Bakıya qaçan erməniyə hücum edildi
12-07-2016, 22:47

Bir müddət əvvəl ailəsi ilə Bakıya sığınan və buradan üçüncü ölkəyə gedən, erməni hüquq müdafiəçisi Vahan Martirosyana Odessada hücum olub.
ANSpress-in məlumatına görə, Odessa vilayətinin Belyayevka qəsəbəsində Vahan Martirosyanı naməlum avtomobillə vurmaq istəyiblər.
“Ağ rəngli, şüşələrinə qara plyonka çəkilmiş “VAZ 2107” aşağı sürətlə arxamca hərəkət edirdi. Sonra sürücü birdən qaza basdı və maşını üstümə sürdü. Mən yoldan kənara tullandım, ayağım zədələndi. Onlar Belyayevka tərəfə getdilər. Mən maşında kimlərin olduğunu aydınlaşdırmağa çalışdım. Qonşumun polisdə işləyən oğlu dedi ki, şəhərdə belə maşın yoxdur və həmin maşının kimə məxsus olduğunu bilmir”.
Erməni hüquq müdafiəçisinin bildirdiyinə görə, o, travmatik tapançadan avtomobilin yük yerinə üç dəfə atəş açıb və bundan sonra “VAZ 2107” sürətlə uzaqlaşıb.
Verdiyi açıqlamda Vahan Martirosyan hazırda hadisəylə bağlı polisdə olduğunu qeyd edib. "İndi polisdəyəm bir azdan sizinlə əlaqə saxlayıb, hadisənin təfərrüatı barədə danışaram",- erməni hüquq müdafiəçisi bildirib.
Vahan Martirosyan Ermənistan hakimiyyətinin təqiblərindən bezərək ailəsi ilə birlikdə Azərbaycana sığınmışdı. Sonradan o, öz arzusu ilə üçüncü ölkəyə getdi.