Saakaşvilinin silahdaşından şok iddia: “İstanbul terrorçusu bizim adamdır”
2-07-2016, 16:04
Ukraynanın Odessa şəhərinin polis rəisi, gürcü əsilli Georgi Lortkipanidze İstanbulun Atatürk Hava Limanında törədilən terror aktını planlaşdıran Əhməd Çatayevlə bağlı şok iddia irəli sürüb.
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, polis rəisi Çatayevin onların pulla işləyənə xəbərçiləri olduğunu və hökumətə terrorçularla əlaqədar məlumat verdiyini deyib.
Xatırladaq ki, Odessa vilayətinin qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Əhməd Çatayevin bir neçə ay Gürcüstanda həbsdə qaldığını bildirib. Onun sözlərinə görə, Çatayev 2012-ci ildə azad edilib. Saakaşvili qeyd edib ki, Çatayev məhz general Qeorqi Lordkipanidzenin rəhbərliyi ilə keçirilən anti-terror əməliyyatı zamanı həbs edilmişdi.
“2012-ci ildə hakimiyyətə gələn Bidzina İvanişvilinin başçılıq etdiyi yeni hökumət Çatayevi azad etdi. Çünki o, siyasi məhbus hesab edilirdi”, - Saakaşvili qeyd edib.
Bu ilin yanvarında Rusiya Milli terrorçuluğa qarşı Komitə xəbərdarlıq edib ki, Çatayev Rusiya və Avropada terror aktlarının hazırlığı üzrə İŞİD-in xüsusi bölməsinin komandiridir. Məlumata görə, Çatayev (1980) 2008-ci ildən federal axtarışdadır. Hüquq-mühafizə orqanlarının məlumatına görə, o, bir neçə il əvvəl Avropaya mühacirət edib. Çatayev “Qafqaz Əmirliyi” qruplaşmasının lideri Doku Umarovun ölümündən sonra İŞİD-ə qoşulub.
Qeyd edək ki, iyunun 28-də Atatürk Hava Limanında 3 kamikadze tərəfindən törədilən terror aktında 43 nəfər həyatını itirib, 240 nəfər yaralanıb. Türkiyə KİV-i təhlükəsizlik güclərinə istinadən kamikadzelərdən birinin çeçen əsilli Rusiya vətəndaşı Osman Vadinov olduğunu yazıb. Lakin Rusiya Çeçenistanda heç bir zaman Osman Vadinov adında bir adamın yaşamadığını, Əhməd Çatayevin isə Rusiya tərəfindən də axtarıldığını açıqlayıb.