Fransadan sonra ABŞ da Nigerdəki səfirlik əməkdaşlarını təxliyə etməyə başlayıb
3-08-2023, 14:23

Nigerin hərbi hakimiyyəti beş qonşu ölkə - Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çad ilə quru və hava sərhədlərini yenidən açıb.
Amerika Birləşmiş Ştatları Nigerdəki səfirliyinin bir qrup əməkdaşını və onların ailə üzvlərini təxliyə edir.
Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Qərar Niger prezidenti Mohamed Bazumun ev dustaqlığına buraxılmasından sonra verilib.
Həmçinin bildirilir ki, diplomatik nümayəndəlik planlaşdırılan görüşləri dayandırır.
Bundan əvvəl Fransa hakimiyyətinin təşkil etdiyi, Nigerdən ilk evakuasiya reysinin Parisə endiyi bildirilmişdi.
Almaniya hökuməti də öz vətəndaşlarına Nigeri tərk etməyi tövsiyə edib. Onlara Fransa vətəndaşlarını çıxaracaq Fransız təyyarələrindən istifadə etmək təklif edilib.
02.08.23, 18:15
Nigerdən fransız vətəndaşlarının təxliyəsi başlanıb. Göyərtəsində 262 fransız və digər ölkələrin vətəndaşları olan A330 təyyarəsi bu gecə yerli vaxtla saat 2:30-da Roissy–Charles-de-Gaulle aeroportuna enib.
Yerli mətbuata müsahibələrində bu insanlar təxliyənin bu qədər tələskən aparılmasından təəccüblənərək, Niamey şəhərində xüsusi gərginlik olmadığını bildiriblər. Qeyd ediblər ki, həmişə olduğu kimi, əhali gündəlik işini davam edir, heç bir təhlükə yoxdur və olacağı da gözlənilmir.
Digər məlumata görə, Nigerin hərbi hakimiyyəti beş qonşu ölkə - Əlcəzair, Burkina Faso, Liviya, Mali və Çad ilə quru və hava sərhədlərini yenidən açıb.
Qeyd edək ki, avqustun 1-də Fransa Xarici İşlər Nazirliyi kommunikesində Niameydə vəziyyətin yaxşı olmadığını, səfirliyə qarşı zorakılıq aktı törədildiyini və hava məkanının bağlandığını bildirərək, vətəndaşlarının təxliyəsinə hazırlaşdığını bəyan etmişdi.
Niameydə Fransanın regiondakı ən iri aviabazası yerləşir. Ölkə ərazisində Almaniya, İtaliya və ABŞ-a məxsus hərbi bazalar da var.
Xatırladaq ki, iyulun 26-da Niger Prezidenti Məhəmməd Bazum və həyat yoldaşı öz mühafizəçiləri tərəfindən saxlanılıb. İyulun 27-nə keçən gecə ölkənin silahlı qüvvələri ölkədəki bütün dövlət qurumlarının işini dayandırıb, komendant saatı tətbiq edib və sərhədləri bağlayıb.
sputnik.az