Almaniya Rusiyadan tələb etdi: “Ölkədəki dörd baş konsulluğun işini dərhal dayandırın”

1-06-2023, 11:34           
Almaniya Rusiyadan tələb etdi:
Almaniya hökuməti Moskvadan Rusiyanın Almaniyadakı beş baş konsulluğundan dördünün işinin dayandırılmasını tələb edib.

Bu addım Rusiya Federasiyasındakı alman qurumlarının işçilərinin sayının 350 nəfərə endirilməsi qərarına cavab olaraq atılıb.

Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer brifinq zamanı bildirib.

“Rusiyanın Almaniyadakı mövcudluğuna gəlincə, həm kadr, həm də struktur baxımından qarşılıqlı mövcudluq paritetinin qorunub saxlanılması üçün qarşılıqlı əsasda qərar qəbul edilib. Bununla əlaqədar biz Rusiyanın Almaniyadakı beş baş konsulluğundan dördünün fəaliyyətinə verilmiş razılığı geri götürmək qərarına gəldik”, - deyə Kristofer Burqer qeyd edib.

“Rusiya Xarici İşlər Nazirliyi bu barədə məlumatlandırılıb və Rusiyadan Almaniyadakı dörd baş konsulluğun bağlanması prosesinə dərhal başlamaq və ən geci 31 dekabr 2023-cü ilə qədər başa çatdırmaq tələb edilib”, - deyə o əlavə edib.
Almaniya hökuməti, həmçinin Yekaterinburq, Kalininqrad və Novosibirskdəki baş konsulluqların bağlanması barədə qərar qəbul edib.

“Struktur dəyişikliklərinə ehtiyac olacaq. Rusiyanın bizim işçi heyətin ixtisarına dair göstərişlərini yerinə yetirmək üçün Almaniya hökuməti Kalininqrad, Yekaterinburq və Novosibirskdəki Almaniya konsulluqlarını bağlamaq qərarına gəlib”, - deyə Burqer nəzərə çatdırıb. “Onların işi artıq əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb”, - deyə o bildirib.

Kristofer Burqer Rusiyanın Almaniya qurumlarının işçilərini ixtisar etmək qərarını “eskalasiyaya doğru addım” adlandırıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.