KİV: "Britaniya hökuməti miqrantları izləmək üçün onlara bilərzik taxır"
24-08-2023, 11:14

Britaniya hökuməti qayıqlarla La Manş boğazını keçərək Böyük Britaniyaya gələn qanunsuz miqrantlara ştrix-kodlu qolbaq taxmağa başlayıb.
“Report” “Financial Times”a istinadən xəbər verir ki, bu onların harada olduğunu izləmək üçündür.
Nəşrin məlumatına görə, bilərziklər Kent qraflığının cənub-şərqindəki iki qaçqın qəbulu mərkəzində istifadə olunur və ölkənin Daxili İşlər Nazirliyinin sifarişi ilə “The Barcode Warehouse” şirkəti tərəfindən hazırlanıb. Şirkət bilərziklər, müvafiq skan avadanlığı və izləmə üçün proqram təminatı ilə təmin edir. Onlar xəstəxanalara daxil olduqdan sonra Böyük Britaniyanın Milli Səhiyyə Xidmətində pasiyentlərə verilənlərə bənzəyir.
Nəşr xatırladır ki, ötən il bu cür tədbirlər ABŞ-ın Texas ştatının qubernatoru Qreq Ebbot tərəfindən tətbiq edilib. Nyu York səlahiyyətliləri onu ştrix-kodlu bilərziklərdən istifadə etdiyinə görə insanlara heyvan kimi rəftar etməkdə günahlandırıb.
“Financial Times”in məlumatına görə, Böyük Britaniyada krallığa qeyri-qanuni yollarla gələn bütün insanları saxlayacaq infrastruktur yoxdur. Son beş il ərzində krallığa təkcə La Manş boğazı vasitəsilə 100 mindən çox qeyri-qanuni miqrant keçib. Rəsmi rəqəmlərə görə, onların saxlanması Britaniya vergi ödəyicilərinə gündə 6 milyon funt-sterlinqə (7,6 milyon ABŞ dolları) başa gəlir.