İranın şimalında qəfil toqquşmalar

3-07-2016, 14:34           
İranın şimalında qəfil toqquşmalar
Bu ay kürd döyüşçüləri ilə İranın İslam İnqilab Keşikçiləri Korpusu (Sepah) arasında toqquşmalar baş verib. Hər iki tərəf bir-birini ittiham edib. Ölkənin güclü senzuralı mediası döyüşlər barədə məlumat verib və hökumət qüvvələri tərəfindən tələfat hallarını yanıyıb. Bəs bu toqquşmalar birdən-birə niyə baş verib?

Son iki həftə ərzində İranın şimalında, İraqla sərhəddə davam edən döyüşlər Sepahla İran Kürd Demokratik Partiyasının (İKDP) üzvləri arasında gedir. Hər iki tərəfdən itkilər var. Silahlı toqquşmalar əvvəlcə iyunun 15-16-da İranın Qərbi Azərbaycan əyalətinin Oşnavieh ərazisində, daha sonra isə yaxınlıqdakı Sərvabad, Mahabad və Mərivan regionlarında baş verib.

İyunun 28-də Sepah Sərbabad regionunda 11 kürd üsyançısını öldürdüyünü bəyan edib. Sepah komandiri Mohammad Hossein Rajabi, döyüşlərdə üç əsgərinin öldüyünü bildirib. İran Kürd Demokratik Partiyası isə iddia edir ki, bir neçə döyüşçüsünü itirib. İKDP-nin iddiasına görə Sepahın azı 20 əsgəri öldürülüb. O İran qüvvələrini həftəsonu ərzində sərhədyanı kəndləri atəşə tutmaqda ittiham edib.


İKDP onillərlə İran kürdlərinin müstəqilliyi və haqları uğrunda mübarizə aparıb. Partiyanın İran rejiminə qarşı hərbi əməliyyatları və qarşıdurması 1989-cu ildə partiyanın lideri Abdol Rahman Ghassemlounun öldürülməsindən sonra başlayıb. Ancaq döyüşçülərinin əsas hissəsi şimali İraqda olan İKDP 1997-ci ildən etibarən atəşkəs elan etmişdi.

Mart ayında, Novruz bayramı ərəfəsində İKDP baş katibi Mostafa Hejri kürd gənclərini partiya sıralarına qoşulmağa, birləşərək “şəhərlərdə və dağlarda döyüşməyə” çağırıb. Hejrinin bu bəyanatı İrana qarşı silahlı mübarizəni bərpa etmək çağırışı kimi qəbul edilib.

Ancaq İKDP rəsmiləri bildiriblər ki, partiya daha çox İran daxilindəki kürdlərlə əlaqələrini genişləndirmək və yeni üzvlər cəlb etmək istəyir.

Partiyanın siyasi ofisinin üzvü Rostam Jahangiri ötən həftə Azadlıq Radiosuna deyib ki, “Biz müharibəyə başlamağa çalışmırıq – İslam respublikası ilə müharibə 37 ildir ki, davam edir”. O, İranda İslam inqilabından sonra teokratik rejimin yaranmasından sonrakı dövrü nəzərdə tutub.

Sasseks Universitetinin beynəlxalq münasibətlərdən mühazirə deyən professoruKamran Matin deyir ki, İKDP daha İran kürdlərinin maraqlarını güzəştə getmək istəmir.

“Onlar hesab edirlər ki, artıq onların İran Kürdistanının içərisində bir qüvvə kimi mövcud olmasının vaxtı gəlib çatıb. Vacib olan məqam odur ki, onlar silahlı mübarizəyə başladıqlarını iddia etmirlər. Onlar iddia edirlər ki, sadəcə olaraq qoşunlarını göndəriblər ki, bu ərazidə olsunlar. Ancaq digər tərəfdən, hər hansı bir silahlı qrup İranın ərazisindədirsə onda o İranın təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalacaq”, deyə doktor Matin bildirib.

Stokholmda çalışan jurnalist Saman Rasoulpourun fikrincə isə İKDP-nın liderləri hesab edirlər ki, İran hökumət qüvvələri ilə toqquşma qrupa yeni dəstəkçilər qazandıra bilər. İranın 8 milyonluq kürd əhalisi uzun zamandır ki, ayrıseçkilik, repressiya və siyasi təmsilçiliyin olmamasından şikayət edir.

“Onların gözündə silahlı toqquşma onu göstərir ki, onlar fəaldırlar və hökumət üçün problemlər yarada bilərlər”, deyə o bildirib.

İKDP döyüşçülərinin İran ərazisində fəallığının davam edəcəyi barədə siqnallar verib.

Sepah komandirləri isə bildiriblər ki, onlar “əksinqilabçı qüvvələrlə əlaqədə olan terrorçularla” vuruşublar. Sepah xəbərdar edib ki, o, sərhəd regionunda “hər hansı hərəkəti” ciddi şəkildə izləyir və insanların “davamlı sülh və təhlükəsizliyinin” bu “terrorçular” tərəfindən pozulmasına yol verməyəcək.

Sepahın quru qüvvələrinin komandanı Mohammad Pakpour hətta bildirib ki, İran İKDP-nın İraq Kürdistanındakı mövqelərinə qarşı reydlər də keçirə bilər.

2011-ci ildə İran İraqın şimalındakı başqa bir üsyançı kürd qrupu, Kürdistan Azad Həyat Partiyasının düşərgələrini hədəfə almışdı.

Bəs bu döyüşlərin İran üçün hər hansı ciddi təhlükəsi varmı?

İKDP liderlərinin İran kürdləri arasında güc və dəstəyə malik olması barədə iddialarına baxmayaraq təhlilçilər bu qrupun İran üçün ciddi hərbi təhlükə mənbəyi olduğunu düşünmürlər.

Doktor Matin deyir ki, İKDP hər hansı ərazini zəbt edərək əlində saxlamaq, yaxud da İran qüvvələrini çox böyük itkilərə məruz qoymaq qabiliyyətinə malik deyil. O bunu İranın kürd əhalisinin demoqrafik nisbəti, habelə qrupun az qala 20 il ərzində heç bir hərbi əməliyyatda iştirak etməməsi ilə izah edir. Onun sözlərinə görə İKDP İran hökuməti üçün irimiqyaslı bir problem yarada bilməz.

Bildirilir ki, bu toqquşmalar İranın Suriyadakı hərbi iştirakına təsir etməyəcək.

Kamran Matin deyir ki, Sepah söz verdiyi kimi Şimali İraqdakı İKDP mövqelərinə hücum etsə İraq, Birləşmiş Ştatlar və Türkiyənin reaksiyası maraqlı olacaq. Ancaq, onun sözlərinə görə İraqın kürd partiyaları özlərinin İrandan “strateji asılılığına” görə İKDP-nın İrana qarşı əməliyyatları “uzun müddət ərzində” davam etdirməsinə imkan verməz.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.