü olduğu üçün İrana qarşı koalisiyaya qoşula bilməyəcəyi deyilir.
Ümumiyyətlə, İranın son addımlarından sonra Azərbaycanın Qoşulmama Hərəkatından çıxması gündəmə gələ bilərmi?
TEREF.AZ-ın məlumatına görə, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev Cebhe.info-ya açıqlamasında bildirib ki, ölkəmizin Qoşulmama Hərəkatından çıxması gündəmdə deyil:
“Azərbaycan hazırda Qoşulmama Hərəkatının sədridir. Hətta müraciətlər olduğu üçün 1 ildən artıq da təşkilata sədrlik edirik. Qoşulmama Hərəkatında Azərbaycanın çox böyük nüfuzu var. Bəzi dövlətlər BMT-də Azərbaycan əleyhinə iş aparanda Qoşulmama Hərəkatının üzvləri ona qarşı çıxırlar. Qoşulmama Hərəkatı çox böyük və nüfuzlu bir təşkilatdır. Düşünürəm ki, Azərbaycan Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında fəaliyyətini davam etdirməlidir”.
Partiya sədri Azərbaycanın Qoşulmama Hərəkatından çıxmağına ehtiyacın olmadığını da diqqətə çatdırıb:
“Azərbaycan indiyə kimi öz ərazisindən İrana qarşı hər hansısa bir əməliyyatın həyata keçirilməsinə və hansısa təhdidə imkan verməyib. Müəyyən vədlər verilsə də, Azərbaycan İrana qarşı heç vaxt mənfi addımlar atmayıb. Amma görünən o oldu ki, İran bütün bunları qiymətləndirmək əvəzinə, düşmənçilik siyasətini davam etdirdi.
Azərbaycan bundan sonrakı mərhələdə İsrail ilə münasibətlərini daha yaxşı saxlamalıdır, nəinki İranla. Əgər İran geri çəkilmirsə, bizim də geri çəkiləcək yerimiz yoxdur. Biz İranla bağlı məsələlərdə qonşu olduğu üçün müəyyən qədər ehtiyatlı davranırdıq. Amma İran düşmənçilik edərək, açıq-aşkar Ermənistanla bir səngərdə dayanır. İndiki halda ABŞ və İsrail İrana qarşı beynəlxalq koalisiya formalaşdırır. Azərbaycan və Türkiyə burada mövqe bildirmək məcburiyyətində qalacaq. Düşünürəm ki, rəsmi Bakı öz maraqlarına uyğun mövqe bildirəcək.
Ümumiyyətlə, Azərbaycanın Qoşulmama Hərəkatına üzv olması bu prosesə əngəl deyil. Çünki koalisiyaya qoşulmağın rəsmi və qeyri-rəsmi forması olur. Yəni Qoşulmama Hərəkatından çıxmağımıza ehtiyac yoxdur. Müəyyən vasitələrlə koalisiyaya dəstək vermək olar. Koalisiyaya qoşulmağın müxtəlif yolları var və o üsullardan hansı məqbul olsa, ondan da istifadə olunacaq”.