İsveç Quranın yandırılmasından sonra müsəlman dövlətləri ilə danışıqlara başladı
6-08-2023, 09:44

İsveçin xarici işlər naziri Tobias Billström Qurana qarşı təxribat xarakterli hərəkətlər fonunda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin səfirləri ilə danışıqlar aparıb.
Qaynarinfo xəbər verir ki, tədbir çərçivəsində diplomat Stokholmun bu cür nümayişlərlə bağlı mövqeyini izah edib.
“Etibarı bərpa etmək yavaş bir prosesdir. Mandatımın əhəmiyyətli hissəsini müsəlman ölkələri ilə münasibətlərin qurulmasına həsr edəcəyəm. Mən bu ölkələrə səfər etmək niyyətindəyəm və artıq sentyabr ayında biz onları Nyu-Yorkda BMT Baş Assambleyanın yüksək səviyyəli sessiyası çərçivəsində danışıqlara və dialoqa dəvət edəcəyik”, deyə Billström İƏT səfirləri ilə görüşdən sonra bildirib.
O əlavə edib ki, İsveç hakimiyyəti Qurana qarşı hərəkətləri pisləyir və krallığın bu cür nümayişlərin təşkilinə icazə verən qanunvericiliyinin dəyişdirilməsini nəzərdən keçirməyə hazırdır. Billström səfirlərlə görüşün müsbət məcrada keçdiyini vurğulayıb.
Qeyd edək ki, iyunun 28-də İsveçdə Quranın yandırılması ilə bağlı aksiya keçirilib və bu aksiya İslam dövlətlərinin etirazına və qınağına səbəb olub. Bunu yerli polisin icazəsi ilə İraqdan olan 37 yaşlı Salvan Momika adlı mühacir həyata keçirib.
İslamın əsas dini bayramlarından biri – Qurban bayramında belə aksiyanın keçirilməsi kəskin qınağa səbəb olub. Bundan başqa, İraq və İranda İsveç səfirlikləri yaxınlığında etiraz aksiyaları keçirib, iyulun sonunda Bağdadda nümayişlər krallığın diplomatik nümayəndəliyinin binasına basqınla nəticələnib. Buna baxmayaraq, İsveçdə Quran yenidən və artıq iki dəfə – əvvəlcə iyulun 31-də, sonra isə avqustun 4-də yandırılıb.